Əfv Komissiyası siyahıdan kənar şəxsin əfvi ilə bağlı məlumatlarla əlaqədar açıqlama yayıb

Əfv Komissiyası siyahıdan kənar şəxsin əfvi ilə bağlı məlumatlarla əlaqədar açıqlama yayıb


Prezident yanında Əfv Məsələləri Komissiyası mətbuatda prezidentin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə yayılmış məlumatlarla əlaqədar açıqlama yayıb.

APA-nın xəbərinə görə, Komissiya bildirir ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır. Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur.

Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.

Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir.

Qeyd olunan səbəbdən Komissiya tərəfindən əlavə yoxlamanın aparılması zərurəti yarandığından məhkum Mahmudov Elvin Bəxtiyar oğlu barəsində müraciətə baxılması təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...