“Prezidentin Nəcməddin Sadıqova qarşı mövqeyi mənfi deyil, amma...”

“Prezidentin Nəcməddin Sadıqova qarşı mövqeyi mənfi deyil, amma...”
Fəzail Ağamalı: “Rusiya döyüşlərin geniş miqyas almasının və bu müharibənin Azərbaycanın xeyrinə həll olunmasının marağında deyil”

...Son günlər Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verən döyüşlər zamanı igid əsgər və zabitlərimizin qəhrəmanlığı hər birimizin qəlbini fərəh hissi ilə doldurdu. Heç bir çağırış olmadan 10 minlərlə insanın Tovuz istiqamətinə, əsgərlərimizə dayaq olmaq məqsədilə yürüş etməsi, Bakıda 5 yüz minə qədər insanın izdihamlı yürüş keçirməsi, on minlərlə insanın döyüşə getmək üçün hərbi komissarlıqlara müraciət etməsi göstərir ki, xalqımız Qarabağ məsələsində öz Prezidentinin yanındadır və bu işğalla heç vaxt barışmayacaq.

“Təzadlar” olaraq biz də Tovuzda baş verən hadisələrin görünən və görünməyən tərəfləri barədə millət vəkili Fəzail Ağamalı ilə söhbət etməli olduq. Fəzail müəllimlə söhbətimiz, onun sədri olduğu Ana Vətən Partiyasının ofisində, karantin rejiminin qaydalarına uyğun olaraq, həm maskada, həm də sosial məsafəni gözləməklə baş tutdu. İnanıram ki, bu söhbətimiz oxucularımız üçün də maraqlı olacaq.

- Fəzail müəllim, məlumat üçün bildirim ki, mən özüm də keçmiş Qarabağ döyüşçüsü olduğumdan, hazırda Tovuz bölgəsində baş verən hadisələr mənim kimi bütün keçmiş döyüşçüləri çox ciddi narahat edir. Ona görə ki, biz keçmiş döyüşçülər müharibənin nə olduğunu bilirik. Bu səbəbdən mən və 1992-93-cü illərdə komandiri olduğum topçu batareyasının 10-a qədər əsgər və zabiti də yenidən döyüşə getmək üçün hərbi komissarlıqlara müraciət etmişik. Ona görə də Tovuzda nə baş verdiyini daha ətraflı bilmək üçün, bir millət vəkili kimi sizin fikirlərinizi bilmək istəyirik. Tovuzda nə baş verir və niyə məhz Tovuzda baş verdi?
- Bu barədə Kütləvi İnformasiya Vasitələrində kifayət qədər əsaslandırılmış çoxsaylı şərhlər və münasibətlər dərc olunur. Mən də iyulun 12-də ermənilərin Tovuz istiqamətində vandal hərəkətlərini şərh edərkən söylədim ki, bu, təsadüfi deyil və bu fikrimdə də qalıram. Bu, bir təxribat və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd və yeni ərazilərin ələ keçirilməsi üçün növbəti bir təcavüzdür. Mən bunu belə qiymətləndirirəm. Artıq 12-dən başlayaraq, 5 gündür davam edən döyüşlər bir az səngiyib. Bu təsadüfi deyil, görünən budur ki, 5 gündür onlar sakitləşmirdilər. Burda onların bir niyyəti var. Niyyətləri də odur ki, orada bir yüksəklik var və onu ələ keçirmək istəyirlər. Əgər o yüksəkliyi ələ keçirə bilsəydilər, çox ciddi strateji üstünlük qazana bilərdilər. Bu isə, bir tərəfdən Türkiyə vasitəsilə Avropaya gedən neft və qaz kəmərlərinə təhlükə yarada bilərdi, digər tərəfdən ermənilər həmin yüksəklikdən neft və qaz kəmərlərinə, o cümlədən Tovuzun kəndlərinə ciddi təhlükə yarada bilərdilər. Bundan əlavə, Şərqlə Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmir yoluna nəzarət də ermənilərin əlinə keçə bilərdi.
Ona görə də 5 gün dayanmadan döyüşlər getdi. Çox təəssüf ki, bu döyüşlərdə əsgərlərimizlə yanaşı general və yüksək çinli zabitlərimizi də itirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Generalımız da çox igid və qəhrəman insan idi, Allah ona rəhmət eləsin. Ordumuz üçün bu çox böyük itki oldu. Şəhid olan polkovnik İlqar Mirzəyev, digər mayor və kapitanlar da çox bacarıqlı mütəxəssislər idilər. Bu zabitlər 2016-cı ilin Aprel döyüşlərindən şərəflə çıxmışdılar. Təbii ki, bu, müharibədir və müharibə itkisiz olmur. Amma təskinliyimiz ondadır ki, bu qəhrəmanlarımızın qisasını ermənilərdən 10 qat artıq aldıq. Ermənilərin 100-dən yuxarı canlı qüvvəsini, hərbi texnikalarını, əsgər kazarmalarını, döyüş məntəqələrini, yollarını, hərbi maşınlarını, səngərlərini, kommunikasiya qurğularını, Berd rayonundakı sovetdən qalma aerodromunu da məhv etmişik. Ermənilərə biz çox böyük zərbə vurmuşuq. Bütün bunlara baxmayaraq, ermənilər öz təcavüzkar niyyətlərindən əl çəkmək istəmirlər. Onların niyyəti Ermənistanla Azərbaycan sərhəddində təxribat törətməklə Kollektiv Müqavilə Təşkilatının üzvlərini bu işə cəlb etmək idi. Amma onlar yanıldılar. Çünki Azərbaycanın bu təşkilatın üzvü olmasa da, oraya üzv olan respublikalarla çox yaxın və səmimi münasibətləri var.

