Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı - AÇIQLAMA

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı -

Tanınmış vəkil Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırıb.Vəkil özü bu haqda açıqlama yayıb. O deyib ki, bundan sonra elmi fəaliyyətlə məşğul olacaq:

"Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, yəni dayandırıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunya görüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir”.

O, vəkillik fəaliyyəti dövründə qazandığı uğurlar zamanı həmişə yanında olanlara təşəkkür edib: "Sizə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövrlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram. Məncə hər bir insan qarşısına kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o hədəfin zirvəsinə çatanda yorğunluğun dadını belə çıxara bilsin. Təvəzökarlıqdan kənarda olsa düşünürəm ki, hüquq sahəsində həm sözümü demişəm, həm də eşidilmişəm. Çalışmışam boşuna, havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər”.

Adəm Məmmədov bildirib ki, hüquq sahəsində həmvətənlərini marifləndirmək üçün Lider TV kanalında həm rəhbəri, müəllifi və aparıcısı olduğu "Hüquq və Ədalət” adlı layhiyəni həyata keçirib, eyni zamanda ictimai fəaliyyəti kimi Qanunla.az və Fakttv.com saytlarını yaradıb: "Bütün bunları sadalamaqda məqsədim odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni bu sahədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü, bu sahəni də sizin üçün maraqlı etmək məqsədi ilə dedektiv-kriminal janrda başladığım maraqlı əsərimi tamamlayıb, sizlərə təqdim etmək fikrim var”.

Sonda vəkil xatırladıb ki, daha vəkil kimi icraatına heç bir iş qəbul etmir: "Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...