“Exchange”lərin açılması ilin sonuna qaldı

“Exchange”lərin açılması ilin sonuna qaldı

Vahid Əhmədov: ““Exchange”lərin açılması ilə bağlı müəyyən qaydalar var ki, razılaşdırılmalı və qəbul olunmalıdır"

Artıq neçənci dəfədir ki, mətbuatda valyutadəyişmə məntəqələrinin açılacağı deyilir, lakin nə paytaxtda, nə də bölgələrdə “exchange”lər gözə dəymir. Son olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib.

Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev də mətbuata açıqlamasında bildirib ki, valyutadəyişmə məntəqələrinin açılması ən yaxşı halda ilin sonuna və gələn ilin əvvəlinə baş tutacaq. MBNP sözçüsünün açıqlamasına görə, valyutadəyişmə məntəqələri ilə bağlı nəzərdə tutulan beş normativ aktdan yalnız üçü əvvəlcədən, biri isə bu yaxınlarda təsdiqlənib. Sonuncu normativ sənədlə bağlı işlər aktivləşib və hazır olan kimi lisenziyaların verilməsinə başlanacaq. Buna görə lisenziyaların verilməsi üçün hər hansı müraciətlər qəbul edilmir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Vahid Əhmədov dedi ki, bu istiqamətdə işlər sürətləndirilib: “Mən az öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə danışdım. Orada müəyyən qaydalar var ki, razılaşdırılmalı və qəbul olunmalıdır. Bundan əlavə də bir neçə ümumi sənəd var. Onların razılaşdırılması istiqamətində iş aparılır. Bu proseslər yekunlaşdıqdan sonra məsələ həllini tapacaq. Prosesin nə zaman yekunlaşacağı dəqiq deyil. Çünki vergi və digər məsələlər müxtəlif nazirliklərlə razılaşdırılmalıdır”.

Deputat hazırda “exchange”lərə tələbat olduğunu da diqqətə çatdırdı: “Bildiyiniz kimi, ölkəmizə turist axını artıb. Valyutadəyişmə məntəqələri olmadığından turistlər üçün ciddi problemə çevrilib. Bu baxımdan insanların sıx olduğu məkanlarda, iri ticarət mərkəzlərində, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə, dəmir yolu vazğalında, avtovağzalda və digər ərazilərdə ”exchange"lər açılmalıdır.

Valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı sahibkarlara qoyulan şərtlərin ağır olmasına gəlincə, V.Əhmədov bildirdi ki, hazırda bu qanunun dəyişirilməsinə ehtiyac yoxdur: “Qanun artıq qəbul olunub, onun dəyişdirilməsinə ehtiyac yoxdur. Qeyd etdiyim texniki məsələlər həllini tapdıqdan sonra müraciətlərin qəbuluna başlanacaq.

İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, “exchange” açmaq üçün şərtlərin kifayət qədər ağır olması sahibkarların bu sahəyə marağını azaldacaq: “Valyutadəyişmə məntəqələrinin açılması üçün həddindən artıq sərt tələblər irəli sürülüb. VDM açmaq istəyənlər təxminən 50 min manat depozit qoymalıdırlar və o pul girov kimi toxunulmaz qalmalıdır. Bundan başqa, valyutadəyişmə məntəqələrinin standartları artırılıb. O standartlara cavab verən bir ofis yaratmaq üçün ən azı 30 min manat vəsait də lazımdır. Söhbət gülləkeçirməz şüşələrdən, yanğından mühafizə olunan seyflərdən, təhlükəsizlik sistemindən, həmin məkanın qorunması üçün dövlət qurumları ilə müqavilələrin bağlanmasından gedir. Bu şərtlər iş adamlarının bu sahəyə marağını kifayət qədər azaldıb. Depozit məsələsində və digər məsələlərdə güzəştlər olmasa, valyutadəyişmə məntəqələrinin açılmasına marağın olacağını söyləyə bilmərik. Çünki kifayət qədər böyük həcmdə vəsait tələb olunur. Gəlirliliyi də o qədər yüksək deyil ki, bu qədər vəsait xərcləyib sonra onu geri qaytara bilsinlər. Yəqin ki, şərtlərdə müəyyən qədər yumşalma olacaq, yalnız bundan sonra şəhərin mərkəzində, turistlərin çox olduğu məkanlarda bəzi VDM-lərin açılması ehtimalı yarana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...