Üç bacının qəhrəman qardaşı - Şuşa uğrunda ŞƏHİD OLDU - FOTOLAR

Üç bacının qəhrəman qardaşı -
Vətən müharibəsində minlərlə azərbaycanlı gənc torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşdu, adlarını tarixə yazdırdılar. Onlardan biri də Bilal Xanlar oğlu Qənbərovdur. O, 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbdə təhsil alıb. Bilal əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanıb.


2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Yanvarın 5-də hərbi xidmətdən tərxis olunmuş Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.


Ad günlərində evdə ola bilməyib

Bacısı Aida deyir: “Bilal ötən ilin yanvarında hərbi xidmətdən gəlmişdi. Onun ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, qızı Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Bundan əvvəlki ad günlərini, yəni 25, 26 yaşlarını hərbi hissədə qeyd etdiyi üçün 27 yaşını başqa cür qeyd edəcəkdik. Qərara gəlmişdik ki, tədbiri ailə üzvləri və dostları ilə birlikdə keçirək. Amma bu dəfə də alınmadı, qardaşım sentyabrın 29-da, ad günündə könüllü cəbhəyə getdi. Səbail “hərbi komissarlığı”nda evə gələn zəngdən bildik ki, döyüşlərdə iştirak etmək üçün könüllü yazılıbmış. Həmin günədək bundan xəbərimiz olmayıb. Sonradan bildik ki, iyul ayında Azərbaycan-Ermənistan sərhədində davam edən gərgin atışmalara görə ön cəbhəyə gedib vuruşmaq istəyənlərdən biri olub. Mənim qardaşıma da bu yaraşırdı.

Onu deyə - deyə, gülə - gülə yola saldıq. Bilal yola düşərkən qələbə ilə qayıdacağını bildirdi. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi. Arzusunun da arxasınca getdi.

Qardaşım bu dəfə də ad gününü bizimlə deyil, Vətən uğrunda vüdmətdə qarşıladı”.

Üç bacının qəhrəman qardaşı -


“Mən ölməyə deyil, öldürməyə gedirəm”



Vətən müharibəsi ərəfəsində Bilal Qənbərov əvvəlcə Ağcəbədidə yerləşən N saylı hərbi hissədə təlimlərə qatılıb. Anası Gültəkin xanım ilə telefonla danışanda tezliklə döyüşlərdə iştirak etmək üçün ön cəbhəyə göndəriləcəyini bildirib:

“Cəbhədə ağır döyüşlər gedir. Yaxın günlərdə bizi də ön cəbhəyə aparacaqlar, döyüşlərdə iştirak etmək üçün hazırıq. Boyunbağım belə hazırdır. Onun içərisində ad və soyadım var. Müharibədir, əgər şəhid olsam onun köməyi ilə kimliyimi müəyyən etmək mümkün olacaq. Amma mən ölməyi deyil, öldürməyi, qələbə ilə sağ-salamat qayıtmağı düşünürəm”.


Bilal Qənbərov və onunla birlikdə təlimlərdə iştirak edən əsgər yoldaşları oktyabrın 3-də ön cəbhəyə göndərilib. O, əvvəlcə Cəbrayıl rayonunun kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulması və onların döyüş fəaliyyətinin qarşısının alınması nəticəsində rayonun bir çox yaşayış məntəqəsi işğaldan azad edilir. Bu döyüşlərdə Bilal dəfələrlə təhlükə ilə qarşılaşdı, ölüm bir addımlığında oldu, sağ qalmağı bacardı.


Bacısı Aida deyir: “Bizimlə tez-tez telefonla danışırdı. Harda olduğunu deməzdi, üstüörtülü danışardı. Bilal hərbi xidmətdə sürücü olmuşdu, fikirləşirdik ki, yəqin sürücü kimi əsgərlərimizə sursat və ərzaq daşıyır. O, açıq deməsə də bildirirdi ki, hansı əmr verilsə, bir əsgər kimi verilən döyüş tapşırığını yerinə yetirir. Onda anladım ki, sürücü deyil”.

