“Hərbi əməliyyatlar hər an başlaya bilər”

“Hərbi əməliyyatlar hər an başlaya bilər”

"Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən alovlanacağından ehtiyat edir”.

Bunu Qaynarinfo-ya bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında keçiriləcək görüşü şərh edərkən politoloq Əlimusa İbrahimov deyib. Ekspert bildirib ki, hərbi əməliyyatlar hər an başlaya bilər:

"Son dövrlər Bakı ilə İrəvan arasında aparılan danışıqlar dalana dirənib. Nə Moskvanın, nə də Vaşinqtonun irəli sürdüyü sülh müqaviləsi planı həyata keçmir. Ermənistan hansı planı rəhbər tutacağını bilmir. Soçi görüşündə Azərbaycan Prezidenti bildirdi ki, Dağlıq Qarabağ məsələsi artıq gündəlikdə deyil. Ona görə də bütün plan və proqramlar bu məsələnin ortalığa gəlməməsi fonunda mümkündür.

Moskva istəyirdi ki, yenidən status məsələsini gündəmə gətirsin. Təbii ki, Azərbaycan bunu qəbul edə bilməzdi və etmədi. Ona görə də Rusiyanın planı işləmədi. Qərbin təklif etdiyi plan isə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirdi. Lakin Ermənistan Fransanın dəstəyilə hələ də onu qəbul etmir. Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə birmənalı şəkildə əsas müzakirə mövzusu Bakı ilə İrəvan arasında münaqişə məsələsi olacaq. Baxmayaraq ki, nisbi atəşkəs rejimidir, amma hərbi əməliyyatlar hər an başlaya bilər. Az qala hər gün atəşkəs pozulur. Fikrimcə, Rusiya belə vəziyyətdə münaqişənin yenidən alovlanacağından ehtiyat edir. Çünki növbəti münaqişə Ermənistanın tamamilə Rusiyadan uzaqlaşmasına gətirib çıxara bilər. Rusiya belə vəziyyətdə Ermənistana onun istədiyi yardımı edə bilməyəcək. Bu isə öz növbəsində İrəvanın Moskvadan uzaqlaşmasına növbəti bir stimul verəcək. Moskvanı da bu narahat edir. Xarici işlər nazirlərinin görüşü fonunda Rusiya həmçinin gündəlikdə olan planını təzyiq yolu ilə Azərbaycana qəbul etdirməyə çalışacaq. Amma təbii ki, bu mümkün olmayacaq. Lavrov-Bayramov görüşündən ciddi nəticələr gözləmirəm".

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovu qəbul edəcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...