“Siçan ilində yatmış dünya oyanacaq” - 2020-nin dəhşətli hadisələrlə başlaması nələrə işarədir?

“Siçan ilində yatmış dünya oyanacaq” -
İctimaiyyət arasında 2020-ci ilin xoş gəlməməsi ilə bağlı fikirlər yayılıb. Bu barədə çoxlu müzakirələr gedir.
General Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasında gərginliyin pik həddə çatması, Avstraliyada şiddətlənən yanğınlar, Tovuzda 10 yaşlı qızın yandırılması və s.


Yeni illə bağlı bədbin fikirlər səsləndirənlər arasında azərbaycanlı məşhurlar da var. Əməkdar artist Lalə Məmmədova son günlər baş verənlərdən bəhs edib. Sənətçi bildirib ki, bu hadisələr onu depressiyaya salıb:

"Pessimist insan deyiləm. Amma... 2020-ci il daxil olandan Avstraliyada yanğınlar, orada məhv olan canlılar, bitkilər...Amerikanın İrana zərbəsi, öz vətənimizdə bir-birinə qoşulub qaçan sevgili qudalar... Sonda da dünən noyabrdan bəri itkin düşən 10 yaşlı Nərminin yanmış meyiti. Cənablar, nə baş verir? Yeni ilin birinci həftəsi... Artıq gerisindən nəsə gözləməyə qorxuram. Əsəblərim dözmür".

Görünür, "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin 2019-cu ilin son ayında insanların ümidlə gözlədiyi yeni il haqqında verdiyi proqnozlar həqiqətə çevrilir.

Bəs yeni il başlayar-başlamaz yaşananların hansını astrologiya ilə əlaqələndirmək olar? Belə dəhşətli hadisələrlə başlayan 2020-ci ildə bizi başqa nələr gözləyir? Hansı fəlakətlər proqnozlaşdırılır?

Mövzu ilə bağlı S. Rəhimli ilə əlaqə saxladıq. Astroloq “Yeni Sabah”a açıqlamasında Siçan ilinin heç də ürəkaçan olmayacağını deyib:

“Mən bu ildə qızın yanacağını və ya konkret baş verəcək hadisələri öncədən bilmirdim, görücü deyiləm. Sadəcə ümumi olaraq demişdim ki, Siçan illəri üçün etnik qarşıdurma, milli münaqişələr aktivləşir, dini qarşıdurmalar xarakterikdir. Biz tarixin xronologiyasına baxırıq, araşdırırq. Baxanda bu illər üçün bu tip hadisələrin xarakterik olduğu görünür. Amma baş verən hər hadisəyə, məsələn yanğına astrologiya ilə cavab verə bilmir ki. Ümumiyyətlə, hələ tam proqnoz verməmişəm. Hər il üçün 25 siyasi proqnoz verirəm, bu il üçün proqnozlarım tam hazır deyil. Bundan sonra mən baş verən yanğının nə vaxta söndürüləcəyini proqnozlaşdıra bilərəm. Bunların hamısını proqnozlaşdırmaq üçün vaxt lazımdır.

Əslində “siçovul ili” hələ yanvarın 25-dən sonra başlayacaq. Bundan qabaq İt ilində olduğu kimi, Qaban ili də sakit illərdən biri kimi yadda qaldı. Ancaq təəssüf ki, Siçan ili haqqında bunları söyləyə bilmirəm. Siçan ilində yatmış dünya oyanacaq. Bu il heç də ürəkaçan il olmayacaq. Dövlət çevrilişləri, sui-qəsdlər, müharibələr daha çox olacaq. Yəni bu, “siçan ili”nin xarakterik xüsusiyyətlərindən biridir”.

O, baş verən qətilləri astrologiya ilə əlaqələndirməyib:

“10 yaşlı qızın yandırılması qətldir. İstəyir yandırılsın, istəyir öldürülsün – bu artıq cinayətdir. Belə cinayətlər hər zaman olub. Ötən il məktəbdə intihar edən Elinanın hadisəsi də bundan az təsirli deyildi. Hər halda belə cinayətlər proqnozlara daxil deyil”.

S.Rəhimli ətraflı proqnozlarını yaxın günlərdə mediaya açıqlayacağını da bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...