“Rusiya döyüşlərin geniş miqyas almasının və bu müharibənin Azərbaycanın xeyrinə həll olunmasının marağında deyil”

Təşkilatın üzvü olan Belarusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan birmənalı olaraq həmişə Azərbaycanın yanında olublar və ərazi bütövlüyümüzü dəstəkləyiblər. Rusiya bizimlə yaxın dövlət olsa da, onun da öz maraqları və geopolitik hədəfləri var. Rusiya döyüşlərin geniş miqyas almasının və bu müharibənin Azərbaycanın xeyrinə həll olunmasının marağında deyil. Təbii ki, ermənilər bu baxımdan öz niyyətlərinə çatmadılar və Kollektiv Müqavilə Təşkilatının üzvlərini bu döyüşlərə cəlb edə bilmədilər. Beləliklə Ermənistan qarşıya qoduğu hədəflərə çatmadı, əksinə böyük zərbə aldı.

- Bildiyimiz kimi, hal-hazırda həm karantin rejimi dövrüdür, həm də bir sıra iqtisadi çətinliklər var, bir çox insanlar çətinliklə banklara kredit ödəyirlər. Belə bir fonda Tovuzda açılan bir atəş kifayət etdi ki, xalq ayağa qalxsın. 10 minlərlə insan əsgərlərimizə dayaq olmaq üçün Tovuza yürüş etdilər. Bakının “Azadlıq” meydanında yarım milyonluq mitinq və oradan Şəhidlər Xiyabanına izdihamlı yürüş oldu. Bunlar nədən xəbər verir? Bu, onu göstərirmi ki, xalqın vətənpərvərlik ruhunu heç bir iqtisadi çətinlik qıra bilməz. Yoxsa başqa amillər var?
- Tovuz döyüşləri göstərdi ki, xalqımız düşmənə bir santimetr də olsun, torpağını güzəştə getmək düşüncəsində deyil. Xalqımız işğal olunmuş ərazilərimizin azad olunması üçün bütün varlığı, ruhu, düşüncəsi ilə milli ordumuzun yanındadır, dövlətimizlə bərabərdir. Ali Baş Komandanın əmrini gözləyir ki, bir nəfər kimi silahlanıb erməni silahlılarının üzərinə getsinlər. Bu, həm də cəmiyyətimizin gücünü göstərdi. Eyni zamanda xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunun qabarıq nümunəsidir. Mən sizinlə şərikən ki, doğurudan da döyüşlərin ikinci, üçüncü günü xalqımızın əsgərlərimizə dayaq olmaq məqsədilə Tovuza çox böyük axını oldu. Azərbaycanın digər rayon və şəhərlərində də ordumuza dayaq aksiyaları keçirildi.

“Azərbaycan xalqı bütünlüklə ayağa qalxdı və iradəsini ortaya qoyaraq, ordumuzla bərabər və döyüşə hazır olduğunu göstərdi...”