Üç bacının qəhrəman qardaşı -



“Düşməni qazdığı “çuxurlardan” sıxışdırıb çıxarırıq”

Bilal Cəbrayıl şəhərinin də işğaldan azad olunmasında iştirak edib. Şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonunun bir neçə kəndi işğaldan azad olundu. Bu, çox böyük strateji və əhəmiyyətli əməliyyat idi. Cəbrayıl döyüşü faktiki olaraq düşmənin ən böyük məğlubiyyəti, Ermənistanda daxili siyasətə ciddi təsir edən hərbi əmliyyat oldu. Düşmən texnika, silah-sursat və canlı qüvvə sarıdan böyük itkilər verdi. Külli miqdarda yararlı tank, işlənməmiş silah-sursat Azərbaycan ordusunun əlinə keçdi. O döyüşdən sonra Bilal ailəsinə zəng edəndə deyib:


“ Burada ağır döyüşlər gedir. Düşməni qazdığı “çuxurlardan” sıxışdırıb çıxarırıq, həm texnika, həm də canlı qüvvə itkiləri çoxdur. Hər şey yaxşıdır, bir az yorğunam, məndən narahat olmayın. Nazlıya yaxşı baxın, onun üçün darıxıram”.

- Qırıq-qırıq danışığından başa düşdüm ki, ağır döyüşdən çıxıb və həyacanlıdır, - bacısı Aida o günləri xatırlayır.

“Dözmədim - Bacın sənə qurban! Özünü qoru, sənə kontur göndərək, tez-tez zəng et ki, səndən məlumatımız olsun,- dedim.

Cavabında – bizə ancaq dualarınız lazımdır,- söylədi.

Telefonda bir anlıq pauza yarandı, qorxdum ki, nəsə olub, bədənimdən soyuq tər axırdı. Həyacanlı idim, bəlkə yaralanıb,-bir anlığa düşündüm. Yaranmış pauza mənə bir il kimi gəldi. Xəttin o biri tərəfində qardaşımın səsini eşidəndə rahatlandım. Dedi:

“Bu döyüşdən sağ çıxdım, artıq mənə ölüm yoxdur. Düşmənin qoyub qaçdığı səngərdə möhkəmləndirmə işlərini təzə başa çatdırıb dincəlirdik ki, Ermənistan Silahlı Qüvvələri bizi səngərdən çıxarmaq və onu yenidən ələ keçirmək üçün mövqeyimizi top və minaatanlarla atəşə tutdu. Sonra düşmən piyadaları zirehli texnikanın köməyilə hücuma keçdi. Lakin istədiklərinə nail ola bilmədilər, itki verərək geri çəkilməli oldular. Yolboyu vurulmuş çoxsayda erməni texnikası, məhv edilmiş və çürüməkdə olan əsgərlərinin meyitləri qalıb. Bu, başqasının torpağını işğal edənlərin aqibətidir, başqa cür də ola bilməz””.


Bilal Qənbərov Cəbrayıl şəhəri azad edildikdən sonra Füzuli iştiqamətində həyata keçirilən əməliyyatlarda iştirak edib. Ailə üzvləri onun yerininin dəyişdirilməsini halallaşmasından biliblər.

“- Hər şeyə hazır olun,- deyirdi. Dəqiq bilirəm ki, oktyabrın 7-də Füzuliyə yola düşüb. Çünki SMS-də yazmışdı ki, mamaya heç nə demə, gördüklərim, eşitdiklərim dəhşətdir”,- bacısı deyir.



3 günlük itkin



Bilal sonradan Hadrurt istiqamətində döyüşlərdə də iştirak edib. Buradakı düşmən istehkamları Azərbaycan ordusunun hücumunun qarşısını ala bilmədi. Artıq oktyabrın 9-da Hadrut qəsəbəsi işğaldan azad edilmişdi. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin Fizuli və Cəbrayıl istiqamətində yerləşən hərbi hissələrinin həm idarəedilməsi, həm də təchizatı pozuldu. Çünki idarəetmə Hadrutdan həyata keçirilirdi.


Bilal Hadrut azad olduqdan bir gün sonra ailəsi ilə danışıb.

“Oktyabrın 10-da onunla danışa bildik. Səsi çox yaxşı gəlirdi, sevinirdi. Düşməni necə məhv elədiklərindən bəhs edirdi. Oktyabrın 11-də səhər tezdən də danışdıq, “mən yaxşıyam”,- dedi, sağollaşdı. Ondan sonra Bilaldan 4 gün xəbər çıxmadı. Həmin vaxt məhəlləmizə 2 şəhid gətirildi. Biz fikirləşirdik ki, yəqin Bilala da nəsə olub. Qardaşım bir də oktyabrın 15-də evlə əlaqə saxladı. Hadrutda olduğunu dedi. O, 3 gün itkin düşübmüş. Başına gələnləri telefonda danışa bilmədi. Ancaq onu dedi ki, SMS yazmayın, telefonun ekranı işləmir. Məhəlləmizin şəhidlərdən də xəbəri var idi”,- bacısı deyir.


