Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər sürətlənir

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər sürətlənir


İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İranda səfərdə olub.

İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxmış, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr aparılıb.

Bildirilmişdir ki, nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindəndir. Bu baxımdan, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Aprel ayında dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.

Dəmir yolu körpüsünün tikinti xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Ümumiyyətlə, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan tərəfindən İşçi Qrupu yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...