Yanğına görə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika səfərbər edilib

Yanğına görə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika səfərbər edilib

Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat saat 8:12 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Səkkiz dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işimizə mane olub. Artıq 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir.

Gundeminfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə müsahibəsində bildirib.

Qərargah rəisi deyib ki, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanında qeydə alınıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

“Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub-olmaması barədə bizdə məlumat yoxdur. Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemləri yoxdur. Yanğın söndürmək üçün suyu iki kilometr məsafədən gətirirdik. Bu da bizim işimizi çətinləşdirirdi. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq”, - deyə Ə.Novruzov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...