"Lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır" - Deputatdan sərt cəza TƏLƏBİ

"Lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır" -

Deputat Vahid Əhmədov Mingəçevirdə baş verən elektrik enerjisi qəzası və Gəncədəki qanlı hadisələrlə bağlı “Yeni Müsavat”a geniş müsahibə verib.

- Vahid bəy, kifayət qədər siyasi təcrübəli şəxs olaraq son günlər ölkəmizdə baş verənləri necə dəyərləndirirsiniz, mövcud vəziyyətlə bağlı narahatlığınız varmı?

- Əlbəttə, vəziyyətdən ciddi şəkildə narahatam. İlk olaraq deyim ki, belə hadisələrin baş verməsini hansısa bir məmura qarşı adi cinayət kimi qəbul etmək olmaz. Bu, çox ciddi bir prosesdir və bu prosesin də həyat keçirilməsində xarici qüvvələrin əli var. Bunu ilk gündən demişəm. Qəfildən Mingəçevirdə məlum hadisələrin baş verməsi, daha sonra Gəncədə icra başçısına sui-qəsd edilməsi, ardınca iki polis zabitinin öldürülməsi... Allah polislərimizə rəhmət eləsin, deyirlər hər ikisi çox yaxşı insanlar olub, onlar barədə müsbət fikirlər səslənir. Cərəyan edən hadisələr onu göstərir ki, Azərbaycana qarşı bir mərkəzdən idarə olunan proses gedir. Fikir verin, son vaxtlar Azərbaycanda iqtisadi sahədə bir sıra problemlər olsa da, çox ciddi layihələr həyata keçirilməyə başladı.

TANAP-TAP layihəsi ilə əlaqədar ciddi addımlar atıldı. Azərbaycan öz qazını Avropaya çıxarmaq ərəfəsindədir. Bu ilin axırında yəqin ki, layihənin ilk hissəsi yekunlaşdırılacaq, 2020-ci ildə isə ikinci hissə başa çatdırılacaq. Açığını deyim, əvvəldən də Rusiya dövləti bu layihənin reallaşdırılmasının əleyhinə idi. Moskva deyirdi ki, gəlin Azərbaycan qazını Rusiya vasitəsilə Avropaya çıxaraq. Çünki Avropa bazarında olan bu hegemonluq Rusiyaya məxsusdur. Amma cənab prezident öz uzaqgörənliyini bir daha göstərərək, Azərbaycanın müstəqilliyini ön plana çəkərək, belə bir layihəni Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxartmaq qərarını verdi, bu da uğurla həyata keçirilir. Bu layihənin reallaşması həm Avropanın marağındadır, həm də ABŞ-ın, ona görə də bizə bu layihədə dəstək verirlər. Mən belə hesab edirəm ki, bütün bu hadisələrin məğzi məhz həmin proseslərlə əlaqədardır.

- Siz təhlükəli proseslərin Rusiyadan idarə olunduğu qənaətindəsiniz?

- Rusiyadan da ola bilər, İrandan da. Amma məqsəd budur: Azərbaycanın daxilində ciddi problemlər yaratmaq, Azərbaycanın müstəqilliyinə zərbə vurmaq və insanlarda “Azərbaycan müstəqil dövlət kimi yaşamaq iqtidarında deyil” və s. kimi rəy formalaşdırmaq istəyirlər. Son vaxtlar bəzi dövlət xadimlərinin, siyasət adamlarının da çıxışlarını izləyirəm ki, deyirlər Qarabağ məsələsini yalnız və yalnız Rusiya həll edə bilər...

- Eks-prezident Ayaz Mütəllibovun dediklərini nəzərdə tutursunuz?