Xüsusilə Bakıda, Sumqayıtda, Xırdalanda və digər bölgələrimizdə izdihamlı yürüşlər keçirildi. Şəhidlərimizin dəfni çox böyük izdiham və coşqu ilə keçirildi. Demək olar, Azərbaycan xalqı bütünlüklə ayağa qalxdı və iradəsini ortaya qoyaraq, ordumuzla bərabər və döyüşə hazır olduğunu göstərdi. Baxın, yüz minlərlə insan “Azadlıq” meydanına toplaşaraq, oradan çox uzun bir yolu piyada Şəhidlər Xiyabanına gəlib orada tökülən qanın qisasını düşməndən alacaqları barədə şəhidlərimizin ruhuna and içdilər. Bu izdihamlı yürüşlər çox vacib bir məqamı da üzə çıxardı. Məlum oldu ki, nəinki döyüş görmüş, erməni vandalizminin şahidi olmuş yaşlı və orta nəsildə, hətta yeni gənc nəsildə də vətənpərvərlik ruhu çox yüksəkdir. Belə gəncliyi olan xalq heç vaxt məğlub olmaz. Bu yürüşlər ermənilərə və dünyaya bir mesaj oldu ki, xalqımız istənilən anda ordumuzun, dövlətimizin arxasındadır. Ermənistan rəhbərləri və siyasi şəxsləri Azərbaycan xalqının elə mütəşəkkil şəkildə ayağa qalxmasından və hər zaman döyüşə hazır olmağından çox ciddi narahat olublar. Xalqın belə mütəşəkkilliyi və Tovuz döyüşlərində aldığı böyük zərbələr, erməniləri ciddi düşünməyə məcbur etdi ki, bu xalqın ərazisini uzun müddət işğalda saxlamaq mümkün olmayacaq.

- Fəzail müəllim, xalqın belə bütöv şəkildə ayağa qalxması barədə sizin iki məqama aydınlıq gətirməyinizi istəyirəm. Birincisi, Tovuz döyüşləri başlayan kimi Bakıda və bölgələrdə xalqımızın ayağa qalxmasını dünyaya bir mesaj kimi qəbul etmək olarmı ki, çətin məqamlarda xalq öz dövlətinin və onun rəhbəri olan Prezidentinin, ordusunun yanındadır? İkinci məqam isə odur ki, Bakıdakı ordumuza dəstək aksiyasının sonunda bir qrup təxribatçı qüvvələrin Milli Məclisin binasına daxil olaraq qanunsuz hərəkətlərə yol verməsidir. Necə bilirsiniz, bu təxribat xalqımızın Prezident və orduyla bir olduğunu görüb, narahat olan “5-ci kalon” deyilən qüvvələrin işidir, yoxsa başqa amillər var?
- Əlbəttə, xalqımızın Tovuzda döyüşlər başlayan kimi ayağa qalxıb Prezident və orduyla bir olduğunu nümayiş etdirməsi, Ermənistana, həmçinin dünyaya real və virtual aləmdə çox ciddi bir mesajdır. Onlar əyani şəkildə gördülər ki, Azərbaycan xalqının döyüş əzmi qırılmayıb, vətənpərvərlik ruhu da çox yüksəkdir. Düşmənlərimiz gənclərimizin beynini müxtəli layihələrlə nə qədər yumağa çalışsalar da, Qarabağı yaddaşlardan silmək üçün çox ciddi çabalar göstərsələr də, Tovuzda başlayan bircə döyüş və xalqımızın buna dərhal reaksiya verməsi göstərdi ki, düşmənlərimiz istədiklərinə nail ola bilməyiblər. Bu hadisələrdən həm düşmənlərimiz, həm onları müdafiə edən beynəlxalq təşkilatlar, həm də Minski qrupunun həmsədrləri çox ciddi narahat olmağa başlayıblar. Bir məqamı da vurğulamaq istəyirəm. Prezident cənab İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən bəri formalaşdırdığı və Azərbaycanın özünün istehsal və xaricdən alınmış ən müasir silahlarla silahlanmış ordumuz, son döyüşlərdə xalqımızın və Prezidentimizin etimadını doğrultdu. Bir daha məlum oldu ki, ordumuza göstərilən diqqət və qayğı, onun silahlanmasına sərf olunan külli miqdarda vəsait hədər yerə getməyib. Hazırda bizim ordumuz dünyanın 50 ən yaxşı ordularından biridir. Yadınıza gəlirsə, 1989-cu ildə dünyada “İlin xalqı” elan olundu. O dövrdə Sovet İttifaqının çökməsində xalqımızın izdihamlı mitinqlərinin böyük və ciddi əhəmiyyəti oldu. Həmin xalq 30 il keçməsinə baxmayaraq, bu gün yenə də ayaqdadır. Xalqımızın bu aksiyaları dünyanın beyin mərkəzləri tərəfindən çox ciddi təhlil olunmaqdadır. Bu aksiyalar həm də onu göstərdi ki, biz türksoylu xalq olaraq, dünya tarixində böyük imperiyalar yaratmış, qədim dövlətçilik ənənəsi olan ulu babalarımızın varisləriyik. Tarixdə indiyə qədər 115 dövlət yaratmış bir türk dilli xalqıq. Yada salaq: Osmanlı imperiyasını, Səfəvilər imperiyasını yaradanlarıq. Hələ ondan əvvəlkiləri demirəm...

