Mingəçevir qəzasını araşdıran komissiya nə iş görüb? - Deyəsən, bekarçılıqdır...

Mingəçevir qəzasını araşdıran komissiya nə iş görüb? -

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verdi. Hadisənin gündüz saatlarında da təkrarlanması nəticəsində ölkə işıqsız qaldı, nəqliyyat sahəsi iflic oldu, kommunal xidmətlərin verilişində problem yarandı. Baş verən qəza ölkə iqtisadiyyatına da xeyli zərər vurdu.

Hadisədən dərhal sonra prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradıldı.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə ölkə başçısına məlumat verməli idi.

Həmçinin Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməli idi.

Hadisədən bir gün sonra Dövlət Komissiyasının tərkibinə daxil olan vəzifəli şəxslər hadisə yerinə getdilər. Bununla bağlı yayılan məlumatda qeyd olundu ki, komissiyanın üzvləri Mingəçevirdə qəzanın başvermə səbəblərini müəyyən etmək istiqamətində işləyiblər.

İyulun 4-də prezident yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirildi. Həmin müşavirədə də yaradılmış komissiyanın üzvləri çıxışlar edərək, hadisə ilə bağlı ölkə başçısına məlumatlar verdilər. Prezident tapşırdı ki, qəzanın səbəbləri araşdırılsın və hadisə ilə bağlı geniş məlumat verilməlidir.

Artıq hadisədən 17 gün keçməsinə baxmayaraq, komissiya qəza ilə bağlı ictimaiyyətə konkret fikir açıqlamayıb. Məsələ ilə bağlı Real TV-yə açıqlamasında energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva aşağıdakıları deyib: “Prezidentin sərəncamı ilə yaradılmış dövlət komissiyası İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin araşdırılması ilə yanaşı, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planının hazırlanması, Mingəçevir İstilik Elektriik Stansiyanın təftişi prosesinə beynəlxalq auditin cəlb edilməsi, eləcə də ölkəmizin bütün enerji sisteminin təhlilində beynəlxalq, bu sahədə peşəkar qurumların iştirakının təmin edilməsi ilə bağlı fəaliyyətini davam etdirir. Bu tədbirlərin həyata keçirilməsi üçün artıq işçi qrupu yaradılıb, yerli və beynəlxalq ekspertlər bu prosesə cəlb olunub. Ölkənin enerji sisteminin etibarlığı və dayanıqlığının təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirilir, intensiv araşdırmalar aparılır. Stareji obyektlərin enerji ilə təminatının alternativ mənbələrlə təmin olunması ilə bağlı təkliflər hazırlanır”.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl söyləyib ki, əslində komissiya 3 gün ərzində araşdırmanın nəticəsini ortaya qoymalı idi:

“Sərəncamdan sonra ilkin araşdırma ortaya qoyulmalı idi. Növbəti kompleks araşdırmada isə qəzanın səbəbi geniş şəkildə açıqlanmalı idi. Obyekt nə qədər böyük olsa da bu, qəzadır. Bu, çox vacib, həyati əhəmiyyətli olan obyektdir. Ona görə də komissiya bununla bağlı araşdırmanı çox uzada bilməz. Araşdırmadan sonra problemin aradan qaldırılmasının yolları da deyilməli idi ki, belə bir hadisə bir də baş verməsin. Bu, kiminsə şikayət ərizəsi deyil ki, 1 ay müddətində baxsınlar. Məsələ 10 milyon xalqın həyati vacib obyektindəki qəzadan gedir. Mən İES-lərə bələdəm və bilirəm ki, maksimum 3 gün ərzində səbəbləri araşdırmaq olardı. Bu, həyati vacib obyektdir. Çörək, su, işıqla bağlı heç bir məsələni gecikdirmək olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...