Şagirdi döyməkdə günahlandırılan məktəb direktoru danışdı: “Montajdır, düşmənlərim edib” / VİDEO

Şagirdi döyməkdə günahlandırılan məktəb direktoru danışdı:

"Mənim guya Cəlilabad rayon Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməyimlə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü təxribatdır”. Bunu BakuPost-a açıqlamasında Cəlilabad rayon Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərov bildirib.

Deyib ki, buna görə də 3 gün əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinə ərizə yazaraq direktor əvəzi kimi fəaliyyətini dayandırıb, hazırda müəllim kimi Göytəpə şəhər 3 saylı ümumi orta məktəbdə dərs keçir: "Bu videomontajdır, düşmənlərim edib. Hadisə məktəbdə olmayıb, Cəlilabad rayon Muğan orta məktəbinin şagirdi olduğu bildirilən Əli Rzayev bizim məktəbin şagirdi deyil. Muğan hara, Göytəpə hara? Mənim Muğanda nə işim var? Muğan Göytəpədən 16 km uzaqlıqdadır. Gecə vaxtı dükanın qabağında uşaq nə gəzir? Deyirlər ki, guya, bizim məktəbə imtahana gəlibmiş. İmtahan mart ayında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir, bir də imtahan yayda olur. İmtahan söhbəti də yalandır. Vallah, bu iş mənlik deyil. Deyirlər ki, guya, bizim məktəbə imtahan verməyə gəlibmiş. İmtahan olsaydı, məktəbin həyətində hər hansı hadisə olardı. Dükanın qarşısında çəkilən videogörüntünü montaj ediblər. O videogörüntüdəki mən deyiləm, mənə oxşar adamdır”.

Şagirdi döyən şəxs olmadığı halda məktəb direktoru əvəzi kimi işdən nə üçün çıxmasına gəlincə, M. Cəfərov qeyd edib ki, 2 ildən çoxdur, məktəbin direktoru yoxdur: "Göytəpə şəhər 3 saylı ümumi orta məktəb11 müəllimin olduğu kiçik bir məktəbdir. Mən 13 ildir ki, müəlliməm, mənə tapşırmışdılar ki, direktor təyin edilənə qədər direktoru əvəz edim. Mənə bu vəzifə heç lazım da deyil. Cəlilabaddan bir müəllim direktor vəzifəsinə qəbulla bağlı imtahanın ilk mərhələsini keçib, indi müsahibədən də keçdikdən sonra gəlib bizim məktəbdə direktor kimi işləyəcək. Bu yerə göz dikənlər var, mən də demişəm ki, gəlib işləyin. Mən həm də müəllim ailəsində böyümüşəm, özüm də müəlliməm, şagird vuraram?! Bu, mənə qarşı təxribatdır. Cəlilabad Rayon Təhsil Şöbəsinə çağırdılar, mən də izahat, arxasınca da ərizəmi yazdım. Dedim ki, iki körpə balam var, mənə kiminləsə düşmənçilik lazım deyil. Təhsil Şöbəsində də dedim ki, vidieogörüntüdəki mən deyiləm. Göytəpədəki bir dükanın qabağında şagird nə gəzir?! Bunu mənə qarşı kimin etdiyini bilirəm, onlarla da məhkəmə ilə danışacam. Mənə qarşı bu təxribatı edən bir məktəb direktorudur”.

M. Cəfərov video yayılandan sonra adı çəkilən Muğan orta məktəbinin şagirdi Əli Rzayevlə və onun anası ilə görüşdüyünü də nəzərə çatdırıb: "Onlar da təəccübləndilər. Anası da dedi ki, vallah, bizim uşaq orada olmayıb”.

Qeyd edək ki, bu gün Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib. Təhsil şöbəsindən bildirilib ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...