Rəsmi Bakı Xankəndidə antiterror əməliyyatlarına qərar verə bilər

Rəsmi Bakı Xankəndidə antiterror əməliyyatlarına qərar verə bilər
Ermənistanın terrorçu mərkəzləri biabırçı hərbi məğlubiyyətin nəticələrini total terrorçuluq fəaliyyəti ilə aradan qaldırmağa can atırlar...

Azərbaycanın antiterror əməliyyatları Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə ortaq şəkildə Xankəndi və bu şəhərin ətrafında da aparıla biləcəyi istisna deyil...

Müharibənin bitməsindən iki aya yaxın bir müddət keçsə də, ermənilər biabırçı hərbi məğlubiyyəti həzm etməkdə çətinlik çəkirlər. Müxtəlif təxribatlar törətməyə, aranı qarışdırıb, gərginlik yaratmağa çalışırlar. Və yəqin ki, hələ bir müddət öz təxribat vərdişlərini, "təcrübələr"ini sınaqdan çıxarmaqda israrlı olacaqlar.

Əslində, bu, o qədər də təəccüblü deyil. Həmişə öz himayədarları sayəsində qarşılarına qoyduqları müəyyən hədəflərə nail olmağa öyrəşiblər. Adətən, başqalarının hesabına mənfəət əldə etməyə vərdişlidirlər. Ona görə də, bu dəfə üzləşdikləri situasiya ermənilər üçün nisbətən fərqlidir.

Ümid bəslədikləri himayədarları bu dəfə onları qane edəcək səviyyədə Ermənistanı dəstəkləməyib. Hətta buna elə bir ciddi həvəs də göstərməyiblər.

Nəticədə gözləmədikləri halda, öz əsas rəqibləri - Azərbaycan ilə baş-başa qalıblar. Ermənistanın Azərbaycan ilə müqayisə edilməyəcək səviyyədə zəif, hətta zəif olduğunu hamıdan yaxşı anlayırlar. Və bu, erməniləri ciddi şəkildə xoflandırır.

Maraqlıdır ki, bu situasiya ilə barışmağın, yeni hədəflər müəyyənləşdirib, fərqli inkişaf perspektivləri barədə düşünməyin vacibliyini anlayanlar da var. Az sayda da olsa, bu mövqeyə üstəlik verən erməni politoloqları Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını, dinc inkişaf yolunun seçilməsini təklif edirlər. Əks halda, ermənilərin Cənubi Qafqaz coğrafiyasında mövcudluğunun ciddi təhlükə altına düşə biləcəyini vurğulayırlar.

Ancaq problem ondadır ki, Ermənistan cəmiyyəti hazırda daha radikal əhval-ruhiyyəli qurumların təsiri altındadır. Bu radikallar Ermənistanda hələlik ictimai rəyi yönləndirməyi bacarırlar. Və maksimalist mövqe tutmaqla, Ermənistanın dinc regional inkişaf prosesində iştirak etmək ehtimalını əngəlləməyə can atırlar.

Əsas səbəb də odur ki, erməni radikalların mövcudluğu birmənalı şəkildə gərgin situasiyaların dəyişməz qalmasından və tarixi düşmənçilik meyllərinin dərinləşməsindən qaynaqlanır. Əgər, bu faktorlar öz əhəmiyyətini itirərsən, onlara da ehtiyac qalmaya bilər.

Ona görə də, bütün mümkün vasitələrdən istifadə etməklə, müqavimət göstərməyə çalışırlar. Ümid edirlər ki, müqavimət göstərib, gərginlik və idarəolunmaz situasiya yarada bilsələr, himayədarları yenə onlara umduqları dəstəyi göstərə bilər. Və bütün istiqamətlər üzrə itirilmiş mövqelərin geri qaytarılması mümkün olar.

Təbii ki, buna hər cür cəhdləri də göstərirlər. Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə ermənilərin törətdikləri son təxribatlar da məhz bu cəhdlərin sırasına daxildir. Yenə terror aktlarına əl atmağa üstünlük verirlər.

Ancaq bu, ilk belə hadisə deyil. Dekabrın əvvəllərində də təxribatlar törətmişdilər. Azərbaycan ordusunun hərbçilərinə hücum etmişdilər. Cavabında isə, Azərbaycan ordusu antiterror əməliyyatı keçirərək, erməni terrorçularını tərksilah etməyə nail olmuşdu.

Bu dəfə də eyni ssenari üzrə təxribatlar törədilib, Azərbaycan ordusunun hərbçilərinə hücumlar edilib. Yenə də, Azərbaycan ordusu antiterror əməliyyatları sayəsində erməni terrorçuları zərərsizləşdirib.

