Meriya Milli Şuranın 16 may mitinqinə icazə verdi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinin keçirilməsinə razılıq verib. Bu barədə “Qafqazinfo”ya BŞİH-dən məlumat daxil olub.
Bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri mitinqin keçirilməsi haqqında məktubuna müsbət cavab alıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsini razılıq verib.
Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.
Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.
1427 dəfə oxundu