- Mən onun da müsahibəsini oxudum. Bu fikirlərlə tamamilə razı deyiləm. Əvvəla, Qarabağ məsələsi çox böyük problemdir. Artıq bu, siyasiləşmiş məsələdir. Qərb, ABŞ, Türkiyə olmadan Rusiya heç vaxt bu problemi təkbaşına həll edə bilməz. Ancaq Azərbaycan istəsə, Qarabağ məsələsini hərbi yolla həll edə, torpaqlarını azad edə bilər. Burada isə müəyyən ciddi problemlərin yaranmasını gözləmək olar. Necə ki, cənab prezident həmişə deyir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Bəzi siyasət adamlarının Rusiyanı bu qədər şişirtməsi və Rusiyanın bu məsələni həll edəcəyini deməsi ilə qəti şəkildə razılaşmıram, bunu qəbul etmirəm.

Rusiya bizim strateji müttəfiqimiz, qonşumuzdur, onunla çox ciddi iqtisadi-siyasi, humanitar əlaqələrimiz var. Dövlət başçılarının da münasibətləri yüksək səviyyədədir. Amma Rusiyanın digər dövlətlərdə apardığı işğalçılıq siyasətini qəbul etmirəm. Biz müstəqil dövlətimizi qurmuşuq. Bu dövlət özbaşına qurulmayıb axı, dövləti quran, bu yolda canından keçən insanlar olub. Çalışmaq lazımdır ki, bu münasibətlər normal şəkildə inkişaf etsin. Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb da, mən yaratmışam?! Bəlkə başqa dövlətlər yaradıb? SSRİ yaratdı, onun da varisi Rusiyadır. 1994-cü ildə atəşkəs haqqında sazişi imzalamışıq. 24 ildə Rusiya deyibmi ki, gedin 1 kv m. torpağınızı azad edin? Yox. Yalnız iki dəfə, aprel döyüşlərində və Naxçıvan istiqamətində ərazilərimizin bir hissəsini azad etdik, bu da prezidentin göstərişi ilə həyata keçirildi. Biz 70 il bu dövlətin əsarətində olmuşuq. Baxmayaraq ki, müəyyən müsbət cəhətləri də olub, biz o vaxt təhsil almışıq və s. Həmçinin digər müsbət amillər də olub.

Amma biz öz sərvətlərimizə, neft-qazımıza heç vaxt sahib olmamışıq. Yalnız müstəqilliyimiz elan olunandan sonra bunun bəhrəsini görməyə başlamışıq. Düzdür, indi müəyyən çətinliklər, problemlər ola bilər, amma vaxt gələcək bizim övladlarımız daha firavan yaşayacaq, Azərbaycan demokratik, inkişaf etmiş bir dövlət kimi dünyada mövcud olacaq. Ona görə də hesab edirəm ki, baş verən hadisələr bizim üçün qəbuledilməzdir. Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da çox düzgün olaraq bildirdi ki, müstəqillik illərində bir neçə belə cinayət törədilib, lakin həmin qüvvələr niyyətlərinə çatmayıb. Dövlət başçısı Azərbaycanda xalq-iqtidar birliyinin olduğunu deməklə yanaşı, qətiyyətlə bildirdi ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Bu hadisələri törədən şəxslərlə bağlı ciddi araşdırma aparılmalı, onlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

- Sosial şəbəkədə bir yanaşmanı gördüm ki, əgər Gəncənin Vahid Əhmədov kimi deputatı, yaxud icra başçısı olsaydı, bəlkə də vəziyyət bu qədər kritik həddə çatmazdı, insanlarla təmas yaradıb gərginliyi azaltmaq olardı, necə ki, Qubada daha ağır faciələrin baş verməməsi üçün əlindən gələni etdi. Bu kimi yanaşmalara münasibətiniz necədir? Yeri gəlmişkən, dövlət başçısı da hər zaman məmur-vətəndaş münasibətləri il bağlı tövsiyə və xəbərdarlıqlarını edib. Siz burada daxili amillərin rol oynadığı barədə fikirləri bölüşürsünüzmü?

