Daşkəsəndə müəllimlərin sentyabr konfansı keçirilib - FOTOLAR

Daşkəsəndə müəllimlərin sentyabr konfansı keçirilib -


Sentyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev, 200 nəfərdən çox müəllim və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:
- Mən sizi və sizin şəxsinizdə rayonumuzun bütün müəllimlərini və pedaqoji kollektivlərini rayon ictimaiyyəti və şəxsən öz adımdan salamlayır, fürsətdən istifadə edib bütün təhsil işçilərini 2018-2019-cu dərs ilinin başlanması, qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik edir və yeni dərs ilində sizin hər birinizə yeni-yeni nailiyyətlər diləyir, konfransın işinə də uğurlar arzulayıram.
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri hər zaman xüsusi yer tutmuşdur. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli inkişafında, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, onu yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu Öndər həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
Müstəqilliyimizin ilk illərində ölkənin maliyyə çətinliyi qarşısında qaldığı, ən mühüm həyati əhəmiyyət kəsb edən sahələri belə maliyyələşdirməyə dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərir, çətinliklərə baxmayaraq, büdcədən təhsilə ayrılan vəsaiti ildən-ilə artırırdı. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi Heydər Əliyevin daim diqqət mərkəzində duran məsələlərdən idi. Ulu Öndər 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqının artırılması ilə əlaqədar 9 dəfə Fərman imzalamışdır. Hər il ən yüksək bal toplayaraq ölkənin ali məktəblərinə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, Prezident fərmanı ilə “Qızıl kitab”ın təsis olunması da bu qayğının bariz nümunəsi idi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil strategiyası bu gün ölkə Başçısı çox hörmətli möhtərəm cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir. Ölkədəki ictimai-siyasi sabitlik və dinamik tərəqqi təhsil sahəsinin inkişafına da geniş imkanlar yaratmışdır.
Ölkədə təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılmasına, milli təhsilimizin inkişafı istiqamətində görülən işlərə yüksək dəyər verən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin demişdir: “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
Daşkəsəndə müəllimlərin sentyabr konfansı keçirilib -

Ölkə Başçısının ali diqqət və qayğısı sayəsində respublikanın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Təkcə son 7 ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilmiş, bir çox təhsil müəssisələri isə əsaslı və cari təmir edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq pilot layihə çərçivəsində rayonun Güneykənd və Şahvələdli kəndlərində modul tipli məktəblər artıq quraşdırılmışdır və istifadəyə verilməsi üçün son tamamlama işləri aparılır. Daşkəsən qəsəbəsində, Almalı və Gurbulaq kəndlərində isə modul tipli məktəblərin quraşdırılmasına başlanmışdır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 nömrəli Sərəncamı olmuşdur. Həmin Sərəncam əsasında Daşkəsən Rayon İcra Hakimiyyətinin 03 fevral 2015-ci il tarixli 09 nömrəli sərəncamı ilə “Daşkəsən rayonunda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilərək aidiyyəti üzrə çatdırılmış, icrası mütəmadi nəzarətdə saxlanılır.
Xüsusilə qeyd olunmalıdır ki, Daşkəsən rayonunda da Dövlət Strategiyasından irəli gələn Fəaliyyət Planının, təhsil islahatlarının həyata keçirilməsi nəticəsində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin əmək haqlarının artırılması, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində çox müsbət nəticələr əldə edilmişdir.
Birmənalı olaraq bildirirəm ki, rayonumuzda təhsilin inkişafı üçün atılan bütün addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına olan diqqət və qayğısının əyani göstəricisidir.
Daşkəsən rayonunda təhsilin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevə bütün daşkəsənlilər adından öz dərin minnətdarlığımızı bildiririk!
Məlumat üçün diqqətinizə çatdırım ki, hal-hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si ibtidai məktəbdir.
Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 605 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin tədris müəssisələrinə 3 mindən artıq şagird cəlb olunmuşdur. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən daim nəzarətdə saxlanılır.
2017-2018-ci dərs ilində rayonun ümumtəhsil məktəblərinin 9-cu sinfində təhsil alan 269 şagirddən 243-ü ümumi orta təhsil haqqında attestat və 11-ci siniflər üzrə 188 şagirdin hər biri tam orta təhsil haqqında attestat almışdır. Onlardan 2 nəfər 9-cu sinif üzrə, 8 nəfəri isə 11-ci sinif üzrə fərqlənmə attestatına layiq görülmüşdür.
