İnam Kərimov: Kənd təsərrüfatı sahəsində artım var

İnam Kərimov: Kənd təsərrüfatı sahəsində artım var

Bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb. Oxu.Az xəbər verir ki, may ayının 17-nə qədər davam edəcək sərgi Kənd təsərrüfatı naziri İnam Kərimovun açılış nitqi ilə start götürüb. İnam Kərimov Azərbaycanda aqrar sektorun sürətlə inkişaf etdiyini deyib:

“Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsində 3,6% artım olub. Bu tendensiya bu ilin sonuna qədər davam edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas məsələ aqrar sahədə innovasiyaların tətbiqidir.

Gördüyünüz kimi, “Caspian Agro” sərgisinə olan diqqət, maraq ildən-ilə artır. Əvvəlki illərlə müqayisədə, bu il sərgiyə qatılan şirkətlərin sayında da artım müşahidə edilir. Bu, özü də çox gözəl nəticədir. Bu sərgi məhz fermerlər üçün kifayət qədər əlverişli mühitin yaradılması deməkdir. Bütün bunlar aqrar sektorda aparılan uğurlu islahatların nəticəsidir”.

Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də, mərkəzin açıq platformasında yerləşir. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə, 10 faiz çoxdur.

Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edirlər.

Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edirlər. Həmçinin, bu il Mərakeş sərgidə ilk dəfə çıxış edir. Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapacaqlar.

Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...