“Gör yazıq nə gündədir, serialın paltarını geyinir” – Azər Axşam

“Gör yazıq nə gündədir, serialın paltarını geyinir” –


Teleaparıcı, aktyor Azər Axşamın Yenisabah.az-a müsahibəsi:

– 2 ilə yaxındır davam edən pandemiyanı necə keçirirsiz? İşinizə mane olmur?

- Karantinin sərt günlərində dövlətin tələb etdiyi bütün qaydalara əməl etdik. Yalnız televiziya işçisi olduğumuz üçün icazə kağızı ilə işə gedib-gəlirdik. Yəni ancaq çəkiliş olanda evi tərk edirdim.

- Bəs yeni mövsüm üçün hansı planlarınız var?

– Yeni mövsümdə “Qız atası” serialının çəkilişləri davam edəcək. ATV kanalı ilə bağlı hansı yeni layihələrin olacağı dəqiq bilinmir, biz də gözləyirik. Çünki yeni mövsüm oktyabrın 4-dən başlamalıdır. Hansı layihənin olacağına tam qərar verilməyib. Amma yeni layihələr gözlənilir.

- Son günlərdə teatrların bağlı qalıb-qalmaması mövzusunda müzakirələr gedir. Bu barədə siz nə düşünürsünüz?

- Bu qalmaqaldan xəbərim var, aktyorları da başa düşürəm, səhnə üçün darıxıblar, fəaliyyət göstərmək istəyirlər. Məncə, qaydalara riayət etmək şərtilə teatrların açılmasına icazə verilə bilər. Restoranlara, “Mall”lara gedəndə insanlar yoxlanıldığı kimi, teatrlara da giriş zamanı da yoxlana bilərlər. Hətta maska ilə, ara məsafəsi gözləməklə də tamaşaları izləmək olar.

- Siz aktyor kimi həm də seriallara çəkilirsiniz, amma ölkəmizdə seriallardan narazılıq edənlər çoxdur. Sizcə, seriallarımızın keyfiyyəti niyə aşağıdır?

- Əfsus ki, Azərbaycanda serial sahəsində xarici ölkələrin praktikasına hələ gəlib çatmamışıq. Təkliflər çox az olur. Demək olar ki, yoxdur. Təklif olanda da qonorarı, iş prosesi o qədər üst-üstə düşmür ki, razılaşmaq olmur. Mənə də dəfələrlə təklif olunub, zəng ediblər, hətta dramatik rollarda çəkilməyimi istəyiblər, razılaşmamışam.

- Niyə?

- Çəkiliş əziyyəti ilə alacağım qonorar tərs mütənasib olub. Alacağım qonorar əziyyətə dəymir. Bu gün aktyorların çoxu fəaliyyətsiz qalıblar deyə seriallarda oynamağa razılıq verirlər. Çünki oynamaq istəyirlər, içlərində yığılıb qalan sənət ehtirasını öldürməlidirlər, ona görə məcburiyyətdən çəkilirlər. Hələ ki belə durumda deyiləm. Amma yaxşı olardı ki, təkcə mənim yox, bütün aktyorlar üçün təkliflər yüksək səviyyədə olsun. Bu ən çox arzuladığım məsələdir, kaş istədiyimiz məbləği alaq, serialda öz geyimimizlə çəkilməyək. Təəssüf ki, bu, sistematik deyil. Aktyor öz paltarında rola çəkilir, sonra da həmin paltarda çıxıb şəhərdə gəzir. Tamaşaçı da bunu görür, elə bilir çəkiliş meydançasından oğurlamışıq. Gəl indi sübut et ki, öz paltarımdır. Tamaşaçı düşünür ki, gör yazıq nə gündədir, serialın paltarlarını geyinir.

– Yəni mahiyyətdə madiyyat durur...

- Əlbəttə, aktyorun geyimi-keçimi adına layiq olmalıdır. Elə pul verirlər ki, sözlə deyiləsi deyil. O gün tamaşaçılardan biri soruşur ki: “Niyə seriallarımız türk serialları kimi deyil?” Deyirəm, həmin seriallara nə qədər pul ayrıldığını bilirsinizmi? Azərbaycanda seriala normal maliyyə ayıracaq şirkət yoxdur. Xalq artistinə çəkiliş üçün gündəlik maksimum 70-80 manat yazırlar. Belə baxanda çox görünə bilər, amma nəzərə alınmalıdır ki, həftədə 2 dəfə çəkiliş olur. Çəkiliş müddəti də 12 saat, hətta daha artıq. Buna görə əksər seriallara çəkilməkdən imtina edirəm. Adam nə qədər sənət üçün çalışar?! Aktyorun da evi-eşiyi var, yaşamalıdır...

- Son vaxtlar bəzi telekanallarda aparıcılarında nitq qüsurları müşahidə olunur. Siz həm də aparıcı kimi tanınırsız.

- Aparıcılıq başqa şeydir, diktorluq başqa, jurnalistika başqa. Bu gün bunların hamısı bir-birinə qarışıb. Məmməd Əhmədin işini görür, Əhməd də Məmmədin. Kimi dindirsən deyir, hə, hər şey bacararam, onu da, bunu da edərəm. Bunun təqsiri televiziyaların özündədir. Peşəkarlar azdır. Xəbərlər departamentinin öz, şou sahəsinin isə öz peşəkar rəhbəri olmalıdır. Dəfələrlə olub ki, verilişimə gələn qonaqlar məndən jurnalist kimi söz açıblar, halbuki jurnalist deyiləm.

Mən şoumenəm, özümə aparıcı deyilməyinin də əleyhinəyəm. Ola bilər aparıcılıq qabiliyyətim var, amma əvvəl-axır şoumenəm. Həmişə çalışmışam atımın belində olum, büdrəməyim.

İnanın telekanala elə özündənrazı cavanlar gəlir ki. Adam fikirləşir ki, bu özgüvən məndə olsaydı, dağları aşardım. Amma elə ki efirə çıxırlar, ağızlarından qatıq tökülür. Heç kimin xətrinə dəyməsin, bu adamlar sadəcə özlərini birtəhər kanallara soxuşdurublar. 23 ildir televiziyadayam, şəxsən mən bunu etməyə qorxardım.

–Azərbaycan teleməkanında məşhurların teleaparıcılıq etməsi ənənəsi də var...

– Populyarlıq efirə çıxmaq üçün yetərli deyil. Aparıcılıq üçün xüsusi qabiliyyət lazımdır. Bu gün elə düşünürlər ki, bloqeri efirə çıxarsam, yaxşı olar, çünki sosial şəbəkələrdə milyonlarla izləyicisi var. Blogerə efir verirlər ki, gəl veriliş apar. Bunu reytinq xətrinə edirlər, amma bu, reytinqi aşağı salır. Bəziləri düşünür ki, aparıcı olmaq üçün savad deyil, populyarlıq kifayətdir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...