Daşkəsəndə 2019-cu ilin birinci rübü uğurla yekunlaşıb

Daşkəsəndə 2019-cu ilin birinci rübü uğurla yekunlaşıb


Mayın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında “Daşkəsən rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.

Gundeminfo.az xəbər verir ki, yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib:

- Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on altı il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.

2019-cu ilin birinci rübü də əvvəlki illərdə olduğu kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu olmuşdur.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Prezident sarayında, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında birinci rübün sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin birinci rübündə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.

Prezident Möhtərəm cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.

O demişdir:

...”Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
...Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır.

İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

Beləliklə, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.”...
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2019-cu ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.

Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.

Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.

Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Daşkəsən şəhər N. Nərimanov adına 3 saylı, S. Vurğun adına 4 saylı və Qaraqullar kənd tam orta məktəblərində cari təmir işlərinə başlanılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisində son tamamlama işləri yerinə yetirilir.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, 73 nəfər əlavə işçi qüvvəsi verilmişdir. Lakin şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Daşkəsən rayonu üzrə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari qaydada sığorta olunması sahəsində 2018-ci il ərzində 109 sığorta müqaviləsi bağlanmışdır. 2019-cu ilin keçən dövrü ərzində isə 207 sığorta müqaviləsi bağlanmış və həmin sahə üzrə işlər davam etdirilir.
Rayon ərazisində daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
2019-cu ilin yanvar ayında Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 130 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar.
Eyni qayda üzrə cari ilin aprel ayında əlavə 90 nəfər işsiz şəxsin ödənişli ictimai işlərə cəlb olunması nəzərdə tutulmuş, hazırda onlardan 86-sı ilə müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə götürülmüşdür.

Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən I rüb ərzində özünəməşğulluq layihəsinin təlimlərinə 16 nəfər iş axtaran vətəndaş cəlb olunmuşdur.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 316 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.
Birinci rüb ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2019-cu il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 20 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 23-26 mart 2019-cu il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında qeyd etmişdir ki, “Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində.
...Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla, uğurla inkişaf etsin”...
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli, Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 16 tədbir nəzərdə tutulmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.

Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində qeyd etmişdir: ”Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni, bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər... ”

Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2019-cu ilin birinci rübü ərzində 84 baş heyvan süni mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış heyvanlardan 89 baş bala alınmışdır.
Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Rayon ərazisində 5000 arı ailəsi vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılaraq aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuş və həmin arı ailələrinə görə arı sahiblərinə 41410 manat subsidiya verilmişdir.

Daşkəsən rayonu ərazisində 2019-cu il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 18 mart 2019-cu il tarixli 11 nömrəli sərəncam verilmişdir.

Əvvəlki illə müqayisədə bu il Daşkəsən rayonuna məxsus olan lakin qış mövsümü ərzində kənar rayonlarda qışlama keçirən, yaylaq mövsümündə rayona qayıdan yerli sakinlərə məxsus təsərrüfatların rayon ərazisinə buraxılması həmin vətəndaşların yaşadığı inzibati əraziyə uyğun olaraq aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə həvalə olunmuşdur.

Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.

Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir. Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2019-cu ilin fevral ayının 11-dan mayın 11-nə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 23834 nəfər tibbi müayinədən keçmiş, 330 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 489 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 564 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli Fərmanı olmuşdur.
İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBIB-in) tabeliyinə veriləcək xəstəxanalar müəyyənləşdirilmiş, Nazirlər Kabineti Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq olunmuşdur. Həmin siyahıya Daşkəsən Rayon Mərkəzi Xəstəxanası, kənd sahə xəstəxanaları, kənd və qəsəbələr üzrə həkim və tibb məntəqələri daxil edilmişdir. Həmin qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bildiyiniz kimi, 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış və 22 yanvar 2013-cü il tarixdə rayonun mətbu orqanı «Daşkəsən» qəzetində dərc edilmişdir. Bu proqram xarakterli mükəmməl layihə aidiyyəti üzrə nazirliklərə göndərilmiş, müsbət rəylər alınmış, layihənin həyata keçirilməsi üçün hələ 2013-cü ildən müvafiq tapşırıqlar verməklə bu məsələlərin həll olunması işlərinə başlanılmışdır.

2013-cü ildə Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bu proqramla rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının – heyvandarlığın, arıçılığın, kartofçuluğun, toxumçuluğun, həmçinin turizmin inkişafı, yeni inzibati binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli, o cümlədən də Daşkəsən rayonu “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılması əsas götürülərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat sahəsinin müasir texniki avadanlıqlarla təchiz edilərək müasir formada işə salınması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli məsələlər tam öz həllini taparaq Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.

“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və müsabiqə komissiyasının iclasları keçirilmişdir.
Eyni zamanda I rüb ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsi və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətlərini davam etdirmişlər.

Birinci rüb ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsində 432,3 kiloqram qızıl filizləri və konsentratları, 901,8 kiloqram isə digər qiymətli metal filizləri və konsentratları istehsal olunmuşdur.
Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 66100 manatlıq rabitə xidməti göstərilmişdir. Rayonun Zəylik, Qaraqullar, Əhmədli, Yuxarı Daşkəsən, Quşçu, Bayan, Xoşbulaq və Dəstəfur kənd EATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.

