Mənəvi terrora aparan yol: - “Qum” fırtınasının yaratdığı “gey” əsintisi

Mənəvi terrora aparan yol: -

Aqillər əbəs yerə deməyiblər ki, “düşmənlərin ən böyüyü, düşmənçiliyini gizlədəndir”. Neçə gündü radikal müxalifətlə radikal dindarların apardıqları “siyasi” müzakirələrdə min illərdir formalaşmış adət-ənənələrimizə yad və ən başlıcası İslami dəyərlərlə daban dabana ziddiyyət təşkil edən mövzu gündəmə gətirilmişdir. Mövzunun özü cəmiyyətimizə o qədər yaddır ki, doğma dilimizdə bu qəbih əməlin adına belə rast gəlmək mümkün deyil. Bəli, ərəb, fars, yaxud avropa dillərində müxtəlif adlarla ifadə olunan bu əmələ mənəviyyat və əxlaqı daim uca tutan Azərbaycan cəmiyyəti hansısa konkret ad da verməmiş, yalnız “üzdəniraq” təşbehi ilə kifayətlənmişdir. Əlbəttə ki, bu yanaşma təkcə dindarlıqla bağlı olmamış, hətta 70 illik sovet əsarəti dönəmində də aktuallığını saxlamışdır. Cünki, istənilən sosial mühitin mənəvi sferasında oynadığı həlledici rolla yanaşı, dini etiqadın izlərinə həm də cəmiyyətin ideoloji baxışlar sisteminin özəyini təşkil edən prinsiplərdə də rast gəlirik.

Di gəl ki, özünü “İslamın bayraqdarı”, “mənəviyyat keşikçisi” kimi təqdim edən, “yad mətbəx”lərdə hazırlanmış “əqidə aşı” ilə bəslənib bir zamanlar dindarları iğtişaşa cəlb etməklə vətəndaşla dövlət orqanlarını qarşı-qarşıya qoymuş Taleh Bağırov bu gün də öz əməlindən çəkinmək istəmir ki, istəmir. Belələri, sanki mütləq əksəriyyəti müsəlman olan Azərbaycan cəmiyyətinə qarşı terroru özləri üçün “müqəddəs vəzifə” sayırlar. Sadəcə bu dəfə fiziki imkanları məhdud olduğu üçün terroru mənəvi müstəviyə keçirirlər. Birmənalı olaraq “ideoloji qida”larını Avropadan alan “Milli Şura”dakı siyasi oyunbazların “gey təəssübkeşliyi”nə özünü dindar, ilahiyyatçı adlandıran, vaxtilə əsassız olaraq “gey parad” hay-küyü salan birinin açıq şəkildə dəstək verməsini gördükdə “Günahlar artdıqca həya azalır” deyimini xatırlamamaq olmur. Riya libasına bürünmüş Taleh Bağırovun İslam əxlaqından, İmam Hüseyn (ə) fədakarlığından dəm vuraraq bir qrup gəncin dini heysiyyətlərindən sui-istifadə etməsi, onları radikal və ekstremist baxışlarla zəhərləməsi azmış kimi indi də kiçik olsa da, formalaşdırdığı təəssübkeş dəstəsi vasitəsilə “üzdəniraq”lığı cəmiyyətdə norma halına salmağa cəhd göstərdiyi açıq aydın sezilir. Axı mənəviyyatımızın, əxlaqımızın qaynağı olan sonuncu səmavi Kitabda aşkar surətdə buyurulmuşdur ki, “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdir: “Sizdən əvvəl aləmlərdən (nə insanlardan, nə də cinlərdən) heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?” (Əraf: 80). Bəs görəsən hər məsələyə Makiavellinin “məqsəd vasitələrə haqq qazandırır” prinsipi ilə yanaşan Taleh Bağırov kimilərinin davranışları onun “İslamçı” libası ilə etdiyi ritorik çıxışların təsiri altına düşmüş gerçək mənəvi dəyərlərə bağlı dindarları düşündürmürmü? Çünki insanın, xüsusilə də dini etiqadı həyat tərzinə çevirmiş şəxslərin ləyaqəti, onun məqsədə çatıb çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. Müsəlmanın, dindarın yolu isə təbii ki, bəllidir. Bu əqidə və əxlaqa əsaslanan ilahi qanun İslam yolu, Peyğəmbər (ə) sünnəsi, İmam Əli (ə) əxlaqı, mənəvi dəyərlər naminə İmam Hüseyn (ə) fədakarlığı, təkcə yaşadığı mühiti deyil, cahanı elm, əxlaq və mənəviyyat nuru ilə nurlandıran İmam Cəfər Sadiq (ə) yoludur.

Bəlkə də çoxlarında sual yarana bilər ki, kimdir axı Taleh Bağırovun ardınca gedən, olsa olsa bir qrup şəxs. Əslində, nəinki, kiçik bir qrupun, bir gəncin belə, mənəvi terrora məruz qalmasına seyrçi qalmaq heç də doğru olmaz.

Başqalarının “üzdəniraqlığı” pərakəndə formada təbliğ etməsi fonunda, din libasına bürünmüş birinin belə təbliğatı aparan təşkilatı açıq-aşkar dəstəkləməsinə əslində İslam dini dəyərlərinə, mənəviyyatımıza və xüsusilə gələcəyimiz olan gəncləri hədəfə alan mənəvi terrordan başqa ad vermək mümkün deyil. Bütün hallarda siyasi ambisiyalarını “İslam libası” ilə pərdələyən, Azərbaycana olan düşmənçiliyini gizlətməyə çalışan Taleh Bağırov kimilərinin yaymağa səy göstərdiyi əqidənin timsalında “Qum” fırtınasının yaratdığı “gey əsintisi”ndən gəncləri hifz etmək üçün heç dərin düşünməyə də gərək yoxdur, sadəcə özünü qoruma instinktinə uyğun davranmaq kifayət edər.
KONKRET.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...