Mingəçevirdəki qəzaya görə iyul ayının işıq pulu qəsdən artırılıb?

Mingəçevirdəki qəzaya görə iyul ayının işıq pulu qəsdən artırılıb?

Havaların anomal isti keçməsi ilə əlaqədar iyul ayında istehlakçılar arasında elektrik enerji sərfiyyatı artıb.

Bunu Sonxeber.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev istehlakçılara iyul ayı üzrə elektrik enerji sərfiyyatına görə verilən bildirişdə ödəniləcək məbləğin əvvəlki aylarla müqayisədə bir neçə dəfə çox olmasına və məbləğin süni artırılmasına dair iradlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, istehlakçılara bildiriş hər bir sayğacın öz göstərici əsasında verilir: "Üçüncü şəxs orada özündən bir rəqəm də olsun artırıb yaza bilməz. Sayğac nə göstərirsə, fərdi qaydada hər bir istehlakçı onun əsasında bildiriş alır. Əgər kiminsə narazılığı varsa, bizim əməkdaşlarımızı dəvət etməklə birlikdə sayğacın göstəricisinə baxıla bilər. Hər bir istehlakçının hüququdur ki, sayğacın göstəricisini özü görsün, özü nəzarət etsin. Əgər istehlakçının narazılığı varsa və bildirişlə bağlı yanlışlıq olduğunu düşünürsə, müraciət etsin. Amma mən inanmıram ki, elektrik enerji sərfiyyatına görə bildirişdə artıq məbləğ yazılsın. Kim elektrik enerjisindən nə qədər istifadə edirsə, ona müvafiq də ödəniş edir və bildiriş alır".

T. Mustafayev qeyd edib ki, iyul ayında havaların normadan artıq isti keçməsi ilə əlaqədar kondisionerlərdən istifadə halları artıb: "Bu da istehlakçılar arasında elektrik enerji sərfiyyatının artmasına birbaşa təsir göstərib. İstehlakçılar əvvəllər kondisionerdən məsələn, 2-3 saat istifadə edirdilərsə, iyulda bu göstərici 5-6 saat təşkil edib. Bu da sərfiyyatın artmasına gətirib çıxarıb".

T. Mustafayev onu da əlavə edib ki, iyul ayında ölkə üzrə elektrik enerjisindən istifadə üzrə statistik məlumatlar hələ mövcud deyil.

Xatırladaq ki, ötən ay Mingəçevir İES-də qəza baş verdiyinə ölkə ərazisi işıqsız qalmış və böyük maddi ziyan dəymişdi. Bəzi istehlakçılar bunu əsas gətirərək iyul ayı üzrə enerji sərfiyyatına görə ödənişlərin qəsdən artırıldığını iddia edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...