Ərdoğan Putinə barışıq təklif edib
"Heç bir ölkə bölgədə gərginliyin artmasını istəmir. Hansı ölkəyə, millətə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sərhədi pozması nəticəsində belə bir hadisə yaşandı. Bu vəziyyətin yaranması düşündürücüdür, təəssüfedicidir. Belə hadisə ilə qarşı-qarşıya gəlməyi arzu etməzdik".
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanaçıqlama verib. Ərdoğanın sözlərinə görə, xəbərdarlıqlara qulaq asmayan, fikir verməyən bir pilotun səhvi ucbatından baş verən hadisə iki ölkə arasındakı əlaqələrə, üstəlik strateji münasibətlərə təsir etməməlidir. Prezident Rusiya ilə gərginliyin qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib.
Ərdoğan son günlər mətbuatda yayılan "Ərdoğan və Putinə tələ quruldu?" başlıqlı xəbərlərə də münasibət bildirib: "Bu məlumatların nəyə əsaslanaraq yazıldığını başa düşməkdə çətinlik çəkirəm. Mediada istehsal edilən ssenariləri, şərhləri anlamaq mümkün deyil".
Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin Ankaraya qarşı sərt açıqlamalarını xatırladıb və bildirib ki, iki ölkə arasında yaranan gərginlik diplomatik yolla həllini tapmalıdır. "Putin məni yaxşı tanıyır. O yaxşı bilir ki, biz arxadan bıçaq vurmarıq. Putin istər Türkiyə səfərində, istərsə də daha əvvəllər də görüşümüzdə mənə qarşı çox müsbət fikirdə olub. Dolayısı ilə Putinin hadisə baş verəndən dərhal sonra hissi davranaraq açıqlamalar verdiyini düşünürəm. Vəziyyətin daha da gərginləşməsinə fürsət vermədən diplomatik yollarla məsələni həll etmək, bundan əvvəlki münasibətlərimizi bərpa etmək lazımdır", deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti bundan əvvəl isə Putinə sərt xəbərdarlıq etmişdi. Ərdoğan bildirmişdi ki, Türkiyə heç bir halda hissləri ilə addım atmayıb və bundan sonra da atmayacaq: "Bütün dünya haqlı olduğumuzu qəbul edir. Rusiya isə həddindən artıq kəskin reaksiya verir. Biz bunu təəssüflə izləyirik. Əgər Rusiya bu təpkilərini davam etdirəcəksə, biz də öz tədbirlərimizi həyata keçirmək məcburiyyətində qalacağıq".
Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.
1240 dəfə oxundu