Bilal Qənbərov Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə də savaşdı, oktyabrın 17-də Füzulini düşməndən azad etdilər.


Bilalın qazi dostu Əlşad (Elşad) deyir: “Füzuli şəhəri uğrunda gedən döyüşlərə qədər birlikdə olduq. Aramızda iki Bilal var idi. Qənbərov Bilalı saç rənginə görə "Sarı" ləqəbi ilə çağırırdıq. O, çox zarafatcıl, tez ünsiyyət qura bilən pozitiv, mərhəmətli bir dost idi. Müharibə şəraitində yaşadığımız çətinliklərə baxmayaraq, öz zarafatlarından qalmırdı və komandanın əhvalını yüksəldirdi. Həmişə qızından danışırdı. İlk gündən etibarən bir yerdə olsaq da, Füzulidə yollarımız ayrıldı. Çünki mən yaralandım və yoldaşlarımdan xəbərsiz ayrı düşdüm. Sonradan eşitdim ki, Füzuli şəhərinin azad olunmasında iştirak edib”.



Ağır Şuşa döyüşü

Qarşıda Şuşa şəhərinin azad edilməsi kimi çox şərəfli döyüş əməliyyatının həyata keçirilməsi dururdu. Oktyabrın 18-də Bilal atası Xanlar kişi ilə danışıb və Şuşa istiqamətində vuruşacağını söyləyib.

“Hadrutda olanda bizimlə rahat danışırdı. Oktyabrın 23, 28, 30, 31-də də telefon danışıqlarımz oldu. Həmin vaxtlar Əbdül və İsmayıl adlı döyüş yoldaşlarının telefonlarından istifadə edirdi. Özünün telefonuna yağış suyu düşdüyündən işləmirdi. Səsi o qədər yaxşı idi ki, biz artıq Bilalın sağ qayıdacağına əmin idik, buna bizdə inan yaranmışdı. Prezidentimizin çıxışları ilə maraqlanırdı. İlham.Əliyevin ifadələrinin onları ruhlandırdığını deyirdi.

Qardaşım uşaq vaxtından gəzməyi, səyahət etməyi çox xoşlayırdı. Qarabağin təbiəti onu valeh etmişdi.

–Qarabağ cənnətdir, onun kimi gözəl mənzərəsi olan, məni doğma Arıxlım kimi özünə cəlb edən ikinci bir yer yoxdur. İnşallah siz də gələrsiniz, mənim haqlı olduğumu öz gözlərinizlə görərsiniz,-deyirdi.

Mən isə “inşallah, sağ-salamat qayıdarsan, bizi özün Qarabağa səyahətə apararsan” dedim. Amma Bilal mənə “apararam”, demədi”,- bacısı Tamilə Qənbərova deyir.


Şuşaya gedən yol çox təhlükəli idi. Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Bilalgil beş gün Şuşa istiqamətində piyada hərəkət etməli oldu, yarğanları, meşələri və dağları keçdilər. İlk dəstələr Şuşa istiqamətindəki strateji yüksəkliklərdə, kəndlərdə möhkəmləndilər. Azərbaycan ordusunun ön dəstələrinin sıralarında Bilal Qənbərov da vardı.

“Hasdrut-Şuşa yolunu piyada getdik. Dəfələrlə düşmən tərəfi bizi minaatalarla atəşə tutdular, yaralanan və şəhid olanlarımız oldu, ruhdan düşmədik, yolumuza davam etdik. Döyüşdük, Şüşə istiqamətində kəndlərimizi azad etdik. Evlərə girəndə düşmənin bizdən necə qoruxduğunun şahidi olurduq. Onlar döyüşmək bir yana, qorxularından addım səslərimizi eşidib qaçırdılar”,- Bilal telefonla atası ilə danışanda deyib.


Sohra piyadalarımıza artilleriya dəstəyi vermək məqsədi ilə Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açılıb. Mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çeviriblər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı kəndi ətrafına çəkə bilib. Elə burada da yeni artilleriya dueli başlayıb. Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırıb.


