Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı

Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı
Rusiya zamanında qurduğu “yuva”ları indimi hərəkətə keçirir?

İmişli rayonunda keçirilmiş 9 may tədbirində SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması ətrafında yeni versiyalar ortaya çıxıb.

Tədbirin təşkilatçısı - rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu bu hadisədən sonra vəzifədən azad ediblər. Amma onun əvəzinə təyin edilən Vahid Tağıyev də kürsüsündə çox otura bilmədi. Bəlli oldu ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub və o da sinəsinə “Georgi lenti” taxıb.

Saleh Səmədov həmin hərəkətinə görə vəzifəsindən azad edildi — Video
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı


Ağsaqqallar Şurasının üzvlərinin SSRİ rəmzlərinə, İosif Stalinin şəxsiyyətinə və bu gün Kremlin rəsmi ideologiyasında fəal şəkildə istifadə olunan rus təbliğatının elementlərinə rəğbətinin səbəbləri naməlum qalır. Haqqın.az yazır ki, vaxtilə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sonradan korrupsiya və digər cinayətlərdə təqsirli bilinən Vilyam Hacıyevlə xüsusi münasibətdə olub. “Yada salaq ki, 2017-ci ildə Hacıyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunanda səfir Doroxin ona təbrik məktubu göndərmişdi. Bu isə görünməmiş hadisə idi, çünki bundan əvvəl heç bir xarici dövlətin Azərbaycandakı səlahiyyətli nümayəndəsi rayon administrasiyalarının rəhbərlərini təbrik etməyib. Rusiya Federasiyası səfirinin məktubu hətta İmişli RİH-in rəsmi internet saytında və bir sıra yerli KİV-lərdə dərc olunmuşdu.

2014-cü ildə həmin Vladimir Doroxin “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov (Bakıda bu yaxınlarda bağlanmış “Rus evi” ilə əlaqəlidir) və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə birlikdə İmişliyə səfər edib, Vilyam Hacıyevlə görüşüb. Regionun Rusiya və Belarus regionları ilə əlaqələrinin genişləndirilməsi məsələləri rəsmi müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl Göygöl, Samux və İmişli rayonlarının icra hakimiyyətlərinə rəhbərlik etmiş Vilyam Hacıyev 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən şəxsi kabinetində saxlanılıb və daha sonra 12 il müddətinə azadlıqdan məhrum edilib (sonradan bu müddət 3,5 il azaldılıb - red.) Hazırda Vilyam Hacıyev cəzasını çəkməkdə davam edir. İddiadan belə anlaşılır ki, İmişlidəki Ağsaqallar Şurası Rusiyanın “beşinci kolon”unun “yuvalarından” olub. Bakı-Moskva münasibətlərində indiki gərginlik fonunda isə həmin “yuva” fəaliyyətə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...