- Üzr istəyirəm, Uzun Həsənin yaratdığı imperiyanı da bura əlavə edək.
- Bəli, Ağqoyunlu, Qaraqoyunlu dövlətimiz olub. Ancaq mən imperiyanı deyirəm.

- Fəzail müəllim, Ağqoyunlu dövlətinin rəhbəri Uzun Həsən də Qaraqoyunlu dövlətini və bir neçə qonşu dövlətləri də işğal edərək İmperiya yaratmışdır.
- Bəli, bəli, bunlar tarixi həqiqətlərdir və biz belə imperiya və dövlətlər yaratmış oğulların genetik kodunun daşıyıcılarıyıq. Bunu erməni, də onun arxasında duran havadarları da bilməlidir. Onu da qeyd edək ki, cənab Prezidentin ən yüksək tribunalarda etdiyi vətənpərvər çıxışları gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Bu, bir həqiqətdir.

“Bütün beynəlxalq görüşlərdə Prezident cənab İlham Əliyev tarixi həqiqətləri qətiyyərlə, çəkinmədən ortaya qoyaraq sübut edir ki, nəinki Qarabağ, hətta Ermənistan dövlətinin yerləşdiyi indiki ərazi qədim Azərbaycan torpağıdır...”

Ölkə prezidentinin beynəlxalq debatlarda Ermənistanın baş naziri Nikol Paşinyanı tarixi və sanballı arqumentlərlə rəzil etməsi, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində misilsiz rol oynayır. Bu, bir həqiqətdir və bunu açıq demək lazımdır. Bütün beynəlxalq görüşlərdə Prezident cənab İlham Əliyev tarixi həqiqətləri qətiyyərlə, çəkinmədən ortaya qoyaraq sübut edir ki, nəinki Qarabağ, hətta Ermənistan dövlətinin yerləşdiyi indiki ərazi qədim Azərbaycan torpağıdır. Sübut edir ki, Qarabağda heç zaman erməni olmayıb və bu ərazilər, həm də İrəvan və Zəngəzur qədim türklərin məskəni olub. Açıq etiraf etmək lazımdır ki, beynəlxalq platformalarda belə qətiyyətli çıxış etmək asan məsələ deyil. Ancaq Prezidentimiz çəkinmədən, qətiyyətlə bu çıxışları edir və həmin ərazilərə iddiamızı ortaya qoyur. Həmin ərazilərdə aborigen millət bizik, ermənilər ora sonradan gəlmədilər. Bu çıxışlar cəmiyyətimizi stimullaşdırır, onların vətənpərlik ruhunu daha da qaldırır. Bütün bunların kökündə həm də o dayanır ki, Prezidentimiz çox vətənpərvər insandır, qorxmazdır, qətiyyətlidir və təpədən dırnağa qədər, bütün varlığı, ruhu ilə Vətənə, xalqa bağlıdır. Prezidentimizin belə qətiyyətli olması, müstəqil siyasət yürütməsi böyük dövlətləri və beynəlxalq güc mərkəzlərini ciddi narahat edir. Onlar fikirləşirlər ki, necə yəni kiçik bir dövlət belə müstəqil siyasət yürüdür? Bu da anti-azərbaycançı qüvvələrin formalaşmasına səbəb olur və xalqımıza, dövlətimizə qarşı təxribatçı qüvvələr