- Mənimlə bağlı fikirləri oxumamışam. Amma məmur-vətəndaş münasibətinə toxunmaq istərdim. Cənab prezident də dəfələrlə bu barədə mövqeyini ifadə edib. Bu, çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var. Prezident hər zaman icra başçılarını, nazirləri təyin edəndə onlara tövsiyələr verir. Ona görə də mən həmişə məmurlara deyirəm ki, sizin ibrət dərsi götürəcəyiniz şəxs var. Prezidentin vətəndaşlarla, insanlarla münasibətini həmişə göz qabağına gətirin, bu münasibətlər həmişə sizin üçün nümunə olsun! Çox təəssüflər olsun ki, bəzi icra başçıları - hamısını deyə bilmərəm, yaxşıları da var, amma əksəriyyəti - məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər yaradırlar. Onlar özlərini vətəndaşdan yuxarıda hissi edirlər, insanları aşağıda görürlər, bu, qəbuledilməzdir! Hesab edirəm ki, Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar. Heç bir günahı olmayan iki polisin öldürülməsi qəbuledilməzdir. Onların ana-bacıları, balaları niyə gözüyaşlı qalmalıydı? Onların bu məsələlərdə heç bir günahı yoxdur.

Ümumiyyətlə, bu silsilə xarakterli hadisələrin hamısı idarə olunan hadisələrdir. Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin! Mən baş verənləri adi hadisələr saymıram. Bilirsiniz ki, mən müstəqilliyin qorunması uğrunda istənilən varianta hazıram. Hiss etsəm ki, bu gün Azərbaycanın müstəqilliyinə hansısa ciddi təhdid var, istənilən vaxt həmin insanlara qarşı mübarizə aparmaq əzmindəyəm. Çünki müstəqillik bizim üçün çox əzizdir, müstəqilliyimiz əbədi və daimi olmalıdır.

- “Azərenerji”də baş verənlərdə necə, xarici amillərin rolu ola bilərmi?

- Hər şey ola bilər, niyə ola bilməz? Mən heç nəyi istisna etmirəm. Elə bilirsiniz daxildə xarici ölkələri müdafiə edən insanlarımız yoxdur? “Beşinci kolon” təhlükəsi var. Elə son vaxtlar bu təhlükələrlə bağlı sizin qəzetdə nə qədər yazılar gedib. Ola bilər ki, həmin insanların da o dövlətlər qarşısında müəyyən öhdəlikləri var, bu, istisna deyil. Ona görə də məsələlər ciddi araşdırılmalıdır. Dövlət Təhlükəsizlik Xidmətində kifayət qədər təcrübəli insanlar çalışır. Mən şəxsən Mədət Quliyevi tanıyıram, təcrübəli bir insandır. Yəqin ki, bu hadisələrlə ciddi məşğul olub, həmin insanların müəyyən edilməsinə və cəzalandırılmasına nail olacaqlar.

Bir məsələyə də toxunmaq istəyirəm. Baxıram ki, “Azərenerji” ilə bağlı geniş müzakirələr gedir. İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri bu sistemə külli miqdarda vəsait xərcləmişik. Həmçinin 30-dan çox elektrik stansiyaları tikilib, istifadəyə verilib. Əvvəllər işıqla əlaqədar rayonlarda, elə paytaxtımızda çox ciddi problemlər var idi. Amma son hadisələrə qədər elə ciddi problem yox idi. Birincisi, o vəsaitin xərclənməsinin hamısını Etibar Pirverdiyevlə bağlamaq olmaz. Buna məsul olan digər qurumlar da var. Azərbaycan hökuməti, Nazirlər Kabineti, bu qurumda həmin sahəyə məsul şəxslər, şöbələr var, həmçinin baş nazirin müavini var. Mingəçevir İES həmişə nəzarətdə olub. Mən baş nazirin birinci müavini olanda mütəmadi şəkildə ora getmişik, baxmışıq, müəyyən işlər görülüb. Görünür, son vaxtlar bu məsələ nəzarətdən yayınıb. Ona görə də araşdırmanı ciddi aparmaq lazımdır. Azərbaycanda xüsusi nazirlik yaradılıb, Energetika Nazirliyi, o nazirlik nə ilə məşğul olur? Orada xüsusi şöbələr, nəzarət orqanları var. Bunlar araşdırılmalıdır ki, günahkarların kimliyi barədə əhaliyə məlumat verilsin.

