Elmlə bağlı rəqəmlər ürəkaçan deyil - Nazir alimlərə müraciət etdi

Elmlə bağlı rəqəmlər ürəkaçan deyil -
Emin Əmrullayevin sözlərinə görə, cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulur.
Azərbaycanda elmlə bağlı ən böyük problemlərindən biri ciddi bir tranformasiyadan keçməsidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu"nda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır.
Emin Əmrullayev deyib ki, elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində iş gedir. "Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi, təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik" - nazir vurğulayıb.
Nazir çıxışında onu da bildirib ki, cəmiyyətdə çox sayda kifayət qədər hay-küylü müzakirə var, amma bunun içərisində elmi məsələ çox azdır. Emin Əmrullayevin sözlərinə görə, cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulur:
"Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz? Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var".
Qeyd edək ki, sentyabrın 9-da Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir.
Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...