Müxalifətdə yenə toz-dumana qarışıb: İqtidara satılan kimdir?

Müxalifətdə yenə toz-dumana qarışıb:


Azərbaycanda yeni siyasi şərait yaranıb. İcra başçılarının və digər yüksək rütbəli məmurların ard-arda həbsi müxalifət düşərgəsində canlanmaya səbəb olub. Əks düşərgə təmsilçiləri arasında dəyişikliklərə ümid edənlərin sayı sürətlə artmaqdadır.

Yenisabah.az xatırladır ki, Azərbaycan müxalifəti monolit siyasi qüvvə hesab olunmur. İqtidar əleyhdarlarının ötən əsrin 90-cı illərindən müasir dövrə daşıdıqları intriqalar onların vahid komandada birləşməsini mümkünsüz edib. Bu isə özlüyündə hakimiyyətə qarşı mübarizəni effektsiz edib, düşərgədə məyusluq yaradıb, minlərlə fəalın mübarizdən uzaq düşməsinə səbəb olub.

Siyasi müşahidəçilər Azərbaycan müxalifətinin “uğursuzluq zolağı”ndan çıxa bilməməsini həm də daxili intriqalarla əlaqələndirirlər. Onların qənaətinə görə, “müxalifətin lideri” olmaq uğrunda amansız savaş hakimiyyət əleyhdarlarını əsas hədəfdən yayındırıb. Mövcud siyasi şəraitin “memarı” AXCP sədri Əli Kərimli hesab olunur. Təkcə vaxtilə eyni siyasi düşərgədə olduqları Fazil Qəzənfəroğlu, Qüdrət Həəsnquliyev, Asim Mollazadə ilə yanaşı, həm də İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əvəz Temirxan, Əli Əliyev kimi müxalif partiya sədrləri də vaxtaşırı Əli Kərimlini müxalifətin birliyini əngəlləməkdə günahlandırıblar. Müşahidəçilər Milli Şuradan qopmaları da bu amillə izah edirlər.

Qeyd edək ki, AXCP funksionerlərinin açıq konfliktdə olduğu siyasi təşkilatlardan biri də REAL Partiyasıdır. REAL sədri İlqar Məmmədov və tərəfdarları həmişə cəbhəçilərin hədəfində olublar. AXCP-yə yaxınlığı ilə seçilən KİV-lər uzun illərdi İlqar Məmmədovun və tərəfdarlarının “satqın” obrazını yaratmaqla məşğuldurlar. REAL Partiyasının dövlət qeydiyyatına alınmasından sonra bu proses bir qədər də güclənib. Hazırda İlqar Məmmədov və tərəfdarları AXCP fəallarının qurşaqdanaşağı zərbələrini dəf etməklə məşğuldurlar.

Diqqətçəkən başqa bir məqam isə REAL-a qarşı “səlib yürüşü”nə Müsavat başqanı Arif Hacılının da qoşulmasıdır. Stajlı siyasətçinin REAL Partiyasını hakimiyyətə işləməkdə suçlaması müxalifətdaxili ziddiyyətləri bir qədər də kəskinləşdirib. REAL-çıların Hacılıya öz üslubunda cavab verməsi qarşılıqlı ittihamların güclənməsinə səbəb olub. Maraqlısı isə odur ki, veteran müsavatçıların əksəriyyəti “söz savaşı”nda iştirak etmirlər. Onlar başqanın haqsız mövqedən çıxış etdiyini əsas gətirərək, öz tərəfsizliklərini qorumağa üstünlük verirlər.

Hazırda Müsavat başqanının qəfildən radikal mövqe nümayiş etdirməsi ən müxtəlif səbəblərlə izah olunur. Ümumi rəy bundan ibarətdir ki, Hacılı qaralama kampaniyası aparmaqla partiyasının itən nüfuzunu geri qaytarmağa çalışır. Cəmiyyətdə aqressiyanın artması fonunda onun müəyyən mənada öz məqsədinə çatacağı güman olunur. Müsavat funksionerləri bununla həm də Milli Şuraya qayıtmağın mümkün olduğunu düşünürlər. Analitiklər Müsavatın bu səylərini payızda siyasi prosesləin qızışacağı təqdirdə “oyundankənar vəziyyətdə” qalmaq qorxusuyla izah edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...