"Tıxaclara görə yerli sakinlərdən üzr istəyirik" - "Formula 1" rəsmisi

"Tıxaclara görə yerli sakinlərdən üzr istəyirik" -
"Azərbaycan Qran-prisi üçün tribunaların tikintisi başlayıb. Bütün yerli azarkeşləri yarışlarda iştiraka dəvət edirik".

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlamasında deyib.

O, builki yarışın "asfalt cəngavərləri" adlandığını söyləyib: "Bildiyiniz kimi cəngavərlər həmişə mübarizə aparırlar. Azərbaycan da həmişə mübarizə aparan ölkələrdən biridir. Bu il Azərbaycandakı yarışın əsrarəngiz olduğunu bütün dünyaya göstərmək istəyirik".

Butçer ötən həftədən beton bloklarının quraşdırılmasına başladıqlarını söyləyib: "Bundan əlavə, təhlükəsizlik hasarlarının quraşdırılması işlərinə start verilib. Bu işlərlə bağlı yollarda müəyyən tıxaclar əmələ gələ bilər. Buna görə yerli sakinlərdən üzr istəyirik. Amma yarış üçün tikinti işlərini aparmalıyıq".

BŞH rəsmisi tikinti ilə bağlı çətinliklərinin olmadığını vurğulayıb: "Sadəcə, planlaşdırma işləri var. Bunları yerli orqanlarla danışmalı və razılaşdırmalıyıq. Yarış vaxtı Bakı şəhərində digər beynəlxalq tədbirlər də keçirilir. Yarışın yüksək səviyyədə təşkili üçün planlaşdırmanı da bu şəkildə aparırıq. Azərbaycan Qran-prisi şəhər yarışı olduğu üçün tikinti işləri yarışadək bitməyəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam olaraq istifadəyə veriləcək".

Butçer Azərbaycan Qran-prisi üçün 10 tribuna zonasının olduğunu diqqətə çatdırıb: "Burada 16 minə yaxın azarkeş tutumu planlaşdırılıb. Bu, əvvəlki illərdən fərqlənmir. Sevindirici xəbər ondan ibarətdir ki, tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın digər Qran-prilərlərlə birlikdə adının çəkilməsini və yadda qalan yarış olmasını istəyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...