Azərbaycanda neçə "müasir kölə" var? - Qlobal Köləlik İndeksi açıqlandı

Azərbaycanda neçə "müasir kölə" var? -
Avstraliya mərkəzli beynəlxalq insan haqları təşkilatı “Walk Free” ötən ay Qlobal Köləlik İndeksini (Müasir Köləlik İndeksi) açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İndeksdə 2016-cı ildəki 10 milyon insanla müqayisədə 2021-ci ildə 49,6 milyon insanın "müasir qul" kimi yaşadığı qeyd edilib.
628 min 598 nəfərlə müsahibə əsasında aparılan araşdırmada müasir köləlik məcburi əmək, məcburi və ya kölə kimi evləndirilmək, borc qarşılığında asılı hala salmaq, kommersiya məqsədli cinsi istismar, insan alveri, uşaq alveri və istismarı kimi fəaliyyətlərlə müəyyən edilir.
Bildirilir ki, qlobal miqyasda müasir qul kateqoriyasında qiymətləndirilən hər 4 nəfərdən 1-i uşaqdır. Bundan əlavə, müasir qulların təxminən 54 faizi qadınlar və qızlardır.
49,6 milyon insanın 22 milyonu nikaha girməyə, 27,6 milyonu isə işləməyə məcbur edilənlərdir.
İndeksdə müasir köləliyin ən çox yayıldığı ölkənin Şimali Koreya olduğu müəyyən edilib. Şimali Koreyadan sonra Şərqi Afrika ölkəsi Eritreya və Afrikanın şimal-qərbində yerləşən Mavritaniya gəlir.
Səudiyyə Ərəbistanı 4-cü, Türkiyə isə 5-ci yerdədir. Türkiyədən sonra Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Əfqanıstan və Küveyt gəlir.
İndeksə görə, müasir köləliyin ən az olduğu ölkə İsveçrədir.
Burada hər min nəfərə düşən müasir köləlik göstəricisi 0.5-dir və cəmi 4 min nəfər müasir köləlikdən əziyyət çəkir.
Onu müvafiq olaraq Norveç, Almaniya, Niderland və İsveç izləyir.
İndeksdə göstərilir ki, Azərbaycanda hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır və 107 min nəfər müasir köləlikdən əziyyət çəkir.
Bu göstərici ilə Azərbaycan Avropa və Mərkəzi Asiya üzrə 47 ölkə arasında 10-cu yerdə qərarlaşıb.
Eyni göstərici qonşu Gürcüstanda 7.8, Ermənistanda 8.9, Rusiyada 13.0, Türkiyədə 15.6-dır.
Sözügedən ölkələr müvafiq olaraq 18, 13, 3 və 1-ci sırada qərarlaşıblar.
Araşdırmada müasir köləliyin intensiv olduğu ölkələrdə münaqişələrin, dövlətin təcrübəsinə uyğun olaraq məcburi əmək və zəif idarəetmə siyasətinin üstünlük təşkil etdiyi vurğulanıb.
Hesabatda məcburi əmək praktikasının aşağı gəlirli ölkələrdə yaygın olduğu bildirilsə də, bu vəziyyətin yüksək gəlirli ölkələrdəki tələblərdən qaynaqlandığı diqqətə çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...