Bütün mürtəce qərarlara biət edən Mətbuat Şurası... - Əli Həsənovdan qalan ritorikadan əl çəkin!!!

Bütün mürtəce qərarlara biət edən Mətbuat Şurası... -
ABŞ ordusu Əfqanıstana, İraqa soxulanda müharibə gedən bölgələrdə yerli və beynəlxalq KİV azad fəaliyyətini davam etdirə bilirdi.
Dünyanın müxtəlif qüvvələri Suriyada müharibə aparanda yenə fərqli qanadlara xidmət edən jurnalistlər müstəqil şəkildə çəkiliş aparırdılar.
Bu, Vyetnam müharibəsində də, Donbas uğrunda savaşda da və başqa münaqişə ocaqlarında da belə olub. Neçə-neçə jurnalistlər öldürülüb, yaralanıb və s.
Lakin heç bir zaman, ən ekstremal şəraitdə azad mətbuatın yazan əlləri, görən gözləri buxovlanmayıb. Dünyada ekstremal jurnalistika deyilən anlayış var və yaxın keçmişimizdə Çingiz Mustafayedən Salatın Əsgərovaya, Fərhad Kərimova qədər adlar çəkmək olar.
Azərbaycan Ermənistanla müharibə vəziyyətində olsa da, faktiki, müharibə getmir və dünyanın bir çox ölkələri kimi biz də pandemiyaya qarşı mübarizə aparırıq.
Azərbaycanda olduğu kimi, bir sıra dövlətlərdə – Türkiyə, Rusiya, Qazaxıstan, müxtəlif Qərb ölkələrində koronavirusun yayılma arealının genişlənməməsi üçün müxtəlif karantinlər tətbiq olunur.
Anaxeber.info məlumat verir ki, amma heç bir ölkədə, ən sərt karantin rejimində belə medianın gəzən ayaqları kəsilmir. Azərbaycanda nə müharibədir, nə fövqəladə vəziyyət elan edilib, nə hərbi şərait var.
Di gəl, Nazirlər Kabineti yanında yarıtmaz Operativ Qərargah qeyri-operativ qərar verir, KİV-in 14 günlük xüsusi karantin dövründə fəaliyyətini koronavirus xəstələrinin vəziyyətinə salır – təngnəfəslik, boğulma…
NK hesab edir ki, jurnalist vəsiqəsi ilə hərəkət etmək kifayət deyil, həm də icaze.gov.az-da qeydiyyatdan keçməlisən. Deməli, KİV ayrıca status daşımır.
Halbuki, tam qanunsuzdur. Çünki jurnalistin peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub. Azərbaycan FV yoxdur!
Lakin belə aydın olur ki, jurnalistlər üçün FV şəraitidir. Bunu isə belə “izah” edirlər ki, kimsə vəziyyətdən sui-istifadə edir, hərə əlində vəsiqə ilə küçəyə çıxır. Araşdırın, tapın, görün qanunu pozan kimlərdir?
Niyə “qurunun oduna yaş yanmalı” və “freelancer” – yəni müstəqil jurnalistlərin hüquqları tapdanmalıdır.
Axı ölkədə xeyli sayda “freelancer” jurnalist fəaliyyətdədir, müxtəlif KİV-lərlə qonorar müqabilində əməkdaşlıq edirlər, onların aqibəti necə olsun? Bu, nə yerli qanunlara, nə beynəlxalq konvensiyalara uyğundur.
Ən dəhşətlisi və fəlakətlisi isə Mətbuat Şurasının bu qanunsuz qərara “yamaq” vurmaq istəməsidir. Nə vaxta qədər Şura anti-media mövqeyində dayanacaq?
Dünənə qədər Ramiz Mehdiyevə, Əli Həsənova biət edən bu qurumun indi “quyruğu qapı arasında” qalıb və bu dəfə baş nazir Əli Əsədova möhtəkirlik edirlər. Onlar üçün fərq etməz, təki xidmət etməyə ağa olsun, hər zaman qulluqdadırlar, jurnalistlərdən başqa…
Mətbuat Şurası və rəhbərliyi bu günə kimi KİV-in əleyhinə olan bütün mürtəce qərarların, addımların yanında olub.
Ona görə təəccüb doğurmamalıdır, karantinlə bağlı absurd qərarda da jurnalistlərin yanında olmadılar.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli nala-mıxa vurub deyir ki, dırnaqarası KİV-ləri fürsətdən istifadə edərək problemlər yaradırdılar.
Görəsən, həmin dırnaqarası saytlar kimlərdir, necə onların dırnaqarası olduğunu müəyyən ediblər? Əli Həsənovdan qalan ritorikadan niyə əl çəkmirsiniz?
Onsuz da MŞ ölü bir qurumdur, rəhbərliyi Vüqar Səfərli və Əli Həsənovun üzərindəki araşdırmalardan sonra gizlənməyə yer axtarır, bu azmış kimi, köhnə leksikondan imtina etmirlər, yenə “qara siyahı”, “reket”, “dırnaqarası” ifadələri gündəmə gəlir.
Axı bu ölkədə reketlərin, qara siyahıların başında kimlərin gəldiyini gördük, bundan sonra danışmağa yenə sözünüz var? Nə üçün bir dəfə azad medianın hüquqlarını müdafiə edə bilmirsiniz?
Bu dərəcədə qanunsuz, pandemiya dövründə qəəb doğuran bir qərara haqq qazandırırsınız, amma konstitusiyanı eşələyib baxmırsınız ki, ölkədə fövqəladə vəziyyət deyilsə, mətbuatın işi niyə məhdudlaşmalı, nə üçün KİV-də ağ-qara fərqi aparılmalıdır? Jurnalistin cinsi, dini, milliyyəti, rəngi olmur, o, hər yerdə jurnalistdir…

Anaxeber.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...