Bu il rayonun orta məktəb məzunlarından 95 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 55 nəfəri ali, 17 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən, 8 nəfəri 500-dən yuxarı bal toplamışdır.
Etiraf etməliyik ki, ali məktəblərə qəbulun keyfiyyət göstəriciləri ötən illərlə müqayisədə xeyli yüksək olmuşdur və bu həqiqətən pedaqoji kollektivlərimizin uğurlu fəaliyyəti kimi qiymətləndirilməlidir.
Bu məqamda bütün müəllimlərimiz adından Daşkəsən rayon təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Təhsil naziri hörmətli Ceyhun Bayramova dərin təşəkkürümüzü çatdırırıq.
Ötən tədris ilində uğurlarımızla yanaşı, nöqsanlarımız da olub. Belə ki, bir sıra məktəblərdə bəzi problemli məsələlər bu günədək həll edilməyib. Elə məktəblər də vardır ki, illərdir həmin məktəblərdən ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan yoxdur. Bəzi məktəblərdə isə müəllimlər öz işlərinə çox vaxt məsuliyyətsiz yanaşırlar. Şagirdlərin təhsilə cəlb edilməsi işində də əsaslı dönüş yaradılmalıdır. Birmənalı olaraq bildirirəm ki, səriştəsiz, pedaqoji işi bilməyən, təşkilatçılıq qabiliyyəti olmayan məktəb direktorlarının barəsində ciddi tədbirlər görüləcəkdir.
Rayon Təhsil şöbəsinə, eləcə də məktəb direktorlarına tapşırıram ki, qarşıdangələn 2018-2019-cu dərs ilində öz vəzifələrinə daha da məsuliyyətlə başlasınlar, buraxılmış nöqsanlar aradan qaldırılsın, şagirdlərin təhsilə cəlb olunması işində dönüş yaratsınlar və rayonumuza təyinatla işləməyə gəlmiş gənc müəllimlərə qayğı ilə yanaşsınlar.
Sevindirici haldır ki, bu il “Müəllimlərin işə qəbulu” müsabiqəsindən keçmiş 50-dən artıq müəllim rayonun ümumtəhsil məktəblərinə işləməyə gəliblər.
Bütün peşələrə yiyələnməkdə müəllimlərin rolu danılmazdır. Müəllimlik ən uca və bütün cəmiyyətlərə gərəkli olan bir sahədir. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev müəllim adını həmişə uca tutaraq demişdir: “Mən Yer üzündə müəllim adından uca ad tanımıram”.
Ulu Öndər müəllim adının ucalığını qeyd etməklə yanaşı, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimizin yorulmaz və fədakar əməyini də daim yüksək qiymətləndirmişdir. Müəllim adını müqəddəs tutaraq mən bir daha da Sizləri qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik edir, yeni dərs ilində rayonumuzun pedaqoji kollektivlərinə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram.
“Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Heydər Əliyevin ideyalarına eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir:
- Rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçrildiyi, rayonumuzda abadlıq quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.
İcazə verin, Sizi və sizin şəxsinizdə rayonumuzun bütün təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edim. Sizə yeni dərs ilində təhsil islahatının həyata keçirilməsində uğurlar arzulayıram.
Ölkə Başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun, keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönümlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi mühüm vəzifə hesab olunmuşdur. Şagirdlərə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliyin əsaslı şəkildə azaldılmasına xidmət göstərən yeni məktəb binalarının inşası, məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji kadrların seçilib yerləşdirilməsində qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaradılması və onların əmək haqqının artırılması ilə nəticələnən qiymətləndirmələrin keçirilməsi, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Son illər dövlət tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sahəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəbə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilir.