yetişdirirlər. Bunların ən hərəkətverici qüvvəsi erməni diasporu və erməni lobbisidir. Onlar müəyyən pulların müqabilində yaşadıqları dövlətdə vəzifəli adamları, deputatları, alimləri, jurnalistləri, televiziya işçilərini, müğənniləri, ictimai xadimləri, Qeyri Hökumət Təşkilatlarını bizim əleyhimizə formalaşdıra biliblər. Erməni lobbisi anti-azərbaycançı qüvvələrin kordinatoru rolunda oynayır. Çox təəssüf ki, milli satqınlar da pula, vara, dövlətə mənliyini, şəxsiyyətini qurban verənlər, öz şərəfini itirənlər, özləri xaricdə olsa da, burada olan qohum-əqrabasının şərəf və ləyaqətini düşünməyənlər də erməni lobbisinin təsiri altındadırlar. Eyni zamanda Azərbaycanda “5-ci kalon” deyilən qüvvə həqiqətən də var. Onlar ayrı-ayrı dövlətlərin Azərbaycanda yaratmış olduğu agentura şəbəkəsidir. Azərbaycanda gedən proseslərə onlar nəzarət edirlər, bəzən də müəyyən təsirlər edə bilirlər. Hətta onlar öz adamlarını ən yüksək vəzifələrə belə təyin etməyi bacarırlar. Məsələn, qonşu İran dövlətinin Azərbaycanda yaratmış olduğu radikal, islamçı qüvvələr var. Aksiya zamanı Milli Məclisə daxil olan qüvvələrin içərisində heç yeri olmasa da, “Allahü-Əkbər” deyib qışqıran insanlar həmin qüvvələrin tərkib hissəsidir. Bax həmin təxribata yol verənlər “5-ci kalon”un bu kimi üzvləri oldu. Məhz onlar Milli Məclisin qapılarını sındırdılar, çil-çıraqlarını yerə saldılar, sütunları dağıdıblar, üçüncü mərtəbədə qapıları, pəncərələri sındırıblar. Nə ehtiyac var idi buna? Burada məqsəd xalqımızın vətənpərvərlik ruhunda olan nəcib aksiyasına ləkə vurmaq, gözdən salmaq idi. Düşünürəm ki, onlar istəklərinə nail ola bilmədilər. Çünki onlar çox deyildilər. Bu barədə dövlətimiz lazımi addımlar atır və artıq təxribatçılar hüquq-mühafizə və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkar edilərək istintaqa cəlb edilib və barələrində cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb. Onların adları və şəkilləri artıq cəmiyyətimizə məlumdur. Buna görə həm Dövlət Təhlükəsizlik Xidmətinin, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirik ki, bu təxribatçı qüvvələri operativ şəkildə taparaq cinayət məsuliyyətinə cəlb ediblər. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bildirdi ki, bu “5-ci kalon”un kökünü Azərbaycanda birdəfəlik kəsəcəyik. Ölkə Prezidentinə kömək məqsədilə hamımız, o cümlədən Kütləvi İnformasiya Vasitələri də “5-ci kalon”la mübarizədə fəal olmalıdır.

