Məktəblərdə dərslər saat 7-də başlayır? - Məsələ ciddiləşir

Məktəblərdə dərslər saat 7-də başlayır? -
Təhsil eksperti Kamran Əsədovun məktəblərdə dərslərin yaz aylarında səhər saat 07:00-da keçirilməsi ilə bağlı irəli sürdüyü təklif müzakirələrə səbəb olub. Əksər valideyn və müəllimlər bu ideyaya etiraz edib və onu qeyri-mümükün adlandırıb.

Yenisabah.az-a danışan “Valideyn-Müəllim Assosiasiyası”nın (VMA) rəhbəri Şahin Rəcəboğlu dərslərin 7-də başlamasından daha çox dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 31-də bitməsinin tərəfdarı olduğunu qeyd edib:

“Mənə elə gəlir ki, dərslərin elə səhər 8-də başlanması normaldır. Sadəcə olaraq dərs ilinin başlaması tarixinin dəyişməsinə böyük ehtiyac var.

May ayında tədris ilinin bitməsi və sentyabrın 1-də başlanması məsələsində valideynlərin fikri yekdildir. Bütün valideynlər və müəllimlərin bir qismi bununla razıdır. Çünki dərslərin 15 sentyabrda başlaması və iyun ayında da davam etməsi müəyyən problem yaradır. Saatın dəyişdirilməsinə isə ciddi ehtiyac yoxdur. Uşaqlar onsuz da çox yüklənir, dərs proqramları onları çox yorur, axşam da gec yatırlar. Bədən özünə gəlməlidir, ona görə hesab edirəm ki, 7-də dərslərin başlamasına ehtiyac yoxdur”.

Ş. Rəcəboğlunun sözlərinə görə, iyunda tədris ilinin davam etməsi düzgün deyil, çünki şagirdlərin istirahət haqqı var:

“Dərslərin sentyabrın 1-dən başlanılması qərarının dəqiq qəbul edilib-edilməyəcəyini deyə bilmərəm, lakin bu, ciddi şəkildə kütlənin arzusudur. Minlərlə valideyn buna görə “Valideyn-Müəllim Assosiasiyası”na müraciət edir. Əksəriyyət bu fikirlə razıdır.

İstər havalarla bağlı olaraq, istərsə də uşaqlara görə bu qərar yerinə düşəcək. Hər dəfə tədris ili başlayanda da, bitəndə də bu problem gündəmə gəlir. İmtahanlar verilir, sonra uşaqlar yenə məktəbə gedirlər, onların bir qismi bu ərəfələrdə heç dərsə gəlmirlər. Üstəgəl, yay ayları çox isti olur, müəllimlər, şagirdlər çox əziyyət çəkirlər. Şagirdlərin dincəlmək üçün zamanları olmalıdır.

İstəyirik ki, dərslərin vaxtını bir az da artıraq, uşaqları yükləyək. Düşünürük ki, dərs proqramını artırmaqla şagirdlərin qavrama qabiliyyəti daha da rahat olacaq, amma digər tərəfdən görürük ki, tətil vaxtının azaldılması mənfi təsir edir.

Düşünmürəm ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda tətbiq etməliyik. Spesifikanı, əhalinin ictimai baxışını nəzərə almalıyıq. Ona görə də mənə elə gəlir ki, sentyabrın 1-i hamı üçün əlverişli vaxtdır, hər kəs uzun illər buna uyğunlaşmışdı və indi də asanlıqla uyğunlaşa bilər.

Uşaqların istirahət vaxtını əlindən almamalıyıq. Onlar asudə vaxtlarını daha səmərəli istifadə etməli, valideynləri, müəllimləri ilə yay düşərgələrində, müxtəlif istirahət məkanlarında dincəlməlidirlər. Onların da buna haqqı var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...