Azərbaycan Respublikası Təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində Daşkəsən rayon ümumi təhsil müəssisələrində xeyli işlər görülmüş və bu sahədə işlər davam etdirilir. Nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Daşkəsən rayon Təhsil Şöbəsinin Fəaliyyət Planı hazırlanmışdır. 14 sentyabr 2017-ci il tarixdə Daşkəsən rayon Təhsil Şöbəsinin “Təhsildə keyfiyyət ili” çərçivəsində fəaliyyət proqramı üzrə görüləcək işlərin gündəliyi təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 yanvar 2018-ci il tarixli 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə əmrinin icrasını təmin etmək məqsədilə 14 fevral 2018-ci il tarixdə Daşkəsən və Gədəbəy Təhsil Şöbələri əməkdaşlarının, məktəb rəhbərlərinin və müəllimlərin iştirak ilə Gədəbəy rayonunda görüş keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmri ilə ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri təsdiq olunmuşdur. Konseptual xarakter daşıyan və ümumi təhsilin müasir tələblərə uyğun inkişafına təminat verən bu əmrdə təhsilin keyfiyyəti ilə bağlı Nazirliyin Fəaliyyət Planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi qeyd olunmuşdur. Əmrdə fənlər üzrə şagird nəticələrinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəbdə şagird kontingentinin tam optimallaşdırılması, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, müəllim fəaliyyətinə müntəzəm nəzarət edilməsi və davamlı metodik dəstək verilməsi, ibtidai sinif müəllimlərin fəaliyyətinin peşəkarlıq baxımından təhlil olunması və siniflərə təyinatda nəzərə alınması, şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, yerlərdə yaradılmış “kiçik akademiyalar”ın fəaliyyətinin gücləndirilməsi, “hər bir uşaq istedaddır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, dövlət rəmzlərinin dərindən dərk olunması istiqamətində işlərin davam etdirilməsi, Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər haqqında müxtəlif tədbirlərin keçirilməsi, hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq və sair mövzularda maarifləndirici tədbirlərin təşkili prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, yeni dərs ilində ilk dərsin ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - Dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunması, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinin Azərbaycan Dövlət Himninin ifası ilə başlaması və 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələrin “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunması qərarlaşdırılmışdır.
Onu da qeyd edim ki, yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanmış, mərhələlərlə həyata keçirilmişdir. Eyni zamanda, ölkə Prezidentinin 23 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşdur.
Rayonumuzun bütün müəllimləri təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatları ürəkdən bəyənir. Milli təhsilimizin yüksək səviyyəyə çatdırılmasını təmin edən ölkə başçısının sərəncamlarını böyük rəğbətlə qarşılayır, bu sahədə qarşıya qoyulmuş vəzifələrin məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.
Bütün bunlarla yanaşı, həmçinin qeyd edilməlidir ki, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi tələb olunur.
Respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
Bu gün təhsil müəssisələrində təhsilalanların savadlı və səriştəli bir şəxs kimi formalaşması müəllimlərin bilik və bacarıqlarından, peşəkarlıq səviyyəsindən asılıdır. Təhsil müəssisələrində çalışan qabaqcıl, səriştəli müəllimlərin əməyi həmişə yüksək qiymətləndirilmişdir.
Rayonun təhsil ocaqlarında gənc nəslin təlim tərbiyəsi ilə 605 müəllim məşğul olmuşdur ki, onlardan 418 nəfərini qadınlar təşkil edir. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 6 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər “Tərəqqi” medalına layiq görülmüşdür.
Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3333 şagird cəlb edilmiş, onlardan 1754 şagird şəhər və qəsəbə, 1579 şagird isə kənd məktəblərində təhsil almışdır. Dərs ili ərzində 204 nəfər şagird getmiş, 155 şagird gəlmişdir. Dərs ilinin sonunda şagirdlərin sayı 3284 nəfər olmuşdur.
Hər bir ümumtəhsil məktəbi üzrə qabiliyyətli şagirdlər qeydiyyata götürülmüş, onların maraq və yaradıcılıq meyilləri nəzərə alınmaqla istedad bankı yaradılmışdır. 2018-ci ilin aprel-may aylarında əlamətdar gün və hadisələrə həsr olunmuş respublika inşa-yazı müsabiqəsində rayonumuzun gənc istedadları da yaxından iştirak etmiş, mükafata layiq yerlər tutmuşlar. Keçən ilin dekabr və bu ilin yanvar aylarında rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə rayon məktəblilərinin fənn olimpiadalarının birinci və ikinci turları keçirilmişdir. Ümumilikdə səkkiz fənn üzrə keçirilən bilik yarışlarında 142 nəfərdən çox şagird iştirak etmişdir.
Rayonun ümumtəhsil məktəblərinin VI-VIII sinif şagirdləri arasında 05 mart 2017-ci il tarixdə 5 fəndən keçirilmiş fənn müsabiqəsində 97 nəfər şagird iştirak etmişdir.
2017-2018-ci tədris ilində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli, F-120 nömrəli əmrinin icrası məqsədilə şagirdlər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinin mütəşəkkil keçirilməsi üçün Təhsil şöbəsinin müvafiq əmri ilə işçi qrupu və münsiflər heyəti yaradılmışdır. İşçi qrupu tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülmüşdür. Belə ki, məktəblərdə seçimlər edilmiş və rayon mərhələsinin təşkili üçün iştirakçı siyahıları ümumiləşdirilmişdir. 15 mart 2018-ci il tarixində Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə müsabiqənin rayon mərhələsi keçirilmişdir. Müsabiqədə 26 nəfər şagird iştirak etmişdir. Münsiflər heyəti şagirdlərin təqdimatlarını şifahi formada 5 dəqiqə dinləmiş və meyarlara əsasən qiymətləndirmə aparılmışdır.
