Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi

Şəhidlərlə bağlı yaradılan təşkilat qeydiyyatdan keçdi

Aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadənin bir il bundan əvvəl yaratdığı təşkilat qeydiyyatdan keçib.

Bu barədə Modern.az-a Sevinc Alızadə məlumat verib. O bildirib ki, təşkilatın qeydiyyata alınmasında fədakar və xeyirxah insanların böyük rolu olub. “Bizə yaxından köməklik edən hər kəsə təşəkkür edirəm ki, onların sayəsində “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyimiz bu ilin 13 noyabrında qeydiyyatdan keçdi. Artıq rəsmi fəaliyyətimiz mövcuddur. Hazırda ofisimiz yoxdur. Gələn il bu və digər məsələləri də həll etməyə çalışacağıq. İctimai birliyin təsisçiləri mən və aprel döyüşlərində şəhid olmuş polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Yusifovadır. Bundan sonra təşkilatın sədri kimi fəaliyyət göstərəcəm”

Təşkilatın sədri vurğulayıb ki, əsas məqsəd şəhidlərin unudulmamasına xidmət göstərməkdir.

“Təşkilatımız bir il bundan qabaq təsis edilib. Ötən ilin noyabrında aprel şəhidlərinin ailə üzvləri ilə birgə təşkilatımızın təsis yığıncağını keçirtdik. Amma bu təkcə aprel şəhidlərini əhatə etmədi. Həm qazilərimizi, həm də sonradan şəhid olan insanların ailələrini bir araya toplamışdıq.
Təşkilatı yaratmaqda məqsədimiz heç də maddi nəsə ummaq deyil. Məqsədim ilk gündən belədir. Şəhid ailələrinə, övladlarına söz vermişəm ki, heç zaman şəhidlərimizi unutmağa qoymayacağam. Onları ictimaiyyətə, yetişməkdə olan gənc nəslə örnək kimi təqdim etməyə çalışacağam. Çünki şəhidlərimiz unudulanda ölür. Onların dəyəri, örnəyi bizim üçün ən böyük sərvətdir. Bu işi universitetlərdə gənclərin çox olduğu yerlərdə etməyə çalışırıq”.

Sevinc Alızadə şəhid xanımı kimi gələcəkdə deputat olmaqla bağlı da danışıb.

“İxtisasca hüquqşünasam. Çalışıram ki, şəhid ailələrinin hüquqlarını hüquqi yolla həll edim. Hələ ki, hüququn vəkilliyini almağa çalışıram. Deputat olmağa gəlincə, onu deyə bilərəm ki, bu, xalqın işidir. Namizədliyimi irəli sürsəm belə, seçim xalqındır. Əgər xalqım məni və gördüyüm işləri bəyənib qəbul edəcəksə o zaman deputatlıq məsələsini xalqın öhdəsinə buraxacağıq. Onlar layiq biləcəksə, bu işə razılıq verəcəyik. Çünki bu, bizim istəyimizdən asılı olan məsələ deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...