Pedaqoji fəaliyyəti qadağan edilən şəxslər müəyyənləşdi - QƏRAR

Pedaqoji fəaliyyəti qadağan edilən şəxslər müəyyənləşdi -

Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. "Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir. Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizikariyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...