“Qoç Ət”dəki ət niyə dadsızdır, harada saxlanılır, mənşəyi necədir? – Ekspertlər üz-üzə - “Silin!”

“Qoç Ət”dəki ət niyə dadsızdır, harada saxlanılır, mənşəyi necədir? –
Qida mütəxəssisi Ağa Salamov Pravda.az-ın 30 sentyabr tarixli “Sıradan qəssablardan ət almaq düzgün deyil” başlıqlı araşdırma yazısında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun “Qoç Ət”in Xankəndi filialı ilə bağlı dediklərinə etiraz edib, onu şər atmaqda ittiham edib. Həmin məqalədə A.Salmanov özü də ekspert kimi fikirlərini bildirib. Yazı dərc edildikdən sonra isə məlum olub ki, o, həm də “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-yə məxsus “Qoç Ət” restoranının koordinatoru imiş.

O, oktyabrın 4-də Pravda.az-a müraciət edərək etirazını bildirib, hətta bir az da irəli gedərək xəbər portalını işini bilməməkdə ittiham edib.

Ağa Salamov: Ermənilər başlarını oğurluqdan ayırıb tarixi elmlərə yiyələnsələr...

Əvvəlcə vurğulamaq istərdik ki, “Pravda.az”da sözügedən araşdırma yazısı və ondan əvvəl yazılan bütün araşdırmalar sırf vətəndaşları maarifləndirmək məqsədi daşıyır. Hansısa şirkət və ya qurumlara qarşı tərəfimizdən qərəzin olması mümkün deyil. İstənilən yazımızda qanunvericiliyin tələblərinə lazımi qaydada əməl edilir, qanunun heç bir tələbi pozulmur. Bu əsasdan yola çıxaraq və qanunu rəhbər tutaraq “Qoç Ət”ə də mövqe haqqı tanımışıq. Lakin koordinator Ağa Salamov mövqe bildirməkdən imtina edərək məsələ ilə hüquqi müstəvidə məşğul olacaqlarını dedi.

Ağa Salamovun araşdırma yazımıza etiraz olaraq dediklərini də olduğu kimi oxucularımıza təqdim edirik: ““Qoç Ət”in bütün şöbələrində jurnalist olaraq yaxınlaşıb baytar sertifikatını istəsəniz, sizin qarşınıza qoymasalar, bu, başqa məsələ. Bu gün baxıram, Eyyub kişi bildi-bilmədi, şirkətə şər atır. Mən hüquqşünasımızla danışıb, həmin cümləni (Bu yaxınlarda Xankəndidə oldum, "Qoç Ət" restoranına getdim. Orada mətbəx açıqdır, hər şey görünür. Lakin görünməyən yerləri var ki, o ətlər harada saxlanılır, mənşəyi necədir? – red) məhkəmədə mübahisələndirəcəyəm. Sizin saytınıza da zərər gələ bilər. Hədə-qorxu gəlmirəm. Ya oradan “Qoç Ət” sözünü silirsiniz… “Qoç Ət”ə mən baxıram, A-dan Z-yə. “Qoç Ət”in adını çəkən adam heç “HACCP” sözünün mənasını bilmir. Qida təhlükəsizliyinin bütün normativlərini hamısını həyata keçiririk. Bu gün o kişinin (Eyyub Hüseynovu nəzərdə tutur-red) sözünə görə Xanabada gəlmişəm. Hər şey qaydasındadır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işçilərini cəlb etmişik. Şahid nümunəyə qədər götürürlər. Yazını bilməyərəkdən paylaşırsınız. Xahiş edirəm, yazıdan “Qoç Ət” sözünü silsinlər. Səhv məlumatdır. Mütəxəssis olaraq bəzi restoranlardan narazıyam, amma mənim öz baxdığım, nəzarət etdiyim, HACCP sistemini tərtib etdiyim işçilərin hamısının bir-bir həkimdən altı aydan bir keçmiş sənədləri, sertifikatları, qida təhlükəsizliyinin izlənməsi… Bunları bilmir, amma biz onu tanış edəcəyik. Bakıya gələn kimi hüquqşünasla danışacağam. Yaşı var, hörmət edirəm, xətrini də çox istəyirəm. Ola bilər, keçək. Amma adam marka adı çəkirsə, markaya bildi-bilmədi şər atır, zərər gətirir. Sizin də məlumatınız olsun. Sizdən ricam, mənə hörmətiniz varsa, o cümləni çıxarın. Səhifələrimdə verdiyim bütün müsahibələri paylaşıram, amma bunu paylaşmadım. Çünki adam ağız-başına danışır. Bəzi şirkətlər haqqında çox vaxt elə iddialı danışır ki. AQTA onun sözünü qulaq ardına vurdu. Gedib araşdırıblar ki, səhvdir. Elə bil ki, özü “Qoç Ət”in ətindən şahid nümunə götürüb, laboratoriyaya aparıb, bakteriya yükü çox çıxıb, camaatı zəhərləyirlər. Adam elə danışır, elə bil, laborantdır. Qoşqar Təhməzlinin hər şeydən məlumatı var. Yeganə mütəxəssisəm ki, AQTA həmişə məndən müsahibə alır. Heç bir dəfə görmüsünüz, AQTA ondan müsahibə alsın, onunla əməkdaşlığı olsun? AQTA öz səhifəsində paylaşdı ki, dönəri necə almaq lazımdır? Gəlib onu “Qoç Ət”də çəkdi. Çünki orada Ağa var, Ağa (özünü nəzərdə tutur-red) ora baxır. Eyyub Hüseynovu məhkəməyə verəcəyik. Baxım görüm bizi “udacaq”, ya “udmayacaq?””