Müsabiqənin yekununda qiymətləndiril¬mənin nəticələri elan edilmiş və müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün müəyyənləşdirilmiş kvotaya uyğun olaraq rayon mərhələsinin qalibi Daşkəsən rayonunu ölkə mərhələsində təmsil etmişdir.
Şagirdlərdə milli ideologiyanın formalaşdırılması, vətənpərvərlik hissinin gücləndirilməsi, onların ulu öndər Heydər Əliyevin ideyaları ilə yaxından tanış olması və öyrədilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilmişdir. Ötən dərs ilində Heydər Əliyev Mərkəzində rayonun bütün tam orta məktəblərinin XI sinif şagirdləri “ Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə mühazirələr dinləmiş, Ulu Öndərimizin həyat və fəaliyyətini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini əks etdirən fotostendlər, arxiv sənədləri ilə yaxından tanış olmuşlar.
Ötən dərs ilində rayonun məktəbli gəncləri bir sıra respublika əhəmiyyətli müxtəlif nominasiyalar üzrə müsabiqə və yarışların iştirakçıları olmuşlar. A.Mürsəlov adına 2 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədzadə Nigar Vüqar qızı 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilən “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində uğurlu nəticələr göstərərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomunu almışdır.
Rayonun Uşaq-Gənclər İdman-Şahmat məktəbində gənc istedadların potensial imkanlarının inkişafı, uşaqların şahmat oyunun sirlərinə dərindən yiyələnməsi üçün məzmunlu tədbirlərin həyata keçirilməsinə böyük önəm verilir. Ötən dərs ilində həmin məktəbinin fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki, rayonun məktəbli idmançıları bir sıra respublika və zona idman yarışlarında rayonumuzun idman şərəfini layiqincə qorumuş, xüsusilə güləş, voleybol, tennis yarışlarında mükafatalayiq yerlər tutmuşlar.
Uşaq-Gənclər İnkişaf Mərkəzində gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, onların texniki və bədii yaradıcılıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə diqqət artırılmışdır. Həmin mərkəzdə bir qayda olaraq əlamətdar gün və hadisələr münasibəti ilə şagirdlərin əl işlərinin, rəsm nümunələrinin, texniki model və qurğuların nümayişi bir ənənəyə çevrilmişdir. Keçən tədris ilində Uşaq-Gənclər İnkişaf Mərkəzində müxtəlif dərnəklərində məşğul olan şagirdlərin əl işlərinin, çəkdikləri rəsmlərin ən yaxşıları respublika müsabiqəsində nümayiş etdirilmişdir.
“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələrin keçirilməsi ilə bağlı pedaqoji mühazirələr yazılmış, 43 mühazirə ümumi təhsil müəssisələri tərəfindən Daşkəsən rayon Təhsil Şöbəsinə təqdim olunmuşdur. 01-06 fevral 2018-ci il tarixlərdə Daşkəsən rayon Təhsil Şöbəsində Təşkilat komitəsi tərəfindən pedaqoji mühazirələr dinlənilmiş, çəkiliş aparılmış və elektron informasiya daşıyıcısına köçürülmüşdür. Mühazirə seçimində İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin əməkdar Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Rəna Aslan qızının və Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Elnarə Sabir qızının pedaqoji mühazirəsi ölkə üzrə Təşkilat Komitəsinə təqdim edilməsi üçün seçilmişdir. Həmin mühazirələrdən İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin əməkdar Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Rəna Aslan qızının mühazirəsi qiymətləndirilmişdir.
Rayon Təhsil Şöbəsi kadrların ixtisasının artırılması, pedaqoji işçilərin elmi-metodiki səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəbləri müəllimlərinin seminarlara, treninqlərə, ixtisasartırma kurslarına cəlb olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Araşdırmalar göstərmişdir ki, rayonun bir çox ümumtəhsil məktəblərində müəllimlərin dərs yükü müəyyənləşdirilərkən ciddi pozuntulara yol verilir. Bəzi məktəb rəhbərləri ixtisaslı kadr çatışmazlığını bəhanə gətirərək əsas fənlərin tədrisini qeyri-ixtisas müəllimlərinə bəzən isə orta ixtisas təhsilli müəllimlərə tapşırırlar. Bu isə nəticə etibarı ilə tədrisin keyfiyyətinə, şagirdlərə dərin və əsaslı bilik verilməsinə öz mənfi təsirini göstərir.
