Özbəkistanla hərbi saziş bizə nə vəd edir? - Birgə müəssisə, təlimlər...

Özbəkistanla hərbi saziş bizə nə vəd edir? -
Ötən gün Azərbaycan və Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar. Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıqdan söz açıb. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır.

“Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının əhəmiyyəti nədir?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin 21 iyun tarixində Özbəkistana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir:
“Bu gün istər Mərkəzi Asiya, istər cənubi Qafqaz regionunda sülhə və sabitliyə ehtiyac var. Yəni ölkələrimiz arasında olan münasibət nə qədər möhkəm olsa, nə qədər əməkdaşlığımız dərin olsa, biz sülhə nail ola bilərik. Əsas məqamlardan biri də odur ki, dünyada ciddi proseslər baş verir. Bu gün güc beynəlxalq hüquqdan daha üstündür. Ona görə də, hər bir dövlətin təhlükəsizliyinə çox ciddi təhdidlər müşahidə edilir. Bunların qarşısını almaq üçün tək bir dövlət kimi deyil, bir neçə dövlət, o cümlədən qarşılıqlı münasibət çox mühüm əhəmiyyət kəsb edir”.

Deputatın sözlərinə görə, məhz bu prosesləri nəzərə alaraq iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, eyni zamanda hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində ciddi addımların atılması nəzərdə tutulur:

“Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq olduqca mühümdür. Bu, xüsusən də bizim ölkələrimiz üçün ciddi istiqamətdir. Yəni bizim regionumuzda təhlükəsizliyin və müdafiə qabiliyyətinin artırılması üçün problemlərin həllini mütləq şəkildə diqqətdə saxlamaq lazımdır. Təbii ki, imzalanmış siyasi bəyannamə də mahiyyət etibarı ilə bizim əlaqələrimizi yeni səviyəyə çatdırır. Bu istiqamətdə ciddi addımlar atılır. İqtisadi məsələlər də görüşdə müzakirə edildi. Lakin hərbi-texniki sahədə əməkdaşlıq məsələləri Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin ən ciddi mərhələsidir. Məlumdur ki, Özbəkistan hökuməti tərəfindən Füzuli şəhərində hədiyyə olaraq məktəb binası inşa olunacaq. Eyni zamanda, Azərbaycan tərəfindən də Özbəkistana daim dəstək göstəriləcək. Bundan sonra əvvəlkindən daha yaxın olacağıq”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr unikal xarakter daşıyır.

“Keçmiş SSRİ məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi. Ona görə də, dünən imzalanan sənədlər və strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair memorandum təsadüfi hesab edilə bilməz. Məncə, bu əməkdaşlığın prespektivləri digər türk dilli dövlətləri də Şuşa Bəyannaməsi kimi birgə və çoxtərəfli sənədləri imzalamağa yönəldə bilər”.

Ekspert qeyd edib ki, bundan sonra Özbəkistanın yaxın prespektivdə Azərbaycanla həm müdafiə sənayesində ortaq müəssisələr yaratması, həm Türkiyə ilə münasibətləri yüksəltməsi və hər iki qardaş ölkənin hərbi təlimlərinə qatılması gözləniləndir. Bu, digər türkdilli ölkələr üçün də nümunə olacaq:

“Görünən odur ki, artıq digər türkdilli ölkələrin sülhün və təhlükəsizliyin qarantı ola biləcək ölkələrlə münasibətləri möhkəmləndirməyə, genişləndirməyə üstünlük verirlər. Bu baxımdan Qazaxstan, Qırğızıstan kimi dövlətlərin də Türkiyə və Azərbaycanla müttəfiqlik və strateji tərəfdaşlıq haqqında sənədlər imzalaması da gözləniləndir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...