Bacısı Tamila Qənbərova: “Sonuncu dəfə oktyabrın 31-də danışdıq. Tələm - tələsik danışırdı, sanki harasa tələsirdi. Şəhadətə tələsirdi özü bilmədən, mədəniyyətimizun mərkəzi, müqəddəs şəhərimiz Şuşanın düşməndən azad olunması uğrunda döyüşə tələsirdi. Bu məqsəd üçün seçilmişlərdən biri idi, mənim qardaşım. Son cümləsi bu oldu:

– Bilmək olmaz, bu, son danışığımız da ola bilər. Risk edib mamamla danışa bilmirəm. Geri dönməyə bilərəm, hər şeyə hazır olun! Qızım Nazlı sizə əmanət, ondan müğayət olun! Ordumuza dua edin, çünki bizi dualarınız qoruyur.
Həmin gün də heç qorxmadıq. Bizdə onun sağ-salamat qayıdacağına inam vardı. Bilal artıq noyabrin 2-də ağır döyüşdə iştirak etdi. Həmin gün əsgər yoldaşlarından biri yaralandı. O, həyatını təhlükə altına atıb yoldaşını təhlükə zonasından çıxarıb sakit bir yerə aparıb və təxliyə olunmasına kömək edib”.


“Sağ qalmağıma görə ona borucluyam”

Əsgər yoldaşı İsmayıl: “Hadrutdan Şuşayədək döyüşlərdə birlikdə vuruşduq. Biz üç dost idik. Yediyimiz, içdiyimiz hər bir şeyi üç yerə bölürdük. Həmişə qızı haqqında danışırdı. Yaşadığımız ünvanları bir – birimizə demişdik ki, müharibədən sonra da əlaqə saxlayaq. Noyabrın 2-də mən qəlpə yarası aldım. Bilal və Əbdül məni xəstəxanaya yola saldılar. Sağ qalmağımda Bilalın böyük rolu var. Əgər o, məni vaxtında döyüş meydanından çıxarmasa idi, çox qan itirəcək, həlak olacaqdım. Sağ qalmağıma görə ona borucluyam”.

Bilal yaralı əsgər vasitəsilə ailəsinə xəbər göndərib. Bu barədə anası danışır: “Oğlum ağır döyüşlərdə iştirak edirdi, neçə gün idi ki, ondan məlumat ala bilmirdik, çox narahat idim. Hər gün isə narahatlığım artırdı. Qonşum bizə gəldi və Bilaldan xəbər gətirdiyini bildirdi. Onun qohumu Bilalın olduğu cəbhə bölgəsində xidmət edirdi, bundan Bilalın da xəbəri vardı. Sonradan bildim ki, oğlum yaralı əsgər vasitəsilə ona sağ-salamat olduğu barədə xəbər göndərib:

– Ata-anama desin ki, sağ-salamatam, narahat olmasınlar. Zəng etməmişəm, birdən elə bilərlər ki, mənə nəsə olub. Mən yuxardayam, telefon orada tutmur. Qızıma yaxşı baxsınlar”.




Noyabrın 3-də Bilal döyüşdə ağır yaralanır



Bilal sanki şəhid olacağını bilirdi. Noyabrıən 3-də bu barədə döyüş dostlarına da söyləyir:

–Məndə qəribə bir hiss var. Ürəyimə damıb ki, bu gün şəhid olacağam.

Və həmin gün döyüşdə ağır yaralanır. Döyüş yoldaşı İbrahim Abdullayev bu barədə deyir:

“Ermənistan Silahlı Qüvvələri Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirməyimizə mane olmağa çalışır, mövqelərimiz atəşə tuturdu. Noyabrın 3-də bölüyümüz səngərdən dərəyə düşərkən düşmən top və minaatanları bizim olduğumuz ərazini atəş altında saxladı, snayperlər də fəallıq göstərirdi. Bilal əvvəlcə qolundan snayper atəşi ilə yaralandı. Minaatanın mərmisinin yaxınlıqda partlaması nəticəsində ayağından da qəlpə yarası aldı. Qızğın döyüşlər getdiyindən Bilalı vaxtında təxliyə etmək mümkün olmadı. Ona ilkin yardım göstərilsə də, çox qan itirdi. Biz onu ancaq axşamüstü dərədən çıxara bildik. 4 nəfərlə yaralını dağdan düşürdük, tibb məntəqəsinə çatdırmaq üçün 12 km yol getdik. Yola çıxanda “Pikap” maşını gəldi və Bilalı ona mindirdik. Bir az getmişdik ki, qarşıdan sanitar maşınının gəldiyini gördük, sürücüyə işarə edib saxlatdıq. Köməkləşib yaralını sanitar maşınına qoyduq. O, məndən su istədi. Suyun yaralı üçün təhlükəli olduğunu, qanaxmanı artırdığını bildiyimdən özümü eşitməzliyə vurdum. Yol boyu gedə-gedə Bilalı danışdırırdım ki, huşunu itirməsin. Çünki çox qan itirmişdi, əsas təhlükə ondan ibarət idi ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması ürək fəaliyyətini pisləşdirirdi. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayır və yaralı huşunu itirir. Ona yemək və maye vermək də olmazdı. Bunlar ölümlə nəticələnə bilərdi. Tez-tez təsəlli verirdim.