Cari dərs ilində rayonun ümumtəhsil məktəblərində müxtəlif fənlər üzrə yaranmış 105 vakant yer müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq müsabiqəyə çıxarılmışdır. Həmin vakant yerlərə 71 nəfər gənc müəllim test imtahanlarından keçmişdir. Sevindirici haldır ki, onlardan işləməkdən imtina edəni olmamışdır.
Rayon üzrə müsabiqəyə çıxarılmış vakant yerlərdən 26-sı fizika və 12-si isə kimya fənninə aid olmuşdur. Həmin fənlər üzrə vakant yerlərə yalnız 7 nəfər müəllim testdən keçib gəlmişdir.
Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə ümumtəhsil müəssisələrində işə başlayan gənc mütəxəssislər üçün nəzərdə tutulan güzəştlərin məbləği artırılmışdır. Yeni işə başlayan müəllimin bir stavka (18 saat) dərs yükü güzəştlərlə birlikdə 622 manat olacaqdır. Bu bir daha onu göstərir ki, müəllim əməyinin stimullaşdırılması, gənc müəllimlərə qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.
Hazırda rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar olaraq 2018-2019-cu dərs ilində birinci siniflərə qəbul ediləcək uşaqların siyahısı dəqiqləşdirilir, təhsil ocaqlarında səliqə-sahman yaradılır, bir sıra məktəblərdə cari təmir işləri aparılır, hər bir təhsil müəssisəsində şagird kontingentinin formalaşdırılması və sabitləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün ən aktual məsələlərdən biri uşaqların məktəb təliminə hazırlanmasıdır. Reallıq ondan ibarətdir ki, uşaqlar məktəb təliminə başlayarkən problemlərlə üzləşməli olurlar. Bu problemlər onların həmyaşıdları və müəllimi ilə ünsiyyətdə, birgə qrup fəaliyyətində lazımi təlim bacarıqlarının olmamağında özünü göstərir. Bu problemin həll olunması üçün məktəbəqədər təhsilin ardıcıl və sistemli təşkil olunması vacib hesab edilir. Məhz buna görə də həmin məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda xüsusi olaraq qeyd edilmişdir.
2018-2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində 15 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
2018-2019-cu tədris ilinin sənədləri vaxtında Təhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə paylanmaq üçün 285 adda 16158 ədəd dərslik və müəllimlər üçün metodiki vəsait gətirilərək məktəblər arasında bölünmüşdür.
Ötən dərs ilinin yekunları göstərir ki, rayonun ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətində qazanılmış uğurlarla yanaşı, həlli vacib olan problemlər də mövcuddur. Əlbəttə, rayon Təhsil Şöbəsi ümumtəhsil müəssisələrində baş verən neqativ hallara, qarşı bundan sonra da ardıcıl mübarizə aparacaq, yol verilmiş nöqsanların aradan qaldırılması, tapşırılmış iş sahəsində hər bir şəxsin məsuliyyətini yüksəltmək üçün qəti tədbirlər görəcəkdir.
İcazə verin, Daşkəsən Rayon İcra Hakimiyyətini, şəxsən İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevi və Azərbaycan Respublikası Təhsil Nazirliyini əmin edim ki, rayonumuzun təhsil müəssisələrində çalışan bütün pedaqoji işçiləri 2018-2019-cu tədris ilində yeni tələblər səviyyəsində işləyəcək, köhnə iş üsullarına birdəfəlik son qoyacaq, şagirdlərin təlim-tərbiyəsinə, onların gələcək inkişafına yeni meyarlarla yanaşacaq, milli təhsilimizin gələcək uğurları üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Daha sonra Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədovun hesabat məruzəsi ətrafında İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova, Qaraqullar kənd tam orta məktəbin müəllimi Aygün Bağırova, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və Təhsil Nazirliyinin məsul əməkdaşı Mirbaba Babayev çıxışlar etmişlər. Onlar da öz çıxışlarında yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmiş, ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmış, bütün müəllimlərə yeni-yeni uğurlar arzulamışlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Təhsil Nazirliyinin “Respublika “Pedaqoji Mühazirələr”inin nəticələrinə görə tərifnaməsini İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Aslanovaya təqdim etmişdir.
Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...