“Azərpoçt” MMC-nin Daşkəsən Rayon Poçt Filialı tərəfindən 17643 manatlıq xidmət göstərilmişdir. Elektrik enerjisi, qaz və su haqlarının qəbulu davam etdirilmiş, baratların qəbulu və vaxtında ötürülməsi, poçtun daşınması və çatdırılması təmin edilmişdir.

31 nömrəli Yol İstismarı MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üzrə 248,3 min manatlıq iş görülmüşdür. Görülmüş işlərə baxmayaraq Daşkəsən-Xoşbulaq avtomobil yolunun (Yuxarı Daşkəsən qəsəbə ərazisində) 4-cü kilometrində yerləşən su keçidinin və yolların 2016-cı ildən yaranmış qəzalı vəziyyəti tam aradan qaldırılmamışdır.

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunda işlər davam etdirilir.
Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2019-cu il tarixli Sərəncamı olmuşdur. Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır. Həmin işlər Xocalı Yol İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərin əsaslı təmiri üzrə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
Möhtərəm cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində qeyd etmişdir: “İlin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək. Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz “Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, - o da təqribən 400-500 meqavat gücünə malik stansiya olacaq, - bizim enerji potensialımız daha da artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcəkdir.

Giriş sözümdə qeyd etdim ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.

İçməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq”.

Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.

Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən zədələnmiş Qaratağlar kəndində yeni tikilmiş 160 kVA gücündə 1 ədəd yarımstansiya şəbəkəyə qoşulmuş, 3 ədəd müxtəlif güclü transformator dəyişdirilmiş, 6/0,4 kV-luq 18 ədəd yarımstansiyada təmir işləri aparılmış, 72 ədəd yararsız ağac dayaq metal boru dayaqla əvəz olunmuş, 6 Kv-luq Xoşbulaq hava xəttində 6 ədəd əlavə dayaq basdırılaraq 185 metr zədəli naqil dəyişdirilmiş, transformatorlara 440 kiloqram transformator yağı əlavə olunmuşdur. İstifadə olunmuş elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 3 yarımstansiyada balans sayğacı quraşdırılmış və 1 ədəd yanmış balans sayğacı dəyişdirilmişdir.
Daşkəsən şəhərindəki 5063012, 5060017 saylı və Zağalı kəndindəki 5060054 saylı yarımstansiyalardan çıxan 0,4 kV-luq hava xətti kabel xətti ilə əvəz olunmuş, Daşkəsən şəhərindəki 5060012, 5060016, 5060003 saylı yarımstansiyaların ərazisində və rayonun Əhmədli, Quşçu, Astaf, Şahvələdli, Əmirvar Əhmədli, Tapan, Xoşbulaq kəndlərində və Yuxarı Daşkəsən qəsəbəsində ÖİN kabelin çəkilişi davam etdirilmişdir. Həmin işlərin yerinə yetirilməsi zamanı 41 ədəd ÖİN kabel üçün dayaq basdırılmış, 9940 metr müxtəlif markalı kabel çəkilmişdir.
Rayonun bəzi yaşayış məntəqələrində SİP kabelinin çəkilişi tam başa çatdırılmamış, bir çox yaşayış məntəqələrində isə həmin kabelin çəkilişinə başlanmamışdır.

Hesabat dövründə Daşkəsən Elektrik şəbəkəsinin rəhbərliyi dəyişdirilmişdir.
Yeni təyin olunmuş Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri-balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir. Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 10 yaşayış məntəqəsi təbii qazla təmin olunur.

2019-cu ilin I rübü ərzində rayonun Quşçu kəndində 368, Bayan kəndində isə 395 abonent təbii qazla təmin olunmuş və hazırda həmin işlər davam etdirilir.

Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni qazlaşma işlərinin aparılması üçün layihə sənədləri hazırlanmış, artıq bu ay həmin yaşayış məntəqələrinin qazlaşdırılması işlərinə başlanacaqdır.
Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Sukanal idarəsinin xidmət etdiyi 2098 abonentdən 1903 abonent smart tipli su sayğacı ilə 24 saat içməli su ilə təmin edilir.
Su kanalizasiya sisteminin yenidən qurulması üzrə görülməsi nəzərdə tutulmuş bəzi işlər yerinə yetirilməmiş, o cümlədən Daşkəsən Sukanal idarəsinin inzibati binasının tikintisinə başlanılmamış, təmizləyici qurğunun tikintisi başa çatdırılmamış, binaların, evlərin kanalizasiya xətləri yeni sistemin kanalizasiya xətlərinə birləşdirilməmişdir.
Daşkəsən rayon Sukanal idarəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur.
Hesabat dövründə Daşkəsən rayon Sukanal idarəsinin rəhbərliyi dəyişdirilmişdir.

Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Aprelin 30-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “...Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək.

Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.

Yaşasın müstəqil Azərbaycan!

Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında rayon üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və digərləri çıxışlar etmiş, qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Daşkəsəndə 2019-cu ilin birinci rübü uğurla yekunlaşıb
Daşkəsəndə 2019-cu ilin birinci rübü uğurla yekunlaşıb

Yığıncaqda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edildikdən sonra toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...