İcra başçısı açılış etdi - FOTOLAR

İcra başçısı açılış etdi -

Daşkəsən rayonunda dekabrın 27-də Quşçu və Bayan kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş təntənəli açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, sakinlər və KİV mənsubları iştirak ediblər.

Daşkəsən rayonunda Yeni il ərəfəsində Quşçu və Bayan kəndlərinə təbii qaz verilməsinin açılış mərasimində Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbiri giriş sözü ilə açaraq, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla tədbir iştirakçılarını təbrik edib, ən xoş istəklərini və arzularını bildirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışına davam edərək qeyd edib ki, bu gün Daşkəsən rayonu üçün böyük əlamətdar hadisə - ucqar, soyuq dağlıq yaşayış məntəqələri olan Quşçu və Bayan kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə rayonumuza göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün rayon əhalisi adından təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.
Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 mart 2018-ci il tarixli 3749 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərinin siyahısında Daşkəsən rayonu üzrə də 4 mindən çox əhalinin yaşadığı Quşçu və Bayan kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdu.
Belə ki, bu sərəncamda göstərilən ciddi məsələnin həlli qısa zaman ərzində “SOCAR”-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən reallaşaraq Prezidentimiz cənab İlham Əliyevin sərəncamının icrası yüksək səviyyədə həyata keçirildi.
Bu gün biz Daşkəsəndə Quşçu və Bayan kəndlərinə ilk dəfə olaraq mavi qazın verilməsinin təntənəli açılışı mərasiminə toplaşmışıq. Hər birimiz yaxşı bilirik ki, sovetlər dövründə belə ucqar dağlıq kəndlərə qazın çəkilməsi məsələsi qeyri-mümkün idi, ancaq arzu və xəyallarda yaşayırdı.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyaları Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilərək məqsədyönlü şəkildə reallaşır. Vaxtilə həyata keçirilməsi şübhə doğuran, əlçatmaz kimi görünən arzularımız, istəklərimiz reallığa çevrilərək, gözlərimiz önündə gerçəkləşir. Bax, budur möhtərəm Prezidentimizin iqtisadi-siyasi sabitliyə, xalqın rifahına sosial xidmət göstərən siyasətinin uğurlu nəticəsi.

Birmənalı olaraq bildirmək istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə ən müasir yollar çəkilib, körpülər inşa olunub, su-kanalizasiya, elektrik, qaz təchizatı sistemləri yenidən quraşdırılır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev fikrinə davam edərək vurğulayıb ki, rayonumuzda da yeni iş yerləri, qızıl zavodu, istehsalat müəssisələri yaradılıb. Rayonumuzda görülən uğurlu işlərin nəticəsidir ki, ermənilərlə həmsərhəddə yerləşən, cəbhə bölgəsində, soyuq iqlim şəraiti, mürəkkəb coğrafi relyefi olan Daşkəsən rayonu özünün sürətli inkişaf dövrünü yaşayır, hazırda sosial problemli məsələlər də öz müsbət həllini tapır, davamlı olaraq rayonda hərtərəfli inkişaf gedir.

Bütün bu görülən işlərə, uğurlu nailiyyətlərə görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Daşkəsəndə qazlaşdırılmanın həyata keçirilməsi nəticəsində 4 mindən çox əhalinin yaşadığı Quşçu və Bayan kəndlərinin sakinləri fasiləsiz təbii qazla təmin olunacaqdır. Eyni zamanda hazırda “SOCAR”-ın “Azəriqaz” İstehsalat Birliyi layihə üzrə rayonun bütün kəndlərinə və qəsəbələrinə tezliklə təbii qaz xətlərinin çəkilməsi proqramını davam etdirəcəkdir. Əminliklə qeyd etmək istəyirəm ki, tezliklə rayonumuzun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin olunacaqdır. Buna görə “SOCAR”-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə və onun bu işlərdə əməyi, zəhməti olan bütün işçilərinə çox sağ olun deyərək təşəkkürümüzü bildiririk.

Ümumilikdə 1028 abonenti olan Quşçu və Bayan kəndlərinə uzunluğu 62641 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bildiyiniz kimi, bu kəndlərin sakinləri öz evlərini əvvəllər əsasən odun yanacağı ilə isidirdilər. Bu da ərazidə olan yaşıllığın, meşə sahələrinin qırılmasına, ekoloji tarazlığın pozulmasına səbəb olurdu. Həm də iqtisadi cəhətdən səmərəli deyildi. Sevinc hissi ilə deyə bilərik ki, qaz xəttinin çəkilməsi ilə bu sahədə uzun müddət yaranan problemli məsələlər də tam müsbət həllini tapacaqdır.

Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda bir daha da tədbir iştirakçılarını Quşçu və Bayan kəndlərinə təbii qazın verilməsi münasibətilə ürəkdən təbrik edərək, daşkəsənlilər adından rayonumuza göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü və minnətdarlığını bildirməklə müstəqil respublikamızın möhkəmləndirilməsi və inkişafı istiqamətində gördükləri işlərində böyük nailiyyətlər, yeni uğurlu qələbələr arzuladı.
Daşkəsən rayonunun Quşçu və Bayan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə təşkil edilmiş təntənəli açılış mərasimində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir regional idarəsinin rəisi Osman Beybudov, Bayan kənd sakinləri adından Məmməd Məmmədov, Quşçu kənd sakinləri adından Aqil Aslanov çıxış ediblər. Çıxış edənlər əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərinin sürəkli alqışları ilə rayonun Quşçu və Bayan kəndlərinə ilk dəfə təbii qaz verilməsinin rəmzi əlaməti olan məşəli alovlandırıb.

Açılış mərasimindən sonra Əhəd Abıyev Quşçu kənd sakini Ələkbərov Məsim Qara oğlunun evində qazın verilməsi ilə tanış olub.

Daşkəsənlilər bu gün daha bir yadda qalan sevincli an yaşadılar. Bayram ərəfəsində 5000 nəfərdən çox əhalinin yaşadığı kəndlərə ilk dəfə olaraq yeni il ərəfəsində təbii qaz verildi.


İcra başçısı açılış etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...