- Gəncə hadisələrinin prezidentin Brüssel səfəri, NATO sammitinə qatılması, Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində baş verməsi bu əməkdaşlıqda maraqlı olmayan qüvvələrin sürprizi, təxribatı sayıla bilərmi? Dövlət başçısı da NATO zirvəsində iştirakdan bəhs edərkən dedi ki, “Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir”. Əminliklə demək olarmı ki, Bakı Avrointeqrasiya xəttindən imtina etməyəcək?

-Yox. Proses gedir. Mən həmişə demişəm, razılaşmayanlar da olub, amma Azərbaycan Avropaya inteqrasiya etməlidir, edəcək də. Biz istəsək də, istəməsək də. Avropa İttifaqı ilə imzalanan saziş bir daha onu göstərdi ki, yolumuz budur. Nə qədər ağır, çətin yol olsa da, biz bu yolu getməliyik, gedirik, necə ki, belə bir saziş imzalandı. Digər tərəfdən, NATO-nun sammitində cənab prezidentinin iştirakı elə-belə məsələ deyildi. Biz onsuz da Avropa ilə, ABŞ-la işləyirik. Məqsədimiz də ondan ibarətdir ki, müstəqilliyimizə kimsə toxunmasın. Bizim heç kimin puluna, köməyinə ehtiyacımız yoxdur. Azərbaycan kifayət qədər özünü dolandırmaq imkanına malikdir. Ona görə də biz normal, yüksək səviyyədə iqtisadi, siyasi, humanitar və v. əlaqələrimiz olsun. Müstəqillik məsələsini isə biz heç kəsə güzəştə getməyəcəyik.

- Prezident seçkiləri önə çəkiləndə bəzi ekspertlər deyirdilər ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. Baş verənlər həmin proqnoz və məlumatların doğru olduğu qənaətini yaratmırmı?

- Ümumiyyətlə, hər dəfə prezident seçkiləri ərəfəsində ölkəmizə müəyyən sürprizlər etmək istəyirlər. 2013-cü ildə də sürprizlər hazırlanmışdı, o təhlükə də şimaldan gəlirdi. İndi də ola bilər. Açığını deyim, bu sürprizlər Qərbdə də hazırlana bilər. Çünki hər bir dövlət Azərbaycan kimi varlı, perspektivli ölkəni öz yanında olmasını, onun maraqlarına cavab verməsini istəyir. Azərbaycan hökuməti, dövləti müəyyən məsələlərdə bir qədər ehtiyatlı olmalıdır. Birincisi, cənab prezidentin göstərişləri var məmur-vətəndaş münasibətləri ilə bağlı. Birmənalı şəkildə bu, qaydaya salınmalıdır. Cənab prezidentin hökumətin son iclasında qaldırdığı korrupsiya və rüşvətxorluq məsələləri ilə bağlı ciddi tədbirlər görülməlidir. Düzdür, bunu tamamilə ləğv etmək mümkün deyil, bütün dövlətlərdə mövcuddur. Amma biz çalışmalıyıq ki, korrupsiya və rüşvət ölkədə ciddi şəkildə azalsın. Bu məsələləri həll etməliyik. Necə ki, “ASAN Xidmət” yaradıldı, müəyyən neqativlər aradan qaldırıldı, bu işləri davam etdirmək lazımdır ki, ölkəmizdə ciddi problemlər yaranmasın. Unutmayaq ki, korrupsiya və rüşvət bizim dövlətimizin imicinə, milli təhlükəsizliyimizə zərər vuran məsələlərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...