“Gəncəbank”la məhkəmədə çəkişən qadının qızını oğurlamaq istədilər

“Gəncəbank”la məhkəmədə çəkişən qadının qızını oğurlamaq istədilər


“Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova ilə məhkəmədə çəkişən Natalya Kərimovanın qızının oğurlanmasına cəhd olub. Bu haqda “Yeni Müsavat”a N.Kərimovanın qızı Rüxsarə Kərimovanın özü məlumat verib. R.Kərimova deyib ki, artıq olay haqda polisə məlumat verib: “Goranboyda yer icarəyə götürüb işləyirəm. İş yerim 2-ci mərtəbədə yerləşir. Bu gün səhər iş yerimə 5 nəfər gəldi. Onlardan biri qadın idi. Onlardan 4-nü tanımıram, əvvəllər görməmişdim. Anamla bağlı suallar verməyə başladılar. Yerini soruşdular. Anamın harada olması ilə maraqlandılar. Dedilər ki, sənin ananın, bacının başına bu qədər oyun gəlib, indi bu nədir, yenidən başlamısız? Anan niyə gözəllik salonunu tələb edir? Ağlınıza gəlmir, başa düşmürsüz ki, nə istəyirsiz? Dedilər ki, indi səni buradan götürüb “baqajnik”ə salarıq, apararıq. Ananın ağlı başına gələr. Çox qorxdum, qışqırmağa başladım. 1-ci mərtəbədə olan işçilər səsimi eşidib polis çağırıblar. Polislər gəlincə onlar qaçdılar”.

R.Kərimova deyib ki, iş yerinə soxulan şəxslərdən birini tanıyıb: “Həmin şəxs “Gəncəbank”da işləyir. Polisə də bunu dedim. Bura gəldikləri maşının nömrəsini polisə verdik. Polis müəyyən etdi ki, maşın “Gəncəbank”ındır”. Qəzet məsələ ilə bağlı “Gəncəbank”la əlaqə saxlamağa çalışıb, lakin zənglər cavabsız qalıb. Yada salaq ki, Natalya Kərimova prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə məktub ünvanlayıb. Məktub müəllifi “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, mülklərini zorakılıqla ələ keçirdiyini bildirir, səlahiyyət sahiblərindən imdad diləyirdi.

N.Kərimova demişdi ki, P.Novruzovanın göstərişi ilə onu və qızını oğurlayaraq Gəncə ətrafında bir əraziyə aparıb zirzəmiyə salıblar. Orada qızının zorlanması təhdidi ilə əmlaklarından imtina etməsinə nail olublar, ölkədən çıxarıblar. Aradan illər ötəndən sonra N.Kərimova ölkəyə qayıdıb və məhkəmələrə üz tutub. Məlum olub ki, N.Kərimova ölkədən çıxarılandan sonra P.Novruzova məhkəməyə müraciət edərək onun əmlaklarının adına keçirilməsinə nail olub. Lakin N.Kərimovanın vəkili Ceyhun Yusifovun məhkəmələrə müraciətindən sonra P.Novruzovanın iddiası əsasında çıxarılan qiyabi qətnamə ləğv olunub. Bundan sonra əmlaklar avtomatik olaraq N.Kərimovaya qaytarılmalı olsa da bu, baş verməyib. P.Novruzova N.Kərimovanın əmlaklarını qaytarmaq istəmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...