İcra başçısı şəhidin adını daşıyan küçədə açılışda

İcra başçısı şəhidin adını daşıyan küçədə açılışda
Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid Aysənan Abbasovun ailə üzvləri ilə birlikdə təmirdən sonra onun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Aysənan Abbasovun ailə üzvləri, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra Tərtər şəhərində onun adını daşıyan küçədə olublar.

Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılıb, kommunikasiya xətləri səliqəyə salınıb, asfalt döşənib, küçənin girişində isə Aysənan Abbasovun baralyefi quraşdırılıb.
İcra başçısı bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.

Artıq Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”

Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.
Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib məlumatlar əldə etmişdir. Döyüş yoldaşları onun heç nədən qorxmadığını söyləyirlər.
Aysənan 2020-ci il sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.
Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısı şəhidin adını daşıyan küçədə açılışda




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...