- Fəzail müəllim, təbii ki, Siz də sosial şəbəkələri izləyirsiz və Nəcməddin Sadıqov haqqında səslənən iddihamları oxuyursunuz. Sosial şəbəkələrdə deyilənlərin hamısını Quran ayəsi kimi də qəbul etmirik. Amma əksəriyyətin Müdafiə Nazirliyinin qərargah rəisi Nəcməddin Sadıqovun barəsində söylədiyi çoxsaylı fikirləri düşünməyə vadar edir. Elə Milli Məclisin önündə keçirilən ordumuza dəstək aksiyasında da “Nəcməddin istefa” şüarları səslənirdi. Bir də müharibə qanunlarına görə, bir qardaşın düşmən ölkədə yerləşən Rusiya diviziyasının rəhbərliyində, digər qardaşın isə o biri dövlətin Müdafiə Nazirliyində qərargah rəisi olması nə dərəcədə məntiqlidir? Yəni, Nəcməddin Sadıqovun qardaşının Ermənistanda ordu rəhbərliyində olmasını xalqımız qəbul edə bilmir və bu da onun barəsində müxtəlif şübhələrə yol açır. Nəcməddin Sadıqov barədə Sizin də fikrinizi bilmək istəyirik.
- Nəcməddin Sadıqov haqqında birmənalı fikir yoxdur. Sizin dediyiniz ittihamları mən də eşitmişəm. Amma onun xeyrinə olan məqamları da oxuyuram. Məsələn, bu yaxınlarda Nəcməddin Sadıqovla vaxtilə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə bir yerdə olmuş döyüşçünün, onun haqqında xoş sözlərini oxudum. N.Sadıqovun Surət Hüseynova, Sərdar Həmidova qarşı dövlətçilik baxımından mübarizə aparması söylənilir. Belə düşünürəm ki, bizdən daha çox, daha dəqiq məlumatları ölkə Prezidenti daha yaxşı bilir. Bu gün ölkə Prezidentinin Nəcməddin Sadıqova qarşı mövqeyi mənfi deyil. Təzəlikcə keçirilən videokonfans formatında olan müşavirədə bir çox nazirlərlə yanaşı Müldafiə Nazirliyində qərargah rəisinin də iş başında olduğunu qeyd elədi. Nəcməddin Sadıqovu gözdən salmaq üçün qərəzli məlumatlar da ola bilər. Amma mümkündür ki, bu, həqiqəti əks etdirməsin. Çünki əlimdə faktım, arqumentim yoxdur.
Ona görə də Nəcməddin Sadıqov haqqında dəqiq fikir söyləyə bilmərəm. Bir onu dəqiq bilirəm ki, bu adam bacarıqsız olsaydı Azərbaycan dövlətinə deyil, Rusiyaya işləsəydi orada otura bilməzdi. Mənim qənaətim belədir. Qaldı onun qardaşının Ermənistandakı Rusiyanın 102-ci diviziyasının rəhbərliyində olması, bu, başadüşüləndir. Çünki Nəcməddin Sadıqovun qardaşı Rusiya vətəndaşıdır və Rusiya diviziyasının da harada yerləşməsindən asılı olmayaraq, bir hərbçi kimi orada olması təbiidir. Bildiyim qədər Nəcməddin Sadıqov Dağıstan kökənlidir və soyunda azərbaycanlılıq da var. İndi bir qardaşın düşmənimiz olan bir ölkədəki Rusiya ordusunda, digər qardaşın da Azərbaycan ordusunda xidmət etməsində uyğunluq axtarmaq lazım deyil. Onlar hər biri müstəqil insanlardır və hərəsinin öz müstəqil düşüncəsi var. Bir ata-ananın övladlarının fərqli düşüncə sahiblərinə malik olmaları barədə çoxsaylı misallar gətirmək olar. Bir sözlə, bu gün mənim Nəcməddin Sadıqov haqqında mənfi fikir söyləməyə əsasım yoxdur.

- Fəzail müəllim, Qarabağ barədə sonuncu sualımı vermək istəyirəm. Tovuz döyüşləri bildiyiniz kimi Ermənistanla sərhəddə baş verib. Ermənilər bu günlərdə Naxçıvan və Tərtər istiqamətində də bir qədər fəallaşıb, atəşkəsi pozdular və əsgərlərimiz tərəfdən layiqli cavablarını aldılar. Bilmək istərdik, niyə ordumuz öz ərazimiz olan Qarabağda geniş miqyaslı döyüşlərə başlayaraq ermənilərin digər cəbhə bölgəsindəki güclərini zəiflətməklə, işğal altındakı torpaqlarımızı geri almır?
- Mən də bu arzu və istəkdəyəm ki, Qarabağda geniş miqyaslı əməliyyatlara başlayaq. Amma ölkə Prezidentinin sonuncu müşavirədə dediyi fikirlər məni də düşünməyə vadar etdi ki, bu barədə nəyi, nə zaman və necə olacağı haqqında konkret fikrimiz var. Bunu ölkə Prezidenti, Ali Baş Komandan səviyyəsində deyirsə, biz bununla razılaşmalıyıq. Deməli, biz hələ Tovuzda döyüşməliyik. Amma ölkə Prezidenti deyib və bilirik ki, bu müharibə geci-tezi lokallıqdan çıxıb, geniş miqyas alacaq. Buna şübhə yoxdur. Bəlkə də ermənilərin məkrli niyyətlərindən biri də odur ki, Azərbaycan döyüşün miqyasını genişləndirsin və Qarabağa sıçrasın. Onda mən düşünmürəm ki, ölkə sakit dayanacaq. Amma tezliklə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olunacaq və Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Buna mənim heç bir şübhəm yoxdur.

- Fəzail müəllim, Tovuz döyüşləri və Qarabağla əlaqəli geniş və əhatəli məlumat verdiyinizə görə Sizə təşəkkür edirəm.
- Mən də Sizə, qəzetinizin kollektivinə, yaxın dostum olan qəzetin baş redaktoru Asif Mərziliyə təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, qəzetinizi izləyirəm və Sizlərə hörmət və sayğılarım var.

- Çox sağ olun!

Söhbətləşdi:
Elçin MƏMMƏDLİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...