Diniyevdən “Neftçi”yə məsləhət: İsrail klubuna barmaqarası baxmaq olmaz

Diniyevdən “Neftçi”yə məsləhət: İsrail klubuna barmaqarası baxmaq olmaz

“Neftçi”nin bu qələbəsinin başında ilk növbədə oyunçuların motivasiyası dayanır. Komanda oyunun əvvəlindən sonadək yüksək istək və əzmkarlıq nümayiş etdirdi.

Bunu Oxu.Az-a AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev bildirib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” dünən Rusiyanın “Arsenal” klubuna üç cavabsız qol vurmaqla növbəti mərhələyə adladı. Ş.Diniyev komandanın mərhələ adlamasında “Neftçi”nin səhvsiz oynamasını vurğulayıb:

“Komandanın müdafiə xətti çox etibarlı oynadı və rəqibə heç bir şans vermədi. Burada tək müdafiəçiləri yox, Stiven Jozef-Monroz, Dario Frederiko və Rauf Əliyev kimi hücumameyilli futbolçuların arxa xəttə kömək etdiyini də qeyd etmək istəyirəm. “Arsenal”ın ilk 15 dəqiqədə göstərdiyi oyunla “Neftçi”nin üzərində təzyiq vardı. Təzyiqə psixoloji cəhətdən dözmələrindən çox məmnun qaldım”.

“Neftçi”nin növbəti rəqibi İsrailin “Bney Yehuda” komandasıdır. Müsahibimiz isə İsrailə yad insan deyil. Ş.Diniyev 1994-1996-cı illərdə Tayibe “Hapoel”i və Təl-Əviv “Makkabi”sində çıxış edib:

“Mən İsraildə oynadığım vaxtlarda “Bney Yehuda” komandası da çempionatda mübarizə aparırdı. O vaxt ortabab klublardan biri idi. Təl-Əviv və Hapoel “Makkabi”ləri, “Hayfa” və bir də Yerusəlim “Beytar”ı o vaxt dominantlıq edən klublar idi. Amma futbol indi dəyişib. “Bney Yehuda”nın hansı formada olduğunu desəm, yalan olar. Onların hazırkı durumundan danışmaq mənə çətindir. Amma ümumilikdə İsrail futbolu İspaniya futboluna yaxındır. Topla oynamağı sevirlər, texnikalı olurlar. Daha çox kombinasiyalı oyuna üstünlük verirlər. Rusiya Premyer Liqasında çıxış edən “Arsenal”ı keçdiksə, “Bney Yehuda”ya barmaqarası baxmaq lazım deyil. Bu komanda “Arsenal”dan fərqli, ölkəsinin kubokunu qazanaraq bu turnirə vəsiqə qazanıb”.

O, “Neftçi”yə “Bney Yehuda” barədə indiki durumu haqqında məlumatı çatdırmaqda kömək edə biləcəyini bildirib:

“Hazırda internet zəmanəsidir. “Neftçi”nin mənə ehtiyacı olacağını düşünmürəm. Hər bir oyuna internetlə baxmaq olur. Amma mənə müraciət edilsə, İsraildə əlaqə saxladığım bir insan var və onun vasitəsilə canla-başla kömək edə bilərəm”.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda” ilə ilk oyununu avqustun 8-də Təl-Əvivdə keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...