Polislər bələdiyyə sədri ilə kobud davranıb? - AÇIQLAMA

Polislər bələdiyyə sədri ilə kobud davranıb? -

Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyevin onunla kobud davranışı və qanunsuz olaraq xuliqanlıqda ittiham etməsi iddiası ilə daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

O bildirib ki, Gəgəli Bələdiyyəsinin qərarına əsasən, “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı MMC”nin yaradılması məqsədilə MMC-yə direktor təyin edilmiş Şəhid leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevlə aidiyyəti sənədləşmələri yerinə yetirmək üçün Şamaxı və Ağsu şəhərlərinə səfər edib:

“Ağsu şəhərində olarkən unutqanlıqdan maşından çıxarkən qoruyucu tibbi maskanı çox az müddətdə taxmadan açıq havada hərəkət eləmişəm. Yanımda olan qohumum mənə maskanı taxmadığımı xatırladıb. Mən maşından 20-25 metr aralanmışdım və ondan maskanı götürmək üçün maşını açmasını xahiş etdim, maşına doğru hərəkət elədim.

Bu 3-5 dəqiqəlik müddətdə bizi izləyən polis əməkdaşı Şıxəliyev Zəka kənardan səslədi, yanına gəlməsini tələb elədi. Mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi. Mən də bunun fərqində olduğumu, unutduğumu və maşından onu götürməyə getdiyimi dedim. Mənə artıq gec olduğunu və protokol tərtib olunmalı olduğunu bildirdi. Mən də yerində protokol tərtib edilməsini bildirdim.

Polis əməkdaşı yerində protokol tərtib etmək hüququnun olmadığını, protokolun ancaq və ancaq polis idarəsində tərtib oluna biləcəyini bildirdi. Zəka Şıxəliyev polis rəisinin müavini Vüsal Əliyevə zəng elədi və məsələni məruzə etdi.

Vüsal Əliyev Zəka Şıxəliyevə “təcili onu bölməyə gətirin” əmri verdi. Bu məqamda mənimlə olan şəhid atası Pərviz Quliyev və qohumum Həzi Həsənov maskamı mənə gətirdilər və Zəka Şıxəliyevdən dəfələrlə xahiş etdilər ki, protokolu yazsın, gedək. Bizə məhəl qoyulmadı. Polis maşını gəldi və mən heç bir etiraz etmədən maşına özüm oturdum. Məni polis idarəsinə gətirdilər. Telefonumu aldılar və mənə magistr dissertasiyaları ilə bağlı tələbələrimin hesabatına qoşula bilməyəcəyimi deməyə imkan vermədilər.

Bu məqamda qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq ifadələr işlətdi. Mən unutduğumu, səhvimi tez anladığımı və polisin iradından əvvəl maşından maskamı götürməyə getdiyimi dedim. Mən də polis rəisinin müavini Vüsal Əliyevin özünə irad tutdum ki, sizinlə məsafəmiz bir metrdən azdır və mən maskalı, siz maskasızsınız.

Sizin haqqınızda kim protokol tərtib edəcək? Vüsal Əliyev əsəbiləşdi və həbs edilməyimi əmr etdi. Məni ikinci mərtəbəyə gətirdilər, qarşıma çıxan bütün polis əməkdaşları maskasız idi. Mən də hamısına bir müəllim və ziyalı kimi irad tutdum. Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O otağına əsəbi halda girir, çıxır, qapını çırpır, 510 və 535.1-ci maddələrin əlavə olunmasını tələb edirdi. Doğrusu bu maddələrin nə anlama gəldiyini heç bilmirdim. Protokola imza atmağımı istədilər, oxudum. Xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım”.

O əlavə edib ki, haqqında sənədləri toplanıb və Ağsu şəhəri məhkəməsinə göndərilib:

“Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi və 535.1 maddəsi ilə 200 (iki yüz) manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm. Bildirmək istəyirəm ki, tabeliyinizdə olan polis işçiləri mənə böhtan atıblar”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Fariz Xəlillinin sosial şəbəkə hesabında polisin ona qarşı qanunsuz tələblər irəli sürməsi barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Mayın 24-də ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Fariz Xəlilli tibbi maskadan istifadə etmədiyi üçün qanunvericiliyin tələbləri ona izah edilib, barəsində protokol tərtib olunacağı bildirilib.

Buna baxmayaraq, F. Xəlilli polisin qanuni tələbinə məhəl qoymayıb. Bu səbəbdən həmin şəxs Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...