Sahil Babayevdən deputatın tənqidlərinə REAKSİYA: “Peşəkar yanaşma deyil”

Sahil Babayevdən deputatın tənqidlərinə REAKSİYA:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına yararsız mal-qara verilməsi ilə bağlı iradlara cavab verib.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir.

Eyni zamanda mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir: "Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə) təşkil etdiyi müəyyən olunub. Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır.

Bu prosesin vətəndaşın razılığı ilə video çəkilişi də aparılır. Proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər hansı araşdırma aparılmadan, hər hansı əsas olmadan, müvafiq sorğu verilmədən və rəsmi məlumat alınmadan bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur”.

Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında deputat Musa Quliyev deyib ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var: "Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir. Nöqsanlar aradan qaldırılmalıdır. Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.

Deputat Araz Əlizadə isə deyib ki, bu layihədə insanlara yerli heyvanlar verilir, onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər: "Nazirliyin mövqeyi budur ki, "heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki... Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz... İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...