"Məşqçi və idmançılarımız rinqə qalxıb, ermənilərin dərsini verdilər" - Barat İsrafilov

 "Məşqçi və idmançılarımız rinqə qalxıb, ermənilərin dərsini verdilər" -


Azərbaycan Kung-Fu Federasiyasının prezidenti Barat İsrafilov Ukraynanın Lvov şəhərində keçirilən kung-fu və uşu üzrə Avropa çempionatında Azərbaycan və Ermənistan komandaları arasında baş verən insidentin detallarını açıqlayıb.

B. İsrafilov APA-ya açıqlamasında yarış zamanı dəfələrlə erməni təxribatı ilə üzləşdiklərini və arenada Dağlıq Qarabağ separatçı rejiminin bayrağının asıldığını bildirib. O deyib ki, bayrağın zaldan yığışdırılmasına nail olsalar da, ermənilər bu dəfə vəziyyəti əlbəyaxa dava həddinə çatdırıblar: “Yarışın açılışı zamanı biz arenaya daxil olanda mən ölkələrin bayraqlarına nəzər yetirdim. Gördüm ki, Ermənistan bayrağının yanında Dağlıq Qarabağ separatçılarının bayrağı da asılıb. Buna dərhal etirazımı bildirdim. Azərbaycan komandasını arenadan çıxardıqdan sonra yazılı şəkildə təşkilat komitəsinə müraciət edərək izahat istədim və bayrağın arenadan yığışdırılmasını tələb etdim. Təşkilat komitəsi məsələni araşdırdı, bayrağın sahibini tapmaq üçün bütün komandalar yığıldı. Ermənistan komandasının üzvləri dedilər ki, bayraq bizimdir. Təşkilat komitəsi qondarma “DQR” kimi bir dövlət tanımadığını bildirərək bayrağı yığışdırdı. Bundan sonra yarış başladı. Döyüşlər zamanı 60 kq çəki dərəcəsində Azərbaycan idmançısı Orxan Mehdiyev 3-cü raundda tam üstünlüklə erməni idmançısına qalib gəldi. Bu zaman ermənilər hələ qalib elan olunmamış hakimə xalların yenidən hesablanılması ilə bağlı müraciət etdilər. Xallar hesablandı və Orxan Mehdiyevin qələbəsi bir daha təsdiq olundu. İkinci dəfə 70 kq çəki dərəcəsində yenə Azərbaycan və Ermənistan idmançıları döyüşməli oldu və bu döyüşün qurtarmasına 10 saniyə qalmış hakim döyüşü saxladı. Bu vaxt idmançımız Ellər Orucov öz məşqçisinə tərəf baxıb, növbəti tapşırıqları alarkən erməni idmançı bizim idmançını arxadan zərbə ilə vurdu və məşqçimizə yaxınlaşaraq nalayiq söyüşlər söyməyə başladı. Bu söyüşdən sonra həm məşqçi, həm də idmançılarımız rinqə qalxıb, onların dərsini verdilər. 20 dəqiqədən sonra zalda bir nəfər də olsun erməni idmançısı qalmadı, hamısı qaçıb getmişdi. Heç birinin azərbaycanlı idmançılara əl qaldırmağa cürəti çatmadı, qaçmağa üz tutdular və polisə müraciət etdilər. Təxminən 20 dəqiqədən sonra polislər hay-küylə zala girib, guya iki nəfər erməninin öldüyünü dedilər. Sonra anladılar ki, ermənilər onlara səhv informasiya verib, məsələni araşdırdılar, kadrlara baxdılar və getdilər”.

B. İsrafilovun sözlərinə görə, baş verənlərdən sonra komanda yarışdan imtina edib: “Bunun səbəbi zalda pis şəraitin olması, aşağı səviyyəli təşkilatçılıq, bayraq hadisəsi və başqa məsələlər idi. Bütün bu hadisələr zamanı Azərbaycan diasporu bizə hər cür dəstək verdi. Yarış təşkilatçılarına və lazımı orqanlara xəbərdarlıq etdilər. Nazir Azad Rəhimov şəxsən mənə zəng edərək vəziyyətlə maraqlandı. Onların hər birinə təşəkkür edirəm”.

B. İsrafilovun fikrincə, ermənilərin belə aqressiv davranışlarının səbəbi Azərbaycan ordusunun cəbhədəki üstünlüyü ilə bağlıdır: “Aprelin əvvəllərində Azərbaycan ordusunun cəbhədə apardığı uğurlu əməliyyatlar erməniləri çox qıcıqlandırıb. Onlar bu aqressiya ilə yarışa qatılmışdılar. Mən belə düşünürəm ki, onlar bəlkə də yarışa yox, məhz belə vəziyyət yaratmağa, qisas almağa gəlmişdilər. Onlar bilirlər ki, gec-tez Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və buna görə də hər cür təxribata əl atırlar”.

B. İsrafilov ötən gün Lvovda bir qrup erməninin azərbaycanlılara silahlı hücum etməsinə də münasibət bildirərək, bunun yarışlar zamanı baş verən hadisələrlə birbaşa əlaqəli olduğunu vurğulayıb: “Döyüşdə uduzduqlarını qəbul etməyib, belə bir addım atıblar. Ancaq yenə də layiqli cavablarını alıblar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...