– Yaxşı olacaqsan. Allaha şükür, təhlükəli heç nə yoxdur, səni sanitar maşınına çatıra bildik, -deyirdim.

Təsəlli verir, inandırmağa çalışırdım ki, həyatı üçün təhlükə yoxdur. Yenə məndən su istədi, sonra dedi ki, siqaret yandır, çəkim. Qutudan bir siqaret götürüb onun üçün yandırdım. Bir-iki qulab vurdu, üzünü mənə çevrib dedi:

– Mənə su ver, ürəyim yanır! Onsuz da ölürəm, sonra peşman olma.

Dözə bilmədim, qapaqda su verdim, içdi. Daha bir siqaret yandırdım, axırıncı dəfə çəkdi. Bilalın Nazlı adlı qızı var. Fikirləşdim ki, onun adını çəkim, bəlkə əhvalı düzələ. Dedim:

– Müharibədən evimizə sağ - salamat qayıdacağıq. Nazlının xeyir işində də iştirak edəcəyik, hər şey yaxşı olacaq.

Mənə diqqətlə baxıb – ürəyimə damıb ki, Nazlını bir daha görməyəcəm! Gözəl balam!,-dedi".



“Son sözləri hər dəfə yadıma düşəndə çox pis oluram”



Döyüş yoldaşı İbrahim Abdullayev: “Xəstəxanaya çatdırılanda artıq Bilalın vəziyyəti çox ağır idi. Rəngi solmuş, nəfəsi zəifləmişdi.

Çox ağır hislərlə geri qayıtdım və bir gün sonra Şuşa uğrunda döyüşdə yaralandım. Noyabrın 4-də döyüşlər Şuşa yaxınlığında davam etdirdi. Bizim qüvvələr Şuşa– Laçın yolununun bir hissəsinin nəzarətini ələ keçirmişdi. Düşmən əks-hücuma keçib yolu açmağa çalışırdı. Mən də bu döyüşdə yaralandım. Hospitalda eşitdim ki, Bilal şəhid olub.

Şəhid yoldaşımın son sözləri bu gün də qulağımda səslənir. Hər dəfə yadıma düşəndə çox pis oluram.

Yanında döyüş yoldaşın ağır yaralanır, onu çiynində daşıyırsan, min bir əziyyətlə tibb məntəqəsinə çatdırırsan, sonra da eşidirsən ki, səninlə ən ağır döyüşlərdə iştirak edən, axırıncı çörəyini bölüşdüyün, dost dediyin silah qardaşın şəhid olub - bunu qəbul etmək asan deyil. Hələ mənim üçün heç asan deyil, yadıma düşdükcə qüssə, kədər qəlbimi sıxır.

Bilalın ən böyük arzusu Şuşaya bayraq sancmaq və evinə qələbə ilə qayıtmaq idi. Amma Bilal Şuşanın azad olunmasını görmədi. Noyabrın 3-də Şuşa uğrunda döyüşdə şəhid oldu”.




“Ən böyük qorxusu düşmən tərəfdə yaralı qalmaq idi”



“Qardaşımın ən böyük qorxusu düşmən tərəfdə yaralı qalmaq, əsir götürülməklə bağlı idi. Biləndə ki, onu döyüş meydanından əsgərlərimiz çıxarır, sevinib, rahatlıq tapıb. Bilaldan qalan yeganə nişanələr isə 4 yaşlı qızı Nazlı və bir də dostlarının bizə təqdim etdiyi bayraqdır”, - şəhidin bacısı deyir.

Onun sözlərinə görə, döyüş yoldaşları Şuşaya sancılan, üzərinə Şuşa torpağı və şəhid qanları hopmuş bayrağı gətirərək Bilalın ailəsinə təqdim edib.

“Tərxis olunduqdan sonra dostu Fərid və bir neçə döyüş yoldaşı Bilalın son arzusunu həyata keçirdilər. Şuşaya sancılan bayrağı evimizə, Bilal üçün ayrılmış guşəyə təqdim etdilər.

Qardaşımın döyüş ruhu yüksək idi, heç fikirləşmədən torpaq uğrunda, Vətəni və bayrağı uğrunda canından keçdi, Sağ olsun silahdaşları, Şuşanı düşməndən azad etdilər”.

***

Bilal Qəmbərov Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Bilal Qənbərov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...