Rəsmi Bakı ABŞ-ın hesabatına münasibət bildirdi
Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatına münasibət bildirib. AzVision.az-ın məlumatına görə, Ə. Həsənov deyib: "Hesab edirik ki, heç bir ölkə hakim qismində çıxış edərək ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyil. Bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməmək və orada əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Lakin bu tipli açıqlamalar media tərəfindən yayıldığına və dünyada neqativ rəyin formalaşmasına səbəb olduğuna görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir.
Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitəsi tam sərbəst fəaliyyət göstərir. İnsanların sərbəst toplaşmaq, öz fikirlərini müstəqil şəkildə ifadə etmək hüququna heç bir maneə törədilmir. Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi, dinamik inkişafı həm də vətəndaş cəmiyyəti institutlarına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb.
Bütün bunları nəzərə alaraq ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bildiririk. Hesabatda ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi, onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir.
Hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səthi şəkildə toxunulub, lakin işğal və təcavüz faktı, BMT-nin məlum qətnamələrinin, ayrı-ayrı beynəlxalq təşkilatların sənədlərinin Ermənistan tərəfindən rədd edilməsi, rəsmi Yerevanın destruktiv mövqeyi səbəbindən bu münaqişənin 20 ildən artıqdır, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması barədə bir kəlmə belə deyilməyib.
Əgər ABŞ həqiqətən də dünya ölkələrində demokratiyanın, insan hüquq və azadlıqlarının vəziyyətini şərh etmək niyyətindədirsə, obyektiv görünmək üçün ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidir. Bundan başqa, insan haqlarının vəziyyətinin dəyərləndirilməsi ilə bağlı bütün dünya ölkələrinə, o cümlədən ABŞ-ın özündə yaşanan proseslərə də vahid standart müəyyənləşdirilsin və qiymət verilsin. Hər halda, Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi. Həmçinin, ABŞ başda olmaqla bəzi Qərb dairələrinin siyasəti nəticəsində Şərqdə, müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin günahkarlarının və məsuliyyətinin araşdırılması, fikrimizcə, Azərbaycandakı demokratiyanın mikroskop altında təhqiqindən daha aktual görünür.
Bütün bu məsələlərə aydınlıq gətirilməmiş ABŞ-ın demokratiya və insan haqlarının durumuna görə hər hansı ölkəni ittiham hədəfinə çevirməsi özünüifşadan başqa bir şey deyildir və dünyada Amerikaya olan-qalan inamın tam itməsinə xidmət edir".
1176 dəfə oxundu