Pravda.az Ağa Salamova mövqe haqqı tanısa da, o cavabında bunları deyib: “Ehtiyac yoxdur. Hüquqşünasımız lazım gələn tədbirləri görəcək. Ara qızışdırmaqla aram yoxdur. Mən saytla sözümü deyən ekspertəm? İkincisi, sizin saytınız öz qara siyahıma - düzgün xəbərlər dərc etməyənlər siyahısına düşdü. Bundan sonra işini bilməyən, dezinformasiya yayan mütəxəssislərdən müsahibə alarsınız”.

Pravda.az olaraq A.Salamova istənilən platformada qarşı-qarşıya gəlməyə hazır olduğumuzu bildirdik. Xatırlatdıq ki, xüsusilə qida məhsulları sahəsində “ən yaxşı”ların adının çəkilməsini reklam hesab etmirik, açıq yazırıq. Ziyanlı, tövsiyə olunmayanları da o cür. Elə əsl maarifləndirmə işi budur, oxucu məqaləni oxuyandan sonra düzgün nəticə çıxara bilsin, ağı-qaradan seçə bilsin. Biz bu yolda həm də tanınmış ekspertlərin fikirlərinə etimad göstəririk. Artıq o ekspertin vicdanına qalıb ki, tövsiyə olunmayanı tövsiyə, tövsiyə olunanı da tövsiyə etmir. Təbii ki, rəsmi dövlət qurumları var, dəqiqləşdirmə üçün həmin qurumlara müvafiq sorğular ünvanlayırıq. Onlar da işinin öhdəsindən gələ bilməyəndə problemlər üzə çıxır, çaşqınlıq yaranır. Məsələn, “Gədəbəy Mineral Suları” MMC-yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə əlaqədar şikayətə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə 4 həftəyə yaxındır, sorğu ünvanlamışıq, amma heç bir tutarlı cavab ala bilməmişik. “Araşdırılır” deyib durublar. Araşdırma bitmədi bəs? Ya desinlər ki, iddia doğru deyil, ya da doğruluğunu təsdiqləsinlər, “yola vermək” düzgün idarəetmə deyil, hələ də cavab gözləyirik, çünki oxucular gözləyir. Müvafiq qurumun, ekspertin davranışları göz qabağındadır, biz isə maksimum obyektiv olmağa çalışdıq. İkinci bir məsələ isə, kimsə media subyekti və jurnalistlə diktə dili ilə danışa bilməz. Diktəni yalnız qanun edir! Baş verənləri A-dan Z-yə ona görə yazdıq ki, özümüzü tamamilə haqlı hesab edirik və bunu oxucular da bilməlidir. Bizi izləyən, etimad göstərən hər kəsə təşəkkür edirik!

Koordinatorun yenilənmiş mövqeyini də əlavə edirik: “Mətbəx baxımından otellər də, restoranlar da açmışam. Amma heç birini tövsiyə etmirəm. Çünki deyəcəklər ki, özü orada işləyir. Şirkətin adını çəkmək düzgün deyil. Bir yeri kimsə tanımadan pisləyir. Mən “Qoç Ət”ə yeni gəlmişəm. Sizi dəvət edərəm, qonağımız olarsınız. Mətbəximizlə tanış olarsınız. Yeməklərin keyfiyyətinə baxarsınız. Mətbəximiz şəffafdır. Xalat qoymuşuq, müştərilərə icazə verilir ki, baxsınlar. Təmizliklə də sizə tanış edərəm. Baytar sertifikatlarını da göstərərəm. Oturub dadına baxarıq, görərsiniz, vəziyyət necədir…”

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Ağa Salamovun dediklərinə belə cavab verib:

Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar oturub, yağın içində…” Pravda.az

“Xankəndinə turist səfərinə getmişdim. Günorta yeməyində hərə bir tərəfə getdi, mən isə "Qoç Ət"i seçdim. Çünki ora Ağa Salamov kimi bir texnoloq nəzarət edir. Lakin yediyim nə lülə, nə də tikə kabab dadlı idi. Onların üç nəfər nümayəndəsini çağırdım, məsləhət verdim ki, bu nə ətidir, niyə dadlı deyil? İradlarımı bildirdim. Qeyd edim ki, lülə və tikənin masaya verilişi çox mükəmməl idi. Yanında əlavə pomidor, düyü və s. verirlər. Bu, yaxşı cəhətdir. Bunları da onlara dedim. Ağa Salamova zəng vurub iradlarımı bildirdim. O da müəyyən izahlar verdi. Vəssalam, söhbətimiz bununla bitdi. Sizin araşdırma yazınızda da yeri gəlmişkən, "Qoç Ət"in adını çəkdim. Bu restoran barədə mənə gələn telefon zənglərinə həmişə izah verməyə çalışıram. "Qoç Ət" restoranlarının ciddi nəzarət altında olduğunu hamıya bildirirəm. Ağa Salamova bunu da dedim ki, həmin restoranda yeməklər açıq yerdə bişirilir və bu da çox yaxşı cəhətdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...