Belə anlaşılır ki, əvvəlki antiterror əməliyyatları ermənilərə yetərincə dərs olmayıb. Ona görə də, terrorçuluq fəaliyyətlərini davam etdirmək üçün özlərində cəsarət tapa bilirlər. Və bu, onlar üçün daha təhlükəli nəticələr də verə bilər.

Məsələ ondadır ki, rəsmi Bakının belə terror aktlarına uzun müddət səbrli yanaşacağı qətiyyən inandırıcı görünmür. Çünki, bu terror hadisələri məhz Azərbaycan ərazisində törədilməkdədir. Rəsmi Bakı isə Azərbaycan ərazilərində dinc inkişaf prosesində, sabitlik şərtlərinin hökm sürməsində birbaşa maraqlıdır. Və erməni terrorçuların sabitliyi pozmasına qətiyyən imkan verməz.

Deməli, tezliklə Azərbaycanın daha radikal addımlar atmaq məcburiyyətində qala biləcəyini istisna etmək mümkün deyil. Ehtimal etmək olar ki, erməni terrorizmi öz pozuculuq fəaliyyətini davam etdirərsə, rəsmi Bakı Azərbaycanın Xankəndi də daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilərində genişmiqyaslı antiterror əməliyyatlarına başlamaq qərarı verə bilər.

Ermənilərin terrorçu təxribatlarının intensivləşməkdə olduğunu nəzərə aldıqda, Rusiya sülhməramlı qüvvələrinin buna əngəl ola biləcəyi qətiyyən inandırıcı görünmür. Əksinə, yaranmış situasiyada Rusiya sülhməramlı qüvvələrinin də Azərbaycan ordusunun antiterror əməliyyatlarına dəstək vermək məcburiyyətində qala biləcəklərini ehtimal etmək olar.

Belə antiterror əməliyyatları ermənilər üçün çox baha başa gələ bilər. Çünki, erməni terrorizmin mərkəzinin məhz Ermənistan ərazisində olduğu qətiyyən şübhə doğurmur. Hələ bir müddət öncə bəzi Ermənistan və Rusiya saytlarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çoxlu sayda silahlı ermənilərin qaldığı bildirilmişdi.

Eyni zamanda, Ermənistanda fəaliyyət göstərən və adı açıqlanmayan bir qurumun həmin erməni silahlı dəstələri ilə əlaqə qura bildiyi də vurğulanmışdı. Belə anlaşılırdı ki, silahlı erməni terrorçu dəstələri Ermənistandakı bir qurumun nəzarəti altındadır və oradan təlimatlar alırlar. Bu isə ermənilərin təşkilatlanmış şəkildə terrorçuluq fəaliyyəti ilə məşğul olduqları anlamına gəlir.

Həmin məlumatlarda yer alan digər önəmli məqam Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalan silahlı erməni dəstələrini Ermənistandan koordinasiya edən mərkəzin xarici xüsusi xidmət servisləri ilə bağlantılarının ola biləcəyi ilə bağlı idi. Və bu, əgər doğrudursa, artıq beynəlxalq terrorizmin regiona daşınması təhlükəsindən xəbər verir.

xerite-14-EkranAlıntısı.JPG (58 KB)

Göründüyü kimi, kimlərsə, regionu qarışdırmağa can atırlar. Bu baxımdan, erməni terrorizminin fəallaşdırılması onlar üçün sərfəli və cəlbedici görünə bilər. Və hadisələrin belə inkişaf ehtimalı yalnız Azərbaycan deyil, ümumiyyətlə, bütün region üçün təhlükəli perspektivdir.

Ona görə də, bu məsələdə qətiyyən gecikmək olmaz. Əksinə, nə qədər tez və qətiyyətli addımlar atılarsa, regionu erməni terrorizmindən xilas etmək bir o qədər asan olar. Bu baxımdan, indi rəsmi Bakının verə biləcəyi qərarlar böyük önəm daşıyır. Və hətta həmin qərarlar həlledici xarakter də daşıya bilər.

Azərbaycan bundan sonra erməni terrorçu dəstələrinin nə vaxtsa, növbəti təxribatları törətməsinini gözləməməsi daha doğru yanaşma olardı. Belə ki, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə sonuncu erməni terrorçunun zərərsizləşdirilməsinə qədər genişmiqyaslı antiterror əməliyyatlarının aparılmasına ehtiyac yaranmış kimi görünür. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə Xankəndi və bu şəhərin ətrafında da ortaq antiterror əməliyyatları situasiyanın əsas tələbinə çevrilib.

Belə anlaşılır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı antiterror əməliyyatları keçirilmədən erməni terrorizmini bloklamaq asan olmayacaq. Ona görə də, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin son erməni terrorçusundan da təmizlənməsi əsas vəzifəyə çevrilmiş kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...