“Azərbaycanda aztəminatlı ailələrə əvəzsiz mənzil verilə bilər”

“Azərbaycanda aztəminatlı ailələrə əvəzsiz mənzil verilə bilər”


“Dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsaitin ayrılması barədə göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deputat Musa Quliyevin “hökumət payız sessiyasında sosial mənzil fondunun yaradılması ilə bağlı müzakirələrə başlayacaq” açıqlamasını şərh edərkən bildirib. Ekspert prezidentin ayırdığı vəsaitin bir hissəsinin sosial evlərin inşası üçün tapşırıq verdiyini xatırladıb:

“Prezidentin son göstərişi sosial evlərin formalaşdırılması ilə bağlı hazırkı mərhələ üçün maliyyə problemini həll etmişdi. Artıq belə fondlar yalnız inkişaf edən və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlərlə mənzilə sahib olmaq imkanı verir”. Vüqar Bayramovun fikrincə, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, bunun üçün vəsait var: “Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub.

Həmin məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını, qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur.

Məcəllənin 108-ci maddəsində yazılıb ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilən qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur. Qeyd edim ki, bu fondun formalaşdırılması heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir. Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər”.

İqtisadçı bildirib ki, Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir: “Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir.

Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadrat metrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadrat metrin “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşəməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar”.

O qeyd edib ki, dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir:

“Məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək.

Dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını da təmin edə bilər. Çünki belə fondlar, sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq. Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondunun formalaşdırılmasıdır. Bu zaman dövlət artıq bazarda təklif edən tərəf kimi çıxış edir ki, bu da tələbin bir hissəsinin sözügedən fond tərəfindən qarşılanmasına və nəticədə qiymətlərin tənzimlənməsinə imkan verir.

Hələlik, dövlət bazarda təklif deyil tələb formalaşır. Beləliklə, əhalinin sosial vəziyyətinə, mənzil problemini həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiqi mexanizmlərinin formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...