Azərbaycanda TƏHLÜKƏLİ SİQARETLƏR – Tütün bazarında qiymətlərini kim diqtə edir?

Azərbaycanda TƏHLÜKƏLİ SİQARETLƏR –

Azərbaycanda siqaretin və digər tütün məhsullarının qiyməti mütəmadi olaraq artır. Köşkdən və ya marketdən siqaret alan istehlakçı bir gün sonra fərqli mənzərə ilə qarşılaşır. Amma ölkədə istehsal və idxal olunan tütün məmulatlarının statistikasına baxsaq, bunun hansı ehtiyacdan yarandığı bəlli olmur. Çünki tütün istehsalında ilbəil artımın şahidi oluruq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 200.7 milyon ədəd papiros və siqaret istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 dəfə çoxdur.

İdxala gəlincə, bu ilin yanvar-may aylarında ölkəmizə 41,3 milon dolar dəyərində tütün və tütün məmulatları gətirilib. Bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən ilin beş ayında Azərbaycana 32,4 milyon dollar dəyərində idxal olub.

Həm istehsal, həm də idxal olunan siqaretlərin artımı bazarda təklifi çoxaltmaqla əslində qiymətləri stabilləşdirməli və ya azaltmalı idi. Amma əksinə tendensiya baş verir. Bunun səbəbi nədir? Azərbaycanda siqaret istehsalı hansı vəziyyətdədir? İstehsalı genişləndirməyə ehtiyac varmı?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycanda tütün istehsalı geniş yayılmayıb:

“Sovetlər Birliyi dağılandan sonra bu sahə məhv edilmişdi, amma sonradan bərpa edildi, hazırda məhdud şəkildə tütün istehsal olunur”.

İqtisadçı deyir ki, ölkəmizdə siqaret qiymətlərinin artımı ilə tütün istehsalı arasında o qədər də bağlılıq yoxdur:

“Çünki müasir siqaret istehsalçıları tütündən çox məhdud şəkildə istifadə edirlər, onlar əsasən süni materiallara üstünlük verilir. İndiki siqaretlərin tərkibində bəlkə də 20 faiz tütün yoxdur”.

Azərbaycanda siqaret istehsalına gəlincə, Akif Nəsirli deyir ki, ölkəmizdə bu sahə ilə əssasən transmilli siqaret kampaniyalarının törəmə şirkətləri məşğul olur:

“Bu şirkətlərdə qiymətlər mərkəzdən, yəni ana şirkət tərəfindən idarə olunur. Azərbaycan isə aksiz vergisi tətbiq etməklə bundan gəlir əldə edir”.

Yerli sahibkarlar tərəfindən siqaret istehsalının genişləndirilməsi perespektivlərinə gəlincə, iqtisadçı deyir ki, bu istehlakçılar üçün də xeyirli olar:

“Heç olmasa təbii nekotindən istifadə olunar. İdxal məhsullarının tərkibində tütündən daha ziyanlı maddələr olur. Amma yerli istehsalçıların beynəlxalq transmilli korporasiyaların qoyduğu qiymətlərlə rəqabət aparması çətindir. Yəni həmin korporasiyaların tətbiq etdiyi texnologiyalar ilə Azərbaycanda istehsala başlamaq istəyənlərin texnologiyaları arasında böyük fərq olacağından yerli şirkətlər üçün istehsal daha baha başa gələcək. Ona görə də sahibkarlar siqaret istehsal etməkdən çəkinirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...