“Hər birimiz cənab Prezidentin çağırışına qoşulmalıyıq” - Ülvi Quliyev

“Hər birimiz cənab Prezidentin çağırışına qoşulmalıyıq” -
“Azərbaycanda modul tipli üç xəstəxananın istifadəyə verilməsi ölkədə koronavirusla mübarizəni daha da gücləndirəcək, bu sahədə həyata keçirilən işlərin effektini artıracaq”.

Gundeminfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev deyib.

O qeyd edib ki, dünyada pandemiya yayılmağa başladığı dövrdə Azərbaycanda insanların sağlamlığının qorunması üçün bütün tədbirlər görüldü:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məsələni dərhal nəzarətə götürdü, lazımi tədbirlərin gecikdirilmədən həyata keçirilməsi barədə tapşırıqlar verdilər.

Dövlət başçısı pandemiya ilə mübarizə ilə bağlı onlarla sərəncam imzalayıb, büdcədən üç milyard manata yaxın vəsait ayrılıb. Eyni zamanda, əhalinin sosial baxımdan həssas təbəqənin qorunması üçün bütün addımlar atılıb”.

Deputat vurğulayıb ki, pandemiya ilə mübarizədə ən vacib məsələlərdən biri də xəstəxanaların hazır vəziyyətə gətirilməsi və bütün xəstələri qəbul edəcək sayda çarpayı ehtiyatlarının yaradılmasıdır.

Ü.Quliyev bildirib ki, dünyanın bir sıra ölkələri, o cümlədən, Avropanın inkişaf etmiş dövlətləri koronavirus xəstələrini xəstəxanaya qəbul etmək sahəsində ciddi problemlərlə üzləşmişdilər:

“Xəstəxanalarda boş yer qalmamışdı və xəstələri başqa yerlərdə, hətta tibb müəssisələrinin dəhlizində yerləşdirirdilər. Bu da ölüm hallarının artmasına səbəb olurdu. Amma Azərbaycanda indiyə qədər bu sahədə heç bir çətinlik yaranmayıb.

Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünyanın çox nadir ölkələrində belə praktika var. Əksər ölkələrdə xəstəliyi simptomsuz keçirənlər ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Bu da insanların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Bütün bunlar vaxtında atılan addımların müsbət nəticələridir”.

Deputat vurğulayıb ki, birinci mərhələdə Azərbaycanda koronaviruslu xəstələr üçün bir neçə xəstəxana ayrıldı, lazımi avadanlıq və tibbi heyətlə təmin edildi, tam hazır vəziyyətə gətirildi:

“Cənab Prezident koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14,8 milyon manat ayrıldı. Ümumilikdə ölkəmizdə 10 modul tipli xəstəxananın tikintisi planlaşdırılırdı.

Mayın 7-də Bakıda ilk belə xəstəxananın açılışı oldu. İyunun 9-da isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində üç modul tipli xəstəxana komplekslərinin istifadəyə verilməsi mərasimi keçirildi.

Daha altı kompleksin isə bölgələrdə inşa edilərək, istifadəyə verilməsi nəzərdə tutulur. İndiki mərhələdə belə xəstəxanaların tikilməsi böyük əhəmiyyət daşıyır. Çünki koronavirus pandemiyası başa çatmayıb, virus yox olmayıb, hələlik onun vaksini tapılmayıb.

Pandemiyanın nə zamana qədər davam edəcəyini söyləmək mümkün deyil. İstənilən vəziyyətə hazır olmaq lazımdır. Bu hazırlığın ən vacib istiqamətlərindən biri də modul tipli xəstəxanaların tikintisidir”.

Parlamentin Səhiyyə komitəsinin üzvü qeyd edib ki, son günlər ölkəmizdə infeksiyaya yoluxma halları artıb. Onun fikrincə, belə bir vəziyyətdə modul tipli xəstəxanaların istifadəyə verilməsi tam vaxtında atılan addımdır:

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini yüksək qiymətləndirir. Ölkəmizin bu sahədəki təcrübəsi başqa dövlətlər üçün nümunə ola bilər.

Bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və nəzarəti altında həyata keçirilir. Bu isə onu göstərir ki, dövlət başçısı və birinci xanım üçün ən vacibi vətəndaşların sağlamlığıdır. Vətəndaşlar ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə bağlı bütün addımlarını tam dəstəkləyirlər”.

Ü.Quliyev bildirib ki, Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşdə çox mühüm məsələlərə toxunub, Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə, həmrəyliyə görə təşəkkür edib:

“Cənab Prezident vətəndaşları tibbi maskadan istifadəyə, hər kəsi sosial məsafə saxlamağa və şəxsi gigiyenaya fikir verməyə çağırdı. Biz hər birimiz vətəndaş olaraq bu çağırışa qoşulmalıyıq. Çünki bunlar bizim sağlamlığımız üçündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...