"Aylığı 8 minə çıxan deputatın qarın davası etməsi düşüncə böhranıdır"

"Aylığı 8 minə çıxan deputatın qarın davası etməsi düşüncə böhranıdır"
“Təmsil etdiyi xalqın müəllimi, alimi, şairi, ədibi, bir sözlə, namuslu vətəndaşı 300-500 manata möhtac olduğu halda, aylığı ən pis halda 8698 (səkiz min altı yüz doxsan səkkiz) manata çıxan, müəyyən imtiyazlarla təmin edilən deputatın qarın davası etməsi bir düşüncə böhranıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov sosial şəbəkə hesabında yazıb.
O son günlər deputatların maaşlarının artırılması ilə bağlı ölkədə gedən müzakirələrə belə münasibət bildirib:
“Dövlətin qanunverici orqanını belələri təmsil edəcəklərsə, biz total böhranın dibinə qədər yuvarlanacağıq. Bu nədir? Qopar-qopardır? Vallah, maddi məşəqqət içində çabalayan xalqın normal deputatı belə olmaz. Ən azı, çıxış yolu tapmaq üçün baş sındırar. Bizdə isə baş gedib, zəhrimara qalmış qarın isə yaddan çıxıb qalıb xalqın düz boğazında.
Xəcalətə, qınağa davamlı belə təfəkkürlə dövləti sahmana salmaq olmaz.
Ey millətin qeyrətin çəkən kəslər! Xalqın qayğısına qalmalı olan deputat qarnını güdür. Bu nataraz və qeyri-səmimi hay-küylər ölkənin siyasi-mənəvi panoramasını biabırçı şəkildə bulandırır.
Pis mənada o qədər arxayınçılıq yaranıb ki, heç kim onun real gəlirinin araşdırılacağına inanmır. Yəni suyu o dərəcədə bulandırıblar ki, durulmayacağına əmindirlər. Çox pis!
Mən hələ bir neçə vəzifə tutub ikiqat, üçqat maaş alan, mənbəyi bilinməyən pullarla biznes quran, övladlarını vəzifələrə yerləşdirən, xaricdə eyş-işrətə qurşandıran, xalqa zərrə qədər də ürəyi yanmayan qəddar və beyni qarnında olan elmi dərəcəli, adlı, titullu akademik-alim-deputatları demirəm...
Mövzuya lağla, ya ötəri yanaşıb keçmək olmaz, əlbəttə. Bu qəbil məsuliyyətsiz davarnışların, vəzifəyə, mandata qarnını, cibini doldurmaq mənbəyi kimi baxmağın səbəb olacağı milli faciənin miqyasını proqnozlaşdıran ciddi araşdırmalar aparılmalı, həmin davranışların siyasi, iqtisadi, dövlətçilik, sosial, mənəvi-psixoloji və əxlaqi yönləri dəyərləndirilməli və zərərləri aradan qaldırılmalıdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...