QMİ sədri Qaraçay-Çərkəz Respublikasına səfərə gedir

QMİ sədri Qaraçay-Çərkəz Respublikasına səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.

QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Çerkessk şəhərində 15 sentyabr tarixində təntənəli toplantı keçiriləcəkdir.

Qeyd edək ki, Mərkəz 1998-ci ildə A.Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.

QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.

Əlaqələndirmə Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və təşkilatçı qurumun rəhbəri olaraq A.Paşazadənin məruzəsində Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı, Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının önəmi vurğulanacaq.

Təntənəli ildönümü mərasiminə Rusiya Prezident Aparatının məsul rəsmiləri, RF Şimali Qafqaz subyekti olan respublikaların rəhbərlərinin, RF digər respublikalarının dini liderlərinin, habelə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində qatılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Əlaqələndirmə Mərkəzinin üzvləri Azərbaycanda keçirilən dinlərarası dialoqa dair bütün mühüm tədbirlərdə yaxından iştirak etmiş və dəfələrlə dövlət başçımız tərəfindən rəsmi qəbul olunublar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri çərçivəsində Bakıda, Rusiyada, habelə Türkiyə, Özbəkistan və digər ölkələrdə keçirilən tədbirlərin fəal iştirakçıları olublar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...