“Siyavuşa Əli Həsənov da dəstək veribmiş” - Keçmiş deputat YAP-la bağlı sirləri açdı

“Siyavuşa Əli Həsənov da dəstək veribmiş” -

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan keçmiş deputat Eldar Sabiroğlu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin və Prezidentin sabiq köməkçisi Əli Həsənovun ünvanına sərt ittihamlar səsləndirib.

Yenisabah.az xəbər verir ki, Eldar Sabiroğlu Ramiz Mehdiyevlə Əli Həsənovu YAP-da, iqtidar komandasında iyrənc atmosfer yaratmaqda, koroporativ maraqları naminə partiyadaşlarına, komanda üzvlərinə “quyu qazmaq”da ittiham edib.

“Uzun illər bir partiyada, lideri Heydər Əliyev olan siyasi təşkilatda ideoloji-informasiya və təbliğat sahəsində onunla bərabər çalışdıq. Mərkəzi Qərargahdan dışardakı siyasi qrup və dəstələrə qarşı ideoloji mübarizə planları bizim-Əlinin və mənim çiyinlərimizdə dayanırdı. Əhliman Tağıyevə təşkilat şöbəsi, zavxozluq isə alnına əbədiyyən yazılmış Siyavuşa həvalə edilmişdi. Cəmiyyətdə, eləcə də partiyada bu adama qarşı nifrət həmişə və çox güclü olub. Bəlkə qəsdən, ya bilmədiyim hansısa başqa səbəbdən Siyavuşu mənim vasitəmlə yuxarı başa qaldırdılar.

Artıq Əli Nağıyevlə münasibətlərimizdə sərinlik hökm sürürdü. Etibar etdiyi, ətrafına yığdığı adamları üzərimə qaldırırdı. Arxada quyu qazar, üzə gələndə gözlərimin içinə baxıb gülürdü. Nəhayət, Azərbaycan əlifbasının neçə hərfdən ibarət olduğunu bilməyən Siyavuşun təşkilat şöbəsinə müdir təyin edilməsi ilə əlaqədar Siyasi Şurada təkliflə çıxış etməyi Nağıyev mənə tapşırdı. Həmin anda sanki içimi dəhşətli bir alov bürüdü. Təklif ürəyimcə deyildi. Lakin razılaşmaqdan başqa çarəm yox idi. Səbrli hərəkət etməyə başqa bir səbəb də vardı ki, onu ilk dəfə səsləndirməyə məcburam.

Mərkəzi Qərargahda özünə yer alan regionçuluq xəstəliyi getdikcə şiddətli xarakter alaraq partiyanın bütün dayaqlarına sarsıdıcı zərbələr endirirdi. YAP-ın yuxarı orqanları-Siyasi Şura və İdarə Heyəti ilk təşkilatlarla əlaqələrini tənzimləyə bilmirdi. Kök atan ciddi parçalanma partiyanı demək olar ki, haldan salmışdı. Xoşagəlməz proseslər YAP-ın strateji məqsəd və vəzifələrinin qarşısını kəsirdi. Ona görə də susdum və Siyasi Şurada Siyavuşun təşkilat şöbəsinə müdir vəzifəsinə namizədliyini irəli sürdüm. Buna görə xeyli YAP-çı və partiyanın rəhbər orqanlarında təmsil olunan şəxsi özümdən əməllicə incik saldım. Başım daşa dəyəndən sonra araşdırma apardım və məlum oldu ki, Siyavuşa Əli Həsənov da dəstək veribmiş. Onu da anlayırdım ki, Siyavuşun namizədliyi qeyri-naxçıvanlı tərəfindən irəli sürülməli idi. Ermənistan-Naxçıvan klanı arasındakı didişmələr təəssüf ki, belə bir mühiti yaratmışdı”, - deyə Eldar Sabiroğlu bildirib.

Keçmiş deputat Əli Həsənovu “klassik Vəzirovçu” adlandırıb. “Klassik Vəzirovçu artıq prezident aparatındaydı. Əhliman da getmişdi Yusif Hümbətovun şöbəsinə. YAP-ın ideoloji, təbliğatı, informasiya siyasətini Səyyad Aranla birlikdə aparırdıq. Aran bir insan olaraq dərdinə dərman axtaran Əlidən çox-çox yuxarıda dayanırdı. Onun fəaliyyətinə də barmaq uzadırdı. Çalışırdı ki, ondan sonra partiyanın idioloji şöbəsində hər hansı uğurlu iş nəzərə çarpmasın. İnsanın xainliyinə baxın...”, - deyə o vurğulayıb.

Eldar Sabiroğlu Ramiz Mehdiyevlə Əli Həsənovu mərhum Prezident Heydər Əliyevə yalan məlumatlar verməkdə də ittiham edib: “Rəhmətlik Heydər Əliyevin yanında ölkə mətbuatının və partiyanın informasiya resurslarının fəaliyyəti müzakirə olunurdu. Sən Əli və Ramiz Mehdiyev nəzarətimdə olan "Dövran" qəzetini məhkəməyə vermişdiniz. Müşavirədə xəyanətkar əməliniz barədə prezidentə məruzə etdim. Heydər Əliyev təəccüblə səndən və Ramiz Mehdiyevdən soruşdu ki, bu necə ola bilər. "Dövran" mənim yürütdüyüm siyasətin təbliğatında uğurlu işlər göstərir. O zaman prezidentə dediyin uydurma sözlərdən heç utandınmı?! "Bəzi müxalifət qəzetlərini məhkəməyə cəlb etmişik. "Dövran" qəzetini də gözünə qatdıq ki, əlavə söz-söhbətə yer qalmasın." Əli, sənin bu sözündən sonra aldığın cavabı yəqin yaddan çıxarmamısan. İndi xahiş edirsən ki, dərdlərinlə səni baş-başa buraxsınlar. O qədər günahsız işlər tutmusan ki, bəndələr bağışlasa da, Allah bağışlayan deyil.

Gecə-gündüz dövlət başçısına onun-bunun barəsində Ramiz Mehdiyevlə bərabər verdiyiniz yalan məlumatlarla öz şəxsi maraqlarınızın reallaşmasına çalışdınız. Bir ara rəhmətlik Heydər Əliyevi üçüncü övladı qədər sevdiyi YAP-dan iyrəndirdilər. Səhv etmirəmsə, partiyanın yaradıcısı və əbədi rəhbəri iki ilə yaxın partiyanın qapısını açmadı. Telefonla da arayıb axtarmadı. YAP-ın ikinci konfransına gəldi. Əli Nağıyevin məruzəsini mən yazdım, o isə özündənrazı duruşu ilə məruzəni üzündən oxuyub daxili bir təkəbbürlə yerində oturdu”.

Keçmiş deputat oğlu Rüfət Səfərova həbsxnadan işgəncə verilməsində də Ramiz Mehdiyevlə Əli Həsənovun rolunun olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...