“Bəlkə Mübarizin əməli ilə torpaqlar geri qayıdıb, mən bilmirəm?!” - Nərminlə MÜSAHİBƏ

“Bəlkə Mübarizin əməli ilə torpaqlar geri qayıdıb, mən bilmirəm?!” -

"Facebook” sosial şəbəkəsindəki hesabında Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəman olmadığını iddia etdiyi statusundan sonra gündəmə gələn psixoloq Nərmin Şahmarzadə bu gün də diqqət mərkəzində olub. Psixoloq bu dəfə Milli Qəhrəmanın atası Ağakərim İbrahimovdan üzr istəyib, Mübariz İbrahimovu heç vaxt "qatil” adlandırmadığını, heç kimin şərəf və ləyaqətini alçaltmadığını bəyan edib.

Bəs gənc psixoloqu bu qalmaqala nə vadar etdi?

Nərmin Şahmarzadə BakuPost-a müsahibəsində bir çox məqamlara aydınlıq gətirməyə çalışır…

- Nərmin xanım, bu gün səhər sizə müraciət edəndə bildirdiniz ki, gündəmdə olmaq istəmirsiniz, ona görə də müsahibə verməyəcəksiniz. Ancaq az əvvəl sosial şəbəkədə yenidən videomüraciətiniz yayıldı.

- Mən gördüm ki, Mübariz İbrahimovun atasından müsahibə alıblar. Ona görə də bu videonu çəkdim.

Mən statusumda "qatil” sözü yazmamışam. Sadəcə dırnaqarası jurnalistlər statusu özlərinə sərf edən şəkildə kəsirlər, təhrif edib paylaşırlar. Mən Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi açdırsam, onlar üçün pis olacaq. Təhqirin, peşə etikasının nə olduğunu bilməyən jurnalistlər durub mənə əxlaq dərsi keçirlər. Təhqir, böhtan ciddi bir şeydir. Mən Mübariz İbrahimovu təhqir etməmişəm, "qatil” sözü də yazmamışam, bu, videomüraciətimdə də yoxdur. Mən 8 dəqiqəlik video çəkirəm, götürüb 30 saniyəlik hissəsini paylaşırlar. Halbuki o videonun məğzi başqa şeydir, özlərinə sərf edən hissəsini paylaşırlar. Bu da peşə etikasının olmaması deməkdir. Mən arzulayardım ki, bu gün bu statusu bu qədər işıqlandıran jurnalistlər lazımi yerlərdə cəsarətləri çatıb lazımi şeyləri işıqlandıra bilsinlər. Qorxub, susub işıqlandırmadıqları mövzuları indi bir status üzərindən işləyirlər. Bu qədər insanların problemlərini bir kənara qoyub, bir qızın statusunu paylaşırlar, yaxud 8 dəqiqəlik videoda özlərinə sərf edən 30 saniyəlik hissəni kəsib paylaşırlar.

- Məsələ ondadır ki, torpaqlarımızın 20 faizi işğal altındadır, bu qədər şəhid, qaçqın, köçkün var, siz də birdən-birə durub deyirsiniz ki, Mübariz İbrahimov qəhrəman deyil. Siz özünüzdə günah görmürsünüz?

- Siz statusumu tam oxusanız, görərdiniz ki, orada torpaqlarımızın işğalı barədə heç nə qeyd etməmişəm. Yazmamışam ki, torpaq işğal etmək belə… Bu, qarşı tərəfə bəraət qazandırmaq deyil ki, sən yaxşı edib, torpaqlarımızı işğal etmisən. Sadəcə jurnalistlər statusumu özlərinə sərf edən şəkildə şərh ediblər. Mənim orada demək istədiyim odur ki, müharibə, döyüş həll yolu deyil. Fərqli, alternativ metodlarla, yəni təhsillə və digər şeylərlə qəhrəmanlığı gündəmə gətirək.

- Maraqlıdır, Nərmin xanım işğal olunmuş torpaqlarımızı qaytarmağın yolunu konkret nədə görür?

- Bu, ciddi məsələdir. Torpaqları işğal altından neçə ildir ki, qaytara bilmirlər, yəqin ki, Nərmin xanımın statusundan sonra qaytarmağı düşünmürlər. Neçə ildir ki, xalq bununla bağlı Nərminə verdiyi reaksiyanı verməyib! Təbii ki, aprel döyüşlərində iştirak edən əsgərləri nəzərdə tutmuram, onlar öz həyatlarını ortaya qoyublar. Klaviatura canavarları var ki, bu xalqa, millətə bir töhfə verməyib, statusumun altında söyə bilirlər. Onlar bu millət üçün mənim işlədiyim qədər işləməyiblər. Bundan əlavə, torpaqların qaytarılması məsələsi deyil. Sadəcə, münaqişənin döyüşlə həll olunmamasının tərəfdarıyam. Sadəcə sülhün tərəfdarıyam. Sülh o demək deyil ki, nə olub göz yumaq, hər şeyin üstündən xətt çəkək. Mən məsələni Xocalıya da bağlamamışam. Orada Xocalı məsələsi deyil. Mən bəraət qazandırmıram ki, yaxşı edib Xocalını belə ediblər. Elə bir şey də yazmamışam.

- Fərdi qəhrəmanlıqlar hər zaman təbliğ edilib. Məsələn, İkinci Dünya Müharibəsini götürsək, Mehdi Hüseynzadə kimi partizan müharibəsində qəhrəmanlıq göstərən insanlar olub. Avropadan danışsanız, tutaq ki, Fransa istehsalı olan "Köhnə tüfəng” filmi həm də fərdi qəhrəmanlığı təbliğ edir. İndi belə çıxır ki, hərbi əmr olmadan canlarından keçənlər səhv ediblər, qəhrəman deyillər?

- Jurnalistlər mənim statusumda nə varsa, istənilən halda onu paylaşmalıdırlar.

Məsələ burada Mübariz İbrahimovun səhv, yaxud doğru etməsi məsələsi deyil. Məsələ mənim baxışımdır. Mən demirəm ki, mənim üçün belə deyil, siz də belə deyin. Bu, mənim fikrimdir. Siz ateist olan birinə nəyisə inandırmağa çalışa bilərsiniz? Yox. O, fərqli aspektdən yanaşacaq. Mən "Mübariz İbrahimov şəhid deyil” deməmişəm. Qəhrəman və şəhid anlayışları fərqlidir. Məni söyənlər deyir ki, bizim şəhidlərimizi, müharibədə ölənlərimizi söyür. Xeyr, mən heç kimi tənqid edib söymürəm. Sadəcə mənim üçün qəhrəmanlıq sülhdür, sülhü, barışı yaratmaq deməkdir.

- Siz dünya tarixində rast gəlmisiniz ki, bir ölkənin ərazisinin böyük hissəsi işğal olunsun və həmin ərazi sülh yolu ilə qaytarılsın?

- Fransa-İngiltərə müharibələrini götürək. İndi gərək Fransa İngiltərəni, İngiltərə Fransanı söysün, hamı bir-birinə silah çıxarsın. Məsələ bu deyil. Bu münaqişəni həll etmək üçün cəhdlər lazımdır. Bunun üçün isə pozitiv addımlar olmalıdır.

- İngiltərənin işğal etdiyi Fransa torpaqları müharibə yolu ilə azad edilib. Bunu yəqin ki, bilirsiniz.

- Ola bilər. Ancaq indi hansı əsrdir? İndi niyə müharibəyə səsləyirik? Səmimi olaq. Siz özünüz müharibəyə gedə, övladınızı ölümə göndərərsiniz?

- Bunu şəxslərin üzərinə yönəltməyək, jurnalistin belə hallarda mövqe ortaya qoyması pafoslu çıxır.

- Yox, pafoslu çıxmır. Kənardan çıxanda deyirik ki, asandır. Özümüzə gələndə deyirik ki, özümüz də getmirik, övladımız da getməsin.

- Dünya tarixində işğal olunmuş hansısa torpaqların müharibəsiz azad olunmasına dair konkret misal çəkə bilərsiniz?

- Mən bu misalı çəkmək istəmirəm. Ümumiyyətlə, ağlıma hazırda bir fikir də gəlmir ki, var, ya yoxdur. Məsələ torpağın qaytarılması məsələsi deyil. Bir nəfərin elə bir şey etməsi ilə torpaq qayıtdı? Bəlkə torpaq qayıdıb, mən bilmirəm?! Mən yazdığım statusla torpaq qayıtdı, vəziyyət dəyişdi?

- Axı torpaqlarını işğaldan azad etməyə hazırlaşan cəmiyyətdə həmişə fərdi qəhrəmanlıqlar bir nümunə kimi təbliğ olunur. Siz o nümunələrdən biri barədə danışmışınız, aşılamısınız ki, qəhrəman deyil, belədir.

- Çox təəssüf edirəm ki, statusu obyektiv oxuyub, obyektiv analiz etməmisiniz.

- Yəni Mübariz İbrahimova qəhrəman demisiniz, biz başa düşə bilməmişik?


- Çox təəssüf edirəm ki, vaxtım azdır. Vaxtım olsa, geniş izahat verərdim.

- Yeri gəlmişkən, məhkəməyə verilmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə mənə xəbər daxil olmayıb. O, məni məhkəməyə versə belə, mətbuat üzərindən məhkəmə qurulmur ki?! Məhkəmədən mənim ünvanıma sənəd göndərilir, mobil telefonuma məlumat gəlir.

- Düşünürsünüz ki, məhkəməlik bir işiniz yoxdur?

- Əlbəttə, yoxdur. Təhqir və böhtan, şərəf və ləyaqəti alçaltma halları yoxdur. Konstitusiyanın 147, 148-ci maddələrinə əsasən elə hallar yoxdur. Bəlkə var, mənim xəbərim yoxdur.

- Belə fikirlər də var ki, xaricə getmək üçün bilərəkdən gündəmə gəldiniz.

- Xaricə getmək istəsəm, indiyə qədər burada qalmazdım. Eldə bir fikrim yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...