TƏBİB millət vəkilinin oğlundan 1,2 milyon manata anbar icarəyə götürdü

TƏBİB millət vəkilinin oğlundan 1,2 milyon manata anbar icarəyə götürdü
“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Bir mənbədən) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.

Yeniavaz.com xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə bir il müddətinə (17.09.2024-17.09.2025) ümumi sahəsi 12 552 kv. metr olan ofis və anbar sahəsini icarəyə verəcək.

Qeyd olunan ofis və anbar sahəsinin icarəsi üçün “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat (1 kv. metr – 94 manat) ödəyəcək.
Qeyd edək ki, əvvəlki illərdə də Cavanşir Orxan eyni məbləğə (1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ofis və anbar kompleksi icarəyə verib.

Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.

Xatıraldaq ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin – həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adı Böyük Britaniyada “çirkli pulların” yuyulmasında hallanıb.

Belə ki, 2021-ci ildə Britaniyada Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan 15 milyon funt-sterlinqi (o zamankı məzənnə ilə 34,7 milyon manat) “çirkli pul” sayıb. Daha sonra məhkəmə prosesi keçirilib və Britaniya məhkəməsi 5,6 milyon funt-strelinq məbləğində vəsaitin mənbəyini şübhəli hesab etdiyi üçün müsadirə edib.

Müsadirə edilən vəsaitin 4,4 milyon funt-sterlinqi Pərvanə Feyziyevanın, 1 milyon funt-sterlinqi Orxan Cavanşirin, 240 min funt-sterlinqi isə Elman Cavanşirin hesabından müsadirə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...