Nazirlik Şamaxının baş həkimi barəsində akt tərtib etdi

Nazirlik Şamaxının baş həkimi barəsində akt tərtib etdi

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı “QAZ-52” markalı, 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

Bu arada Səhiyyə Nazirliyi də məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov KİV-ə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, ağac kəsilməsi prosesində baş həkim səhvə yol verib: "Səhiyyə Nazirliyi bununla bağlı dərhal araşdırma apardı. Məlum oldu ki, xəstəxananın həyətində bir ədəd qurumuş ağac olub və həmin ağac da ətrafdakılara real təhlükə yaradırmış. Baş həkim də həmin ağacın kəsilməsi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edib və qurumdan şifahi razılıq alıb. Lakin baş həkim orda səhv edib ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməyib. Ağac doğranıb yığılan avtomobil polis tərəfindən saxlanılıb və məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...