Azərbaycanda eroziya prosesi sürətlə inkişaf edir Eroziya və Suvarma İnstitutu

Azərbaycanda eroziya prosesi sürətlə inkişaf edir


“Tədqiqat nəticələri olaraq, Böyük Qafqazın şimal-şərq baxarlığındakı Quba, Qusar, cənub-şərq baxarlığındakı Şamaxı, Ağsu, Qəbələ, İsmayıllı və Kiçik Qafqazın şimal-şərq yamacındakı Daşkəsən, Göygöl rayonlarını Azərbaycanda eroziyaya, xüsusən sürüşmə və aşınma təhlükəsi olan ərazilər siyahısına aid etmək olar”. Bunu APA-ya AMEA Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.

O bildirib ki, relyefdən asılı olaraq, təqribən 50 % sahə çox şiddətli və şiddətli, 26 % sahə zəif, 24 % sahə isə orta dərəcəli eroziyaya uğrayıb: “Bunu bilmək vacibdir ki, ölkə ərazisində son vaxtlar eroziya prosesi şiddətli dərəcədə inkişaf etməkdədir. Bunun əyani təzahürü olaraq, 30-dan çox rayonda ərazi torpaqlarında bu və ya digər dərəcədə müxtəlif növ eroziya prosesi vüsət alıb. Eroziyanın inkişafı sayəsində ən çox bioloji aktivliyini itirən torpaqların əkin dövriyyəsindən çıxma təhlükəliliyi ilə seçilən ərazilər siyahısına daxil olan rayonlar Ordubad (87,75 %), Şahbuz (80,25%), Culfa (80,77%), Şərur (69,90%), Qax (75,16%), Quba (73,78%), Qusar (81,37%) Şəki (74,87%), Oğuz (65,31%), Daşkəsən (52,76%), Göygöl (68,63%), Tovuz (60,92%), Qazax (60,83%) Dəvəçi (68,24%) və başqalarıdır”.

Z. Əliyevin sözlərinə görə, Azərbaycanda ərazi torpaqlarının ayrı-ayrı bölgələrində müxtəlif rəqəm ölçülü eroziya uğrama dərəcəsi ilə müşayiət olunmasına baxmayaraq, ümumilikdə orta eroziya təhlükəlilik faizi 90-cı illərlə müqayisədə artaraq 42,3 faiz təşkil edir: “Bu, real faktdır. Bu isə öz növbəsində həmin dövrdə həm təbi, həm antropogen təsirlərdən və eləcə də torpaqlardan qeyri-səmərəli istifadə səbəblərindən yaranmış vəziyyətlə səciyyələnir”.

Z. Əliyev qeyd edib ki, eroziya prosesi kifayət qədər təhlükə doğuran bir problemdir: “Eroziya inkişaf edən ərazi torpaqları zaman-zaman, əsasən də təbii münbitliklərinin itirilməsi hesabına müxtəlif dərəcədə öz bioloji aktivliyini itirərək, məhsuldarlığı aşağı düşür və nəticədə əkinə yararsız hal alır ki, məhz bu baxımdan da onlar əkin dövriyyəsindən çıxma halına düşür. Bununla yanaşı, eroziyanın daha təhlükəli son halları olan - yarğan, qobu eroziyaları, torpaq sürüşməsi, səhralaşma və son zamanlarda isə daha təhlükəli sayılan, məhz müharibə zonası ərazi torpaqlarımızda inkişaf tapmış “hərbi eroziya” ölkə ərazisinin 20 %-dən çox hissəsini əhatə etdiyi kifayət qədər ciddi fakt olub, elmi ictimaiyyət qarşısında qoyulan bu qlobal problemin tədqiqinə hüquqi əsaslı qiymət tələb edir”.

Z. Əliyev onu da qeyd edib ki, Eroziya və Suvarma İnstitutu tərəfindən mövcud su qıtlığı yaşanan respublika ərazi torpaqlarından əkinçiliyin inkişafı baxımından çoxsaylı patent rəqabətli müasir yeni texnologiyalar işlənilib tətbiq edilir: “Bunların böyük əksəriyyəti mövcud problemlərin müxtəlifliyindən asılı olaraq, məhz kompleks yanaşma qaydasında eroziya prosesinə qarşı elmi əsaslı mübarizə üsulları olub, onların faktiki inkişaf intensivliyinin səngidilməsinə xidmət edir. Hazırda ölkə ərazi torpaqlarımızın potensial eroziya təhlükəlilik vəziyyətinin dəqiqləşdirilməsi baxımından GİS texnologiyasından istifadə edərək onların rəqəmsal elektron eroziya təhlükəlilik xəritələri işlənilib hazırlanır və yerlərdə tətbiqə tövsiyə olunur. Bu barədə həm də tərəfimizdən yerlərdə torpaq istifadəçiləri arasında maarifləndirmə